Quranda savaşın mənasını bu şəkildə gördükdən sonra radikallar tərəfindən istismar edilən və İslam əleyhdarları tərəfindən də İslamı tənqid məqsədilə istifadə olunan ayələri nəzərdən keçirək:
Bəqərə surəsi 191:
(Müşriklərə) harada rast gəlsəniz, öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Onlar sizinlə Məscidül-haramın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir.
Bu ayə müsəlmanların ağır təzyiq və şiddətə məruz qalmağının və Məkkədən çıxarılıb Mədinəyə hicrətə məcbur edilməyinin ardınca endirilən ayədir. Yuxarıda bildirdiyimiz şərtlər təşəkkül etmiş, müşriklərin zülm və hücumlarına qarşı müsəlmanlar özlərini müdafiə əmri almışdılar. Zülmə davam edən, gözəl sözdən anlamayan və sülhü qəbul etməyən bu topluluğa onların üsulu ilə cavab vermək söz mövzusu olmuşdur. Fəqət ayədə Qurandakı savaş hüququna dair xatırlatma da yer alır: onlar sizinlə Məscidül-haramın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Göründüyü kimi, savaşmağın tək şərti qarşı tərəfin hücumudur. Onlar hücum edib savaşmadıqca müşriklərə qarşı vuruşmaq qətiyyən halal deyildir.
Bu ayənin mənasını dəyişdirməyə çalışan radikalların və İslam əleyhdarlarının ayədəki həmin hökmü görməzlikdən gəlməyi çox şübhəlidir. Ayə açıq şəkildə müsəlmanlara yalnız özlərini qoruma azadlığı verir. Dolayısilə, bu ayənin hökmü savaş və hücum deyil.
Ayədə başqa bir xüsus isə belə bildirilmişdir: fitnə qətldən daha pisdir. Topluluqları qızışdırmaq, nifrəti yaymaq, terroru körükləyib düşmən kütlələri yaratmaq fitnədir və ayənin ifadəsinə görə, fitnə adam öldürməkdən də betərdir. Odur ki, müsəlmanlara hücum edənlər fitnə çıxaran topluluqlardır. Onların bu hücumuna qarşı müsəlmanlar təbii olaraq özlərini müdafiə edirlər.
Hazırda xurafatçıların ağızdan-ağıza dolaşan məlumatlara və ya xurafatlara inanmaqla topluluqları, dinləri və ya ölkələri fitnəkar elan etməsi və buna Quran ayələrini dəlil gətirməsi böyük xətadır. Fitnə müsəlmanları bölmək, onları müxtəlif yollarla zərərə və günaha sürükləmək, bu minvalla üsyanlara zəmin hazırlamaq, müsəlmanlara qarşı feili və sözlü hücumlar təşkil etmək və s. kimi təxribatçı əməllərdir. Dolayısilə, bir insana fitnəkar demək üçün həmin şəxs bu əməllərin bir və ya bir neçəsinə əməl etməlidir. Hazırda fitnəkar damğası vurub musəviləri və ya İsraili günahlandırmağa çalışanlar qəti olaraq bu ayəyə müxalif çıxırlar.
Qurana görə, musəviləri və İsraili bütöv olaraq fitnəkar adlandırmaq haramdır. Hər dindən və ya ölkədən fitnə çıxaranlar ola bilər. Məsələn, ərəb və ya azərilərdən hər kim fitnə çıxararsa, buna görə bütün ərəbləri və azəriləri fitnəkar adlandırmaq olmaz. Eyni şəkildə, bu musəvi və israillilərə də aiddir. Qurana görə, müsəlman musəvinin evində yemək yeyə bilər, onunla dostluq edə, hətta evlənə bilər. Belə bir vəziyyətdə müsəlman heç bir şərt qoşmadan musəvini fitnəkar adlandıra bilməz. Bunu iddia edənlərin əvvəldə də vurğuladığımız kimi, Qurandan heç xəbəri yoxdur və onlar musəvilərlə bağlı uydurma hədislərə inanan cahil insanlardır. Həmin hədislər barədə növbəti səhifələrdə bəhs edəcəyik.
Nisa surəsi, 89-91:
Onlar özləri küfr etdikləri kimi, sizin də küfr edib (onlarla) eyni olmanızı istəyərlər. Onlar Allah yolunda hicrət etməyincə onlardan (özünüzə) dost tutmayın. Əgər üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan nə bir dost, nə də bir köməkçi tutun.
Ancaq sizinlə aralarında müqavilə olan bir camaata qoşulanlar, ya da sizinlə və ya öz camaatı ilə vuruşacaqlarından köksləri sıxıldığı üçün sizin yanınıza gələn kimsələr istisnadır. Əgər Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı (vuruşmanıza) yol verməz.
Siz bir başqalarına da rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyərlər. Onlar hər dəfə fitnəyə qaytarıldıqda gözüyumulu ona qoşularlar. Əgər onlar sizdən aralanıb geri çəkilməsələr, sizə sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onlara harada rast gəlsəniz, tutub öldürün. Biz onlara qarşı sizə açıq-aydın dəlil verdik.
Yuxarıdakı ayələrdə münafiqlərdən bəhs olunur. Münafiq özünə müsəlman deyən, onların arasında yaşayan, lakin həqiqətdə Allaha və İslama düşmənçilik edib müsəlmanları arxadan vurmağa çalışan şəxsdir. Allah münafiqlərin cəhənnəmin ən alt təbəqəsində olacağını bildirir və onları alçaldır. Anlaşıldığı kimi, münafiq ikiüzlülüyü səbəbi ilə nə inkarçılara, nə də müşriklərə bənzəyən çox təhlükəli və alçaq insan modelidir.
Müsəlmanları yarı yolda buraxan və onların özləri kimi inkara sürüklənməyini istəyən və buna cəhd edən münafiqlərlə dostluq etmək “Nisa” surəsinin 89-cu ayəsində qadağan edilmişdir. Onlara qarşı savaşın məşru olduğu, yəni “əgər üz çevirsələr” ifadəsindən anladığımız durum münafiqlərin artıq müsəlmanlara hücumudur. Bunu sonra gələn ayədə görmək mümkündür. 90-cı ayədə “Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr” ifadəsində bildirildiyi kimi, hücum etməyən topluluğun əleyhinə yol yoxdur. Açıq-aydındır ki, öldürülməyə izin verilən topluluq müsəlmanlara qarşı döyüşən topluluqdur. Buradan müsəlmanlara hücum vaxtı özlərini müdafiə haqqı verildiyi açıq-aşkar başa düşülür.
Bununla yanaşı, “Nisa” surəsinin 90-cı ayəsi Quranın adil, şəfqətli və daima sülhü qoruyan üslubunun başqa göstəricisidir. Ayədə o zamana qədər müsəlmanları hiylə ilə arxadan vurub xainlik etmələrinə baxmayaraq, münafiqlərin bir qisminin toxunulmaz olduğu bildirilir: “Ancaq sizinlə aralarında müqavilə olan bir camaata qoşulanlar, ya da sizinlə və ya öz camaatı ilə vuruşacaqlarından köksləri sıxıldığı üçün sizin yanınıza gələn kimsələr istisnadır”. Eyni ayədə “əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı (vuruşmanıza) yol verməz” ifadəsi ilə onların toxunulmazlığı təkrar xatırladılmışdır. Bu isə əsl ədalətdir.
Necə ki, 91-ci ayədə eyni şərtlərə görə təsviri verilən durum vardır. Həmin mühitdə peşman olduğunu və savaş istəmədiyini deyən münafiqlərin bir qismi yenə fitnə çıxarıb müsəlmanlara qarşı vuruşmağa başlamışdılar. Bu durumda Qurandakı savaş hökmü xatırladılır və onların hücum etmədiyi müddətcə onların toxunulmaz olduğu bildirilir.
Ayədə Ühüd döyüşündə baş verən xüsusi durumdan və həmin əsnada döyüşdən üz döndərən münafiqlərdən bəhs edildiyini xatırlatmaq lazımdır.
Tövbə surəsi, 5:
Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, öldürün, onları əsir tutun, onları mühasirəyə alın və onlara hər yerdə pusqu qurun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Çünki Allah bağışlayandır, rəhmlidir.
Bu ayədə təşəkkül edən şərtləri bilmək üçün surəni başdan oxumaq lazımdır. O zaman hamısının deyil, yalnız müsəlmanlara qarşı vəhşilik edən və ardınca haram aylarda savaşmamaq üçün özləri ilə müqavilə bağlanan müşriklərin hücuma layiq olduğunu başa düşərik. Burada o müşriklərdən bəhs edilir ki, onlar müsəlmanlarla müqavilə bağlamışdılar və tam əmin idilər ki, müsəlmanlar haram aylarda silaha əl atmayacaq. Buna baxmayaraq, həmin müşriklər qəflətən hücum etməklə müsəlmanları vəhşicəsinə qətlə yetirməyə çalışmışdılar. Belə ki, bu şərtlərdə yuxarıdakı ayədə müsəlmanlara özlərini müdafiə etmək haqqı verilmişdir. Ayədən göründüyü kimi, müşriklər haram aylarda hücumu davam etdirsələr də, müsəlmanlar Allahın hökmünə əsasən, həmin aylarda vuruşmayıb səbir etmiş və haram aylardan sonra müdafiə olunmağa başlamışdılar. Müdafiədə isə istifadə olunan üsullar göz qabağındadır: həbs etmək, mühasirəyə almaq və bütün keçid nöqtələrinin tutulması. Beynəlxalq hüquqa əsaslanan müharibələrdə birinci şərt mühasirəyə almaq və həbs etməkdir. Mühasirə üçün keçid yerləri tutulur və beləliklə, qarşı tərəfin irəliləməsi əngəllənir. Dolayısilə, ayədə beynəlxalq hüququn haqlı gördüyü üsuldan bəhs edilir. Aradakı yeganə fərq müsəlmanların hücum etməməyi və onlara qarşı təşkil edilən hücumları dəf etməyə çalışmasıdır.
Eyni ayədə bildirilir ki, hücumdan imtina edib tövbə edənlərlə döyüşmək olmaz. Onlara azadlıq verilir.
Həmin ayədən sonrakı ayədə isə Quranın gerçək sevgi və qoruyuculuq ruhunu anladan önəmli açıqlama ilə qarşılaşırıq. Həmin bu ayə İslam əleyhdarlarının bu mövzuda müsəlmanlara qarşı bütün iddialarını ortadan qaldırır:
Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar bilməyən bir camaatdır. (Tövbə surəsi, 6)
Bu ayə ilə müsəlmanlara onlara sığınıb yardım diləyən müşrikə lazım gəldikdə öz canını təhlükəyə atıb kömək etmələri nəsihət olunur. Belə ki, ayəyə əsasən, müsəlman müşrikləri qorumaq üçün özünü sipər edir. Başqa sözlə, müsəlman Allahı inkar edən şəxsin canını qorumaq üçün öz həyatını riskə atıb onu güvənliyə çıxarmaqla vəzifəlidir. Bu, Quranın hökmüdür. Qurana görə, heç kəs Allaha inanmadığı üçün öldürülmür, əksinə, müsəlmanların canı bahasına da olsa qorunur. Dolayısilə, savaşa qarşı tərəfin Allaha inanıb-inanması deyil, hücum edib işgəncələrə əl atması və qətlə yol verməsi əsas verir.
Ayədə işarə edilən başqa həqiqət isə odur ki, hər bir insan hücum edib şiddətə əl atmadığı müddətcə müsəlmanlar tərəfindən qorunmalıdır. Müsəlman öz dindaşını qoruduğu kimi, kitab əhlini, hətta ateist və kommunisti də qorumalıdır. Bu, müsəlman olmağın Qurandakı tərifi və şərtidir. Hər kim özünə müsəlman deyirsə, qoruyucu olmaq məcburiyyətindədir.
Tövbə surəsi, 13:
Məgər siz andlarını pozan, Peyğəmbəri qovmaq fikrində olan, özləri də sizinlə (döyüşü) birinci başlayan bir camaatla vuruşmayacaqsınız? Məgər onlardan qorxursunuz? Əgər möminsinizsə, daha çox Allahdan qorxmalısınız.
Quranda savaş hökmündən bəhs edən ayələrdən biri də budur. Müsəlmanlarla sülh müqaviləsi bağlayan müşriklər müqavilənin şərtlərini pozub hücuma keçsələr, Peyğəmbərimizi (səv) yaşadığı yerdən sürgün etməyə cəhd göstərsələr və ayədə də bildirildiyi kimi, savaşı ilk başlatsalar, müsəlmanlar onlara qarşı döyüşmək haqqı qazanır.
Maidə surəsi 33:
Allaha və Onun Elçisinə qarşı müharibə edənlərin və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası ancaq öldürülmək və ya çarmıxa çəkilmək, ya əl və ayaqlarını çarpazvarı kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.
Savaşla əlaqədar ayələrdən sitat gətirdiyimiz mövzu bu ayədə də diqqəti cəlb edir. Burada hücum ediləcək topluluğun xüsusiyyətləri təfsilatı ilə verilmişdir: Allaha və Elçisinə qarşı birbaşa savaş elan etmələri və yer üzündə təxribat törətmələri. Göründüyü kimi, bu adamlar yalnız müsəlmanlara qarşı savaşmır, eyni zamanda, bütün yer üzündə fitnə çıxarırlar. Yəni ayədə bütün dünyada problem çıxaran, hamının təxribatçı kimi tanıdığı sapqın və davakar topluluqdan bəhs edilir.
Əməli baxımdan müsəlmanlara savaş elan edən topluluğa qarşı döyüşdə -bütün döyüşlərdə olduğu kimi- məcbur qaldıqda öldürmək kimi onları olduğu yerdən sürgün etmək də əl atılan üsullardandır. Digər ifadə ilə desək, Quran ayələrinə görə, müsəlmanlara adi halda haram edilən şeylərə (qətl və sürgün etməyə) yalnız döyüşlərdə əsaslı olmaq şərti ilə izin verilmişdir.
Ənfal surəsi, 57:
Əgər döyüşdə onları yaxalasan, onları cəzalandırmaqla arxalarında olan kimsələri də dağıt ki, bəlkə, ibrət alsınlar.
Bu ayəni də yenə yuxarıda ətraflı şəkildə açıqlayıb əsaslandırdığımız məntiqlə dəyərləndirmək lazımdır. Peyğəmbərimizə bir qisim ayələrin nazil edildiyi Mədinə dövrünün gərgin döyüşlərə səhnə olduğunu unutmaq olmaz. Bu döyüşlər yalnız “Onlar ancaq: “Rəbbimiz Allahdır”, -dediklərinə görə haqsız yerə yurdlarından çıxarıldılar” (Həcc surəsi, 40) ayəsində bildirildiyi kimi, müsəlmanlara edilən haqsız zülmlərin nəticəsində meydana gəlmişdir. Yenə də xatırladacağımız kimi, “Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, Allah sizə onlara qarşı (vuruşmanıza) yol verməz” ayəsinə uyğun şəkildə qarşı tərəf savaşa son verdikdə müsəlmanlar da buna son verməlidirlər.
“Ənfal” surəsinin 57-ci ayəsindən bir neçə ayə əvvələ baxsaq, yenə o dövrdə müsəlmanlarla müqavilə bağlanan topluluqdan bəhs edildiyini görərik. Müdafiəyə izin verən bütün Quran ayələrində açıqladığımız kimi, bu topluluğun da müqavilə şərtlərini pozub hücuma keçdiyi vurğulanır.
Ardıcıl hücumlar edən, söz dinləməyən və müqavilə şərtlərini müntəzəm pozaraq fitnə çıxaran topluluğa qarşı yayındırıcı güc nümayiş etdirmək əhəmiyyətlidir. Çünki bu vəziyyətdə fitnəni alışqanlığa çevirən həmin topluluqlar artıq buna güc yetirməzlər və hücuma hazırlaşan başqa müşriklər də buna cəsarət etməzlər. Bu, hər bağlanan müqaviləni pozaraq savaşa başlayan topluluğa qarşı önəmli taktikadır və həm də sonrakı savaşları önləyici tədbirdir. Dünyanın, demək olar ki, hər ölkəsinin qanunlarında və beynəlxalq hüquqda bütün cəzaların yayındırıcı olmasına əhəmiyyət verilir. Məqsəd cinayətin eyni şəxs və ya digər şəxslər tərəfindən işlənməsinin qarşısını almaqdır. Beynəlxalq hüquq normalarına görə, bu tədbiri əsas alanların bunu İslamın əleyhinə dəyərləndirməyə çalışması onların haqq və ədalət tərəfdarı olmadığını göstərir.
Muhəmməd surəsi, 4:
(Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək (kafirlərlə belə rəftar edin). Bax belə! Əgər Allah istəsəydi, onlardan intiqam alardı. Lakin O, sizi biri-birinizlə sınağa çəkmək üçün (belə etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz.
Başqa ayələrdə olduğu kimi, bu ayədə də savaş mühiti diqqət çəkir. Müqavilə pozulmuş, müşriklər hücuma keçmiş və buna cavab verməkdən başqa çıxış yolu qalmamışdır. Bu ayədə açıqlanan beynəlxalq savaş hüququdur. Üstəlik, beynəlxalq savaş hüququnda tətbiq olunmayan şey burada var və döyüşdən sonra əsirlər sərbəst buraxılır. Halbuki Əfqanıstana edilən müdaxilə bitsə də, əsirlər hələ də Quantanamoda saxlanılır və BMT, NATO kimi təşkilatlar buna normal yanaşırlar. Odur ki, Quran bu haqsızlığı ədalətli görmür. İslama görə, savaşın başa çatması üçün əsirlər mütləq azad edilməlidir. Ayələrdə bildirilən savaşların o dövrdəki şərtlərə görə müdafiə məqsədli olduğu və yalnız hücuma keçən təxribatçı müşrik və münafiqlərə qarşı edildiyi açıq-aşkardır. Ayələrin mənası dəyişdirilməklə radikalların nifrət və qəzəb siyasətləri üçün istifadə edilməsinin əsas səbəbi yüzlərlə saxta hədisin İslama əlavə edilməsi və bir çox təfsirçilərin yanlış şərhləridir. Halbuki Quran İslama sonradan əlavə edilən saxta hədis və xürafələrdən kənar şəkildə, aydın fikirlə oxunmalıdır. Dövrün savaş mühitinə görə dəyərləndirdikdə ayələrin mənası çox aydındır.