Bu saytda terror anlayışından bəhs etdiyimiz kimi, radikalizm haqqında da danışmağımız vacib məsələdir. Radikalizm hər hansı bir mövzuda sərt və köklü dəyişikliklərin tərəfdarı olmaq və buna uyğun güzəştsiz siyasət yürütmək mənasına gəlir. Hər mövzuda olduğu kimi, bunda da müsəlmanın meyarı Quran ayələri və Peyğəmbərimizin həyatı olmalıdır. Qurana nəzər saldıqda radikal üslubun Allahın möminlərə əmr etdiyi üslubla heç də uyğunluq təşkil etmədiyini görürük. Allah Quranda möminlərdən bəhs edərkən yumşaq sözlü, qovğadan qaçan,  insanlara dostca yanaşan  insani xüsusiyyətləri təsvir edir. Bu mövzuda bizə yol göstərən nümunələrdən biri Allahın hz. Musa və hz. Haruna əmridir. Allah elçilərinə Fironla yumşaq danışmağı buyurmuşdur:

Fironun yanına gedin. Çünki o, həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun! (Taha surəsi, 43-44)

Firon öz dövrünün ən zalım və ən üsyankar inkarçısı idi. Allahı inkar edib cahilliklə saxta ilahlara tapmış, iman edənlərə (İsrail oğullarına) qorxunc zülmlər vermişdir. Buna baxmayaraq, belə şəxsə qarşı Allah yumşaq davranmağı buyurmuşdur. Diqqət edilirsə, Allahın göstərdiyi üslub dostcasına ünsiyyət qurmaqdır. Həyəcanlı etiraz nümayişi ilə və ya qəzəbli şüarlarla çəkişmək deyil.

 

Quranda gözəl söz söyləməyə dair bəzi örnəklər

Üslub baxımından müsəlmanlara yol göstərən digər nümunə keçmiş peyğəmbərlərdən hz. Şüeyb ilə qövmü arasındakı dialoqda da var. Quranda bu barədə belə deyilir:

Mədyən qövmünə də qardaşları Şüeybi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi bolluq içində görürəm və qorxuram ki, başınıza (hər şeyi) bürüyən günün əzabı gələ.

Ey qövmüm! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin, insanların mallarını əksik verməyin və yer üzündə fəsad yaymaqla pis işlər görməyin!

Əgər möminsinizsə, Allahın saxladığı (nemətlər) sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyiləm”.

Onlar dedilər: “Ey Şüeyb! Atalarımızın ibadət etdikləri (tanrılardan), yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan”.

O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözəl bir ruzi veribsə, onda necə olsun?” Sizə qadağan etdiyim şeylərlə əleyhinizə çıxmaq istəmirəm. Mən ancaq bacardığım qədər islah etmək istəyirəm. Mən ancaq Allahın sayəsində uğur qazanıram. Mən yalnız Ona təvəkkül edir və yalnız Ona üz tuturam”. (Hud surəsi, 84-88)

Bu dialoqa baxdıqda hz. Şüeybin qövmünü dinə gözəl əxlaqla dəvət etdiyi və bu zaman çox təvazökar davrandığı görünür. Ayələrdəki bəzi ifadələrin hikmətini belə açıqlamaq olar:

* “Mən sizin üstünüzdə gözətçi deyiləm”: Hz. Şüeyb bu sözü ilə qövmünə hökm etmək niyyətində olmadığını, onlara yalnız Allahın bildirdiyi həqiqətləri çatdırdığını buyurur.

* “Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan”: İnkarçıların hz. Şüeybə dediyi bu söz onun çox mülayim və nəzakətli olduğunu, həmçinin inkarçıların bunu təsdiq etdiyini göstərir.  Onlar hz. Şüeybin ağıllı və kamil insan olduğunu qəbul edirlər.

* “Ey qövmüm! Bir deyin görək”: Bu ifadə hz. Şüeybin təzyiqçi olmadığını, qarşı tərəfin fikrini öyrənib onları düşünməyə dəvət etdiyini göstərir. 

* “Sizə qadağan etdiyim şeylərlə əleyhinizə çıxmaq istəmirəm”: Hz. Şüeybin bu qadağası feili baxımdan deyildir. Bəzi şeylərin günah olduğunu açıqlayıb insanları bundan vaz keçməyə dəvət edir. Bundan başqa, hz. Şüeyb belə deməklə məqsədinin qövmü ilə çəkişmək olmadığını, onları yalnız iman və gözəl əxlaqa dəvət etmək olduğunu bildirir.

Quran ayələri araşdırıldıqda yumşaq və mərhəmətli üslubun bütün peyğəmbərlərin ortaq xüsusiyyəti olduğu görünür. Allah hz. İbrahimi “həqiqətən, İbrahim  çox yalvaran həlim bir kimsə idi” (Tövbə surəsi, 114) şəklində tərif edir. Peyğəmbərimiz hz. Muhəmmədin əxlaqını göstərən bir ayə isə belədir:

Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar hökmən sənin ətrafından dağılışardılar. (Ali-İmran surəsi, 159)

 

Qəzəbli üslubdan çəkinmək Allahın əmridir

Radikalizmin gözə çarpan bir xüsusiyyəti də qəzəbli üslubdur. Bu, radikal şəxslərin danışıq və yazılarında özünü qabarıq şəkildə büruzə verir. Halbuki qəzəb müsəlman xüsusiyyəti deyildir. Allah Quranda möminləri təsvir edərkən “O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da  xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir” (Ali-İmran surəsi, 134) kimi buyurur.

Müsəlmanları qəzəbli davranmağa əsas verən hər hansı bir vəziyyət ola bilməz. Müsəlmanın digər insanlardan tək istəyi onların Allaha iman etməsi və gözəl əxlaqlı olmasıdır. Bu isə ancaq Allahın o insanlara hidayət verməsi ilə mümkündür. Biz nə etsək də, insanlara həqiqətlərdən nə qədər bəhs etsək də, qəlblər Allahın əlindədir. Allah “İman gətirənlər hələ bilmirlərmi ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi?” (Rəd surəsi, 31) ayəsi ilə bu önəmli həqiqəti müsəlmanlara xatırladır.

Bu səbəbdən,  müsəlmanın vəzifəsi yalnız həqiqətlərdən danışmaq, insanları bu gerçəklərə dəvət etməkdir. Onların bunu qəbul edib-etməməyi tamamilə öz vicdanlarına buraxılır. Allah bunu Quranda bir daha vurğulayır və dində məcburiyyətin olmadığını bildirir:

 Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah eşidəndir, biləndir. (Bəqərə surəsi, 256)

Dolayısilə, insanların iman edib müsəlman olması, həmçinin müsəlmanların ibadətləri yerinə yetirib günahlardan çəkinməsi üçün heç bir təzyiq göstərilə bilməz. Buna görə yalnız öyüd-nəsihət verilə bilər. Allah müsəlmanların təzyiqçi olmadığını Peyğəmbərimizə xitabən vəhy etdiyi bəzi ayələrdə belə xəbər vermişdir:

Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver! (Qaf surəsi, 45)

  De: “Ey insanlar! Rəbbinizdən sizə haqq gəlmişdir. Kim doğru yolla getsə, xeyri onun özünə dəyər, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Mən sizi qoruyan deyiləm”. (Yunis surəsi, 108)

Müsəlmanlar yalnız din əxlaqını yaymaqla və ən zalım inkarçılara belə yumşaq davranmaqla vəzifəlidir. Buna görə də radikal ola bilməzlər.  Çünki radikallıq kimi saydığımız bütün xüsusiyyətlərin əksini müdafiə edir. Həqiqətdə radikalizm İslam dünyasına sonradan əlavə edilən fikir cərəyanı və siyasi mövqedir. Necə ki, radikalizm kimi təsvir edilən sosial faktlar araşdırıldıqda bunların keçmişdə kommunistlər tərəfindən istifadə olunan üsul və üslubların məcmuəsi olduğu və həqiqətdə İslamda heç bir yeri olmayan təəssübkeşliyin (Fəth surəsi, 26) bir ifadəsi kimi ortaya çıxdığı görünər.