Günahsız insan qanı tökməyə ibadət kimi yanaşan, öz dinlərindən olmayanlara yaşamaq hüququ verməyən və İslam coğrafiyasında durmadan qan axıdan fitnənin yayılmasına səbəb olan qatı ixtilaflığın kökündəki problemlərdən biri təkfir etməkdir: təkfir etmək bir şəxsi, yaxud qrupu “dindən çıxıb İslamı tərk etdin” şəklində ittiham etməkdir. Təkfirçi kimi təbir edilən xurafatçı qruplar qənaətləri gəldikdə insanların qətlini vacib elan edirlər. Lakin Allah Quranda bir kimsənin müsəlmanlığını qəbul etməmək haqqını şəxslərə vermir. Bir şəxs imandan sonra inkar etsə belə, onun cəzası Allah qatındadır:
İxtilafa düşdüyünüz şeylər barəsində hökm vermək ancaq Allaha aiddir. (Şura surəsi, 10)
Hökm yalnız Allahındır. O, əmr etmişdir ki, yalnız Ona ibadət edəsiniz. Doğru din budur, lakin insanların çoxu bilmir. (Yusif surəsi, 40)
Dövrümüzdə bir qisim sünni qrupların şiələri, şiə qrupların da sünniləri təkfir edib biri-birinə nifrət etdiklərinin, bərabər namaz qılmadıqlarının, hətta bir-birini öldürdüklərinin şahidi oluruq. İslam dininə sonradan əlavə edilən təkfir məntiqinin Quranda heç bir şəkildə yeri yoxdur. Müsəlmanlar arasındakı bu fitnə “firqeyi-naciyə”dən (nicat tapmış firqə) bəhs edən hədisə əsaslandırılır. Bir çox rəvayətdə yer alan və Quranda qətiyyən əsası olmayan bu hədisin ən çox istifadə edilən şəkli belədir:
“Ümmətim 73 firqəyə ayrılacaq. Onlardan biri xaric, hamısı cəhənnəmlikdir; o biri də mənim və səhabələrimin yolu ilə gedənlərdir”.
Bu məntiq fərqli rəvayətlərdə müxtəlif formalarda mövcuddur. Məsələn Tirmizidə “biri xaric, digərləri cəhənnəmə girər” ifadəsi yoxdur. Hakimdə isə bu hədis “ümmətim yetmiş iki qüsurlu firqəyə ayrılacaq, ən böyüyü öz keflərinə iş görər; halalı haram, haramı halal edər” kimi qısa şəkildə rəvayət edilmişdir. (Müstədrək, 4/430)
İslam dünyasının bölünüb parçalanması Quranı kafi görməyən, xürafə və uydurma hədislərlə İslama fərqli görünüş verməyə çalışan zehniyyətin məhsuludur. Peyğəmbərimizin dövründəki kimi Quran müsəlmanı olmağın yerinə özlərinə görə halal və haramlar çıxaran və yalnız öz şərhlərinin ən doğru olduğuna inanan xurafatçı çevrələr İslamı özlərindən fərqli yaşayan müsəlmanların imanlarının əsassız olduğuna hökm verirlər. Halbuki Allah belə bir düşüncəni Quranda qadağan etmişdir:
Ey iman gətirənlər! Allah yolunda çıxdığınız zaman diqqətli olun! Sizə müsəlman olduğunu bildirən bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahlanaraq: “Sən mömin deyilsən!” -deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. (Nisa surəsi, 94)
Hədislərə nəzər yetirdikdə Peyğəmbərimizin də müsəlmanları bir-birini küfrdə günahlandırmasını qadağan etdiyi görünür:
“Kim bir insanı kafir deyə çağırarsa, yaxud elə olmadığı halda: “Ey Allahın düşməni”, -deyərsə, o söz özünə qayıdar”. (Səhihi-Müslim)
“Möminə lənət etmək onu öldürmək kimidir. Bir mömini küfrdə günahlandıran onu öldürmüş kimi olar”. (Səhihi-Buxari)
“Bizim kimi namaz qılan, qibləmizə dönən və kəsdiyimizi yeyən kəs Allahın və Rəsulunun təminatını əldə etmişdir. O halda, (belələrini öldürmək surəti ilə) Allahın verdiyi təminat və əhdi pozmayın”. (Səhihi-Buxari)
“Bir şəxs (müsəlman) qardaşına: “Ey kafir”, -deyə xitab edərsə, ikisindən biri bu sözü üzərinə almış olar. Əgər dediyi kimidirsə, küfr onda qalar, deyilsə, söyləyənə dönər”. (Səhihi-Buxari)
“Bir kimsə müsəlman qardaşını təkfir edərsə, (təkfir edilən və ya edəndən) birinin üzərinə dönər”. (Əl-Müsnəd)
Peyğəmbərimizin dövründə möminlərin arasında münafiqlər, qəlbinə iman yerləşməyənlər və fasiqlər də olmuşdur. Allah Quranda Peyğəmbərimizin hökmünə razı olmayan, anormal hərəkətlərə yol verən, hətta gizlin şəkildə dinsiz olan şəxslərdən bəhs etmişdir. Lakin Peyğəmbərimiz təbliğə davam edib hər kəsin imanını ayırd etmədən gücləndirməyə çalışmışdır. Onları küfrlə ittiham etməmişdir. Heç kim başqasının imanı ilə bağlı hökm və ya bununla bağlı cəza verə bilməz.
Allah müsəlmanların ayrılığa düşməsinin və ya çəkişməsinin axirətdə qarşılığının olacağını bildirir:
Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allaha aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir. (Ənam surəsi, 159)
Quranda müsəlmanların birlik olması, qardaş kimi yaşaması, dağılıb ayrılmaması, dost olub çəkişməməsi əmr edilir:
Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir. (Ənfal surəsi, 46)
Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. (Ali-İmran surəsi, 105)
Müsəlmanların birləşməyinə kömək etməyib bölücülük və nifrət yaradanlar və ya bir-birinin dindən çıxmasına fətva verənlər bir qisim müsəlmanları şiddətə təşviq edirlər. Məzhəb imamlarına əsaslanıb müsəlmanlara qarşı cihad elan edənlər xətaya düşürlər və bunun hesabını axirətdə verə bilməyəcəklər. Allah Quranda müsəlmanların arasını düzəltməyi belə əmr edir:
Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin. (Hücurat surəsi, 10)