Dünyadakı terror aktlarını İslam adından həyata keçirdiyini deyən və İslamı vəhşilik dini göstərənlərin yanlış şərh etdiyi iki əsas anlayış vardır: şəriət və cihad
Allah “Yusif” surəsinin 111-ci ayəsində Quranın hər şeyi müfəssəl açıqladığını bildirmiş, lakin uydurma hədisləri özlərinə rəhbər edən radikal zehniyyət Quranı qətiyyən yetərli görməmişdir. Odur ki, həmin zehniyyəti daşıyanlar bu səbəbdən dolayı tarix boyu bir qisim Quran hökmlərinin yetərli olmadığını (Quranı tənzih edirik) və açıqlanmasının gərəkdiyini iddia etmişlər. Beləliklə də Quranın ancaq hədislər yolu ilə anlaşılacağını ortaya atmışlar.
Hədislər Peyğəmbərimizin (səv) sözləri olaraq bu günə qədər gələn izahlardır. Bir qismi səhih, yəni gerçək söz və əməllər olmaqla yanaşı, bir qismi də zamanla uydurulmuşdur. Bir qisminin isə zamanla mənası dəyişdirilmişdir. Bir hədisin həqiqətən Peyğəmbərimizin (səv) sözü olduğunu anlamağın iki yolu var: Qurana uyğun olması və gerçəkləşməsi. Qurana zidd olan sözün Peyğəmbərimizə (səv) aid olduğunu iddia etmək tamamilə cəfəngiyatdır. Çünki Peyğəmbərimiz yalnız Qurana tabe olmuşdur.
Quranın ancaq hədislərlə anlaşıldığı məntiqi İslam dünyasına daima böyük zərərlər vermişdir. Çünki bu məntiqlə düşünən bir qisim müsəlmanlar uydurma hədislərə inanmağa başlamışlar. Hətta bir müddət sonra Quranı kənara qoyub yalnız həmin uydurma hədisləri dinin qaynağına çevirmişlər. Uydurma hədislər Quran ayələrinə zidd düşəndə isə bəziləri bu hədislərin Quran ayələrini nəsh etdiyini (ayələrin hökmünü qaldırdığını) deməyə cürət belə etmişlər. Yüzlərlə fərqli hədisdən qaynaqlanan fərqli dinlər ortaya çıxmış və İslam dini üzrə bir-birinə çoxlu mövzuda zidd olan ayrı məzhəblər ortaya çıxmışdır. Məzhəb alimləri isə özlərinə müsəlman demiş, lakin hamısı fərqli fikri müdafiə etmişlər. Hətta biri-birinin dindən çıxdığını düşünmüşlər.
İslam aləminin düşdüyü bu vəziyyəti Peyğəmbərimiz (səv) Quranda uca Allaha belə şikayət edir:
Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” -deyəcək. (Furqan surəsi, 30)
Həqiqətən də İslam aləminin böyük qisminin problemi budur və müsəlmanlar Quranı tərk edilmiş kitab kimi kənara qoyublar. Quran tərk edildikdən sonra növbə icmaya gəlmişdir (icma: hər hansı bir dövrdə yaşamış din böyüklərinin müqayisəli dəlillərə əsaslanıb şəriət mövzusunda hökm çıxarması). Bu şəxslər Qurana tabe olmadıqlarına görə minlərlə hədisin arasında sanki “boğul”muş və hökmləri nə Quranın, nə də hədislərin açıqladığı qənaətinə gəlmişlər. Daha sonra isə bu din “böyükləri” İslam adından qanunlar çıxarmağa başlamışlar.
İlk öncə məzhəblər, daha sonra məzhəbdaxili icmalar bir-biri ilə çəkişməyə başlamışdır. Hər din “böyüyü”nün öz şərhi hökm kimi qəbul edilmiş, hər camaat fərqli tətbiqi əsas almış və böyük İslam aləmi məzhəb və siniflərə, sonda isə kiçik qruplara bölünməyə başlamışdır. Quran isə bəzək kimi divardan asılı qalmışdır. Bütün bunların nəticəsində İslam cəmiyyətinin böyük qismi Quranı tərk etmişdir.
İslam əleyhdarlarına nəzər saldığımızda onların bir çoxunun xurafatçılarla eyni düşüncədə olduğunu görürük. Onlar da İslamı Qurandan öyrənmirlər. Xurafatçılar kimi onlar da İslamı uydurma hədis, ənənə və bir qisim dindarların Qurana uyğun gəlməyən şərhləri əsasında qiymətləndirirlər. Onlar İslama xurafatçıların həyatı və tətbiqi kimi baxır, bu uydurma dinin qaydalarına şəriət deyirlər. Quranın dəyərlərindən xəbərsizdirlər, lakin xurafatçıların saxta dininin qanunlarını çox yaxşı bilirlər. Bu qanunları mühakimə edərkən İslamı hədəf aldıqlarını düşünürlər. Xurafatçıların dinini elə müdafiə edirlər ki, bunun İslama aid olmadığını deyəndə inanmırlar. Belə ki, bu, böyük xətadır.
Həmin şəxslər xurafatçı düşüncəyə qarşı çarə axtarırlarsa, buna inanmalıdırlar. Onların dini İslam deyil. Bir müsəlmana Quran tək başına kafidir. Hədislər Qurana uyğun olduğu müddətcə doğru və etibarlıdır. Qurana uyğun olmayan hədisin İslamda yeri yoxdur. Əgər müsəlman Quranda İslamı tapa bilmirsə, deməli, başqa din axtarır. O dinin şəriəti isə İslam deyildir.
Qurandakı gerçək şəriət
Şəriət kəlməsinin mənası yol deməkdir. Müsəlman Qurana baxaraq hansı yolu gedəcəyini asanlıqla anlaya bilər. Quranda haramlar olduqca azdır və qəti hökmlərlə bildirilmişdir. Müzakirə və şərhə açıq deyildir. Məsələn, adam öldürmək, zina etmək, faiz almaq, donuz əti yemək, qan içmək kimi hökmlər Quran ayələrində qəti ifadələrlə bildirilən haramlardır. Bu, Quranın əhəmiyyətli özəlliyidir. Ayələri öz istəklərinə uyğun şərh edib haram çıxarmağa çalışan şəxslər bunu öz düşüncələri əsasında edirlər. Halbuki Allah haramları qəti hökmlərlə qadağan etmişdir. Aşağıdakı ayədə bildirildiyi kimi:
O, sizə ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsiləni haram etmişdir. (Bəqərə surəsi, 173)
Allah Quranda İslam adından halal-haram çıxaran şəxslərin varlığını belə bildirir:
Dilinizin uydurduğu yalana əsasən: “Bu, halaldır; o, haramdır!”– deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar. (Nəhl surəsi, 116)
Peyğəmbərimizin (səv) dövründən sonra ayənin təsviri ilə Allaha qarşı yalan uyduran insanlar ortaya çıxmışdır. Onlar Quranın əksinə olaraq istədiyi şeylərə halal və ya haram demişdir. Fəqət elə bir topluluq da vardır ki, Allah onların özəlliklərini xüsusilə vurğulayır. Bu, onların halal nemətləri haram etmələridir.
Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir. (Maidə surəsi, 87)
Odur ki, dünyada şəriət adı altında tətbiq edilən, halbuki tamamilə İslama zidd olan vəhşilik sistemi Qurandan uzaqlaşmağın nəticəsidir. Quran ayələri ilə açıqlanan gerçək şəriət, yəni Quranın doğru yolu isə belə təsvir edilə bilər:
Quran şəriəti sevgi, hörmət və hər din və fikrə mənsub insanlara mərhəmət deməkdir. Quran şəriəti demokratiyanı şərt qoyur və fikir azadlığını təmin edir. Quran şəriətində insanlar açıq düşüncəli, müasir və bilikli, həmçinin elm və incəsənətə, dostluq və sevgiyə dəyər verən insanlardır. Quran şəriətində nifrət, çəkişmə və savaş yoxdur.
Bu meyarlara baxıb Quran şəriətinə uyğun İslam ölkəsinin hazırda dünyada olub-olmadığına baxaq. Əlbəttə, yoxdur. Bu şəriət Peyğəmbərimizin (səv) dövründən bəri tətbiq olunmamışdır. Hazırda dünyada şəriətlə idarə olunduğunu deyən ölkələr İslamın yerinə xurafatı önə sürürlər. Bir qisim uydurma hədisləri rəhbər tutub Quranı tərk edirlər.
Qurandakı gerçək şəriət sisteminin tətbiq olunmamağı, əvəzində belə vəhşiliyin İslam adından tanıdılmağı, təbii ki, qorxulu hadisədir. Lakin bunun çarəsi İslamı günahlandırmaq deyil. İslamı günahlandıranlar, ümumiyyətlə, radikalizm və şiddətin yeganə həll yolunu aradan götürməyə çalışaraq daha çox zərərə səbəb olurlar. Gerçək İslamı zəiflədib radikallara daha çox imkan yaradırlar. Halbuki radikalizmi və uydurma inancları onların mühakiməsi və ya silahları deyil, yalnız doğru İslam anlayışı ortadan qaldıra bilər. Ortada yanlış inanc problemi var. Bunun ortadan qalxmasının yolu isə yerinə doğru inancların qoyulmasıdır.
Quranda gerçək cihad
Rəbbimizin Quranda bildirdiyi cihadda adam öldürmək, kamikadze, bombalamaq və ya mülki şəxslərə qarşı xain hücumlar yoxdur. Qurandakı cihadda nifrət, kin və lənət oxumaq da yoxdur. Hz. İbrahimin, hz. Yaqubun və hz. Musanın övladları lənətlənməz. Quranda təhdid və qorxutmaq kimi şeylər yoxdur. İslam dini xurafatçı və ya radikalların yaşadığı kimi qətliam, ölüm, nifrət və qəzəb dini deyil. Bu davranışlar xristianlıq və musəvilikdə də yoxdur. Dolayısilə, əgər bir insan bu hərəkətləri Qurandan öyrəndiyini deyirsə, ya doğru danışmır, yaxud da yanlış məlumatlandırılmışdır. Müsəlman olduğunu deyən hər hansı radikal şəxs yalnız adam öldürmək, bombalamaq və lənətləmək üçün uydurulmuş dinə tabe olur. Uydurulan dinin qaynağı isə Quran deyildir.
Xurafatçılıqda divara asılan müqəddəs kitab, bəlkə də, heç oxunmur. Bu dində hər şey qaranlıqdır. Sevginin yerinə nifrət, şəfqətin yerinə qəzəb, qardaşlığın yerinə düşmənlik və biliyin yerinə isə cəhalət hakimdir. Belə dinə inanan şəxsləri silahlandırıb qəzəb topluluğu meydana gətirmək çox asandır. Odur ki, dünyada yalnız İslamda deyil, bütün haqq dinlərdə, hətta marksizm, satanizm, materializm, qısası, bütün din və ideologiyalarda mövcud olan bəla radikalizm və xurafat bəlasıdır.
Bəs radikalizm və ya xurafat hansı səbəbdən mövcuddur? Bu sualın cavabı açıq-aydındır. Çünki insanların böyük qismi bu təlimi alıblar. Başqa din öyrənməyiblər. İslam adından ortaya çıxan radikalların İslam olaraq bildiyi yalnız bu olmuşdur. Onlar cahil yetişdiriliblər. İctimaiyyətdən, elm və sənətdən uzaqlaşıblar. Cihad anlayışını yanlış bilib tətbiq ediblər, çünki onlara bu öyrədilib. Öyrəndiklərini həyata keçirib yaxşı iş gördüklərini zənn ediblər. Dinlərinə, ailələrinə və həmçinin başqalarına zərər verdiklərini heç düşünməyiblər. Halbuki Quranda təsvir edilən cihad xurafatçıların düşündüyündən çox fərqlidir.
Bəs cihad deyəndə nə başa düşülməlidir? “Cihad” sözünün kökü “cəhd” kəlməsidir. Ərəbcə mənaları bunlardır:
- Çalışmaq, cəhd etmək, fədakarlıq etmək, əzm göstərmək
- İnsanın öz nəfsinə hakim olması
Bu mənalara baxanda anlayırıq ki, İslamda cəhd etmək qarşı tərəfi məlumatlandırmaq, gözəl əxlaqı öyrətmək və insanları pis şeylərdən uzaqlaşdırmaq deməkdir. Müsəlman bunu edərkən həm də öz nəfsini tərbiyə etməli, qəzəb və nifrətdən uzaqlaşmalıdır.
Quranın heç bir yerində cəhd kəlməsindən bu mənalardan fərqli şəkildə istifadə olunmamışdır. Dolayısilə, Quranı əsas alıb cihad adı ilə qətliam törədənlər ya yalan danışırlar, ya da yanlış öyrədiliblər. Hazırda cihad adı ilə insanları qətl edənlər, kamikadze kimi həm özünü, həm də müdafiəsiz mülki şəxsləri öldürənlər və savaşı daha da körükləyənlər Qurana görə harama girirlər. Növbəti hissələrdə radikalların savaş üçün yanlış açıqladığı Quran ayələri və aqressiyaya səbəb kimi qəbul etdikləri uydurma hədislər ətraflı şəkildə açıqlanacaq. Burda önəmli bir şeyi vurğulamaq lazımdır:
Radikalların böyük qismi cəhalət üzündən şiddətə baş vururlar. Gerçək dini bilmirlər. Hətta bir çoxu Quranı heç oxumamışdır. Bu səbəbdən, öldürməklə cihad etdiyini düşünən şəxsi qınamaq, lənətləmək, onu təhdid etmək və ya həbs etmək heç bir işə yaramaz. Burda problem həmin şəxsə Quran bilgisinin verilməməsidir. Yanlış məlumatlandırma davam etdiyi müddətdə nə etdiyindən xəbəri olmayan radikalların mövcudluğunu qəbul etmək məcburiyyətində qalacağıq. Əsas olan problemin kökünü araşdırıb tapmaqdır. Belə olduğu təqdirdə, cihad adı altında terror törədənlərin tək ehtiyacının doğru məlumatlandırma olduğu bilinəcək.