2015-ci ilin əvvəllərində CİA-nın ətraflı hesabatı yayımlandı. Bu hesabat bütün dünyada böyük diqqətə səbəb oldu və 11 sentyabrdan sonra ABŞ-ın məhkumlara qarşı hamıya məlum işgəncələrini dəqiqləşdirdi.
Əbu Qərib həbsxanasının fotoları, Quantanamoda üzə çıxan təzyiqlər və sərbəst buraxılanların şahidliyi əsasında dünya onsuz da 11 sentyabrdan sonra ABŞ-da kəşfiyyat çalışmalarının necə həyata keçirildiyini az-çox bilirdi. ABŞ-da 11 sentyabrdan öncə də işgəncə yollarına əl atılırdı. Bununla yanaşı, yayımlanan hesabatda yeni işgəncə üsullarından tutmuş bunu tətbiq edən mütəxəssislərə nə qədər pul ayrıldığına qədər bütün təfərrüatları dünya gördü. Bəs yaxşı, illərlə davam edən işgəncələr ABŞ, yaxud dünyaya nə qazandırdı? Rahat şəkildə bu suala cavab olaraq “heç bir şey” deyə bilərik. Senator Herri Reyd işgəncələrin ABŞ-a mənfi imicdən başqa heç nə qazandırmadığını etiraf edir. Bəzi respublikaçıların iddialarının əksinə olaraq, tədqiqatçılar da CİA-nın 6 milyon səhifəlik sənədlərini araşdırmasının ardından zəruri məlumat tapılmadığını təsdiq etdilər.
Bu, bir həqiqətdir ki, radikal terror təşkilatlarına dair mühüm bilgiləri olan qruplaşma liderlərini və ya mənsublarını canlı surətdə ələ keçirmək haradasa qeyri-mümkündür. Belə bilgisi olan terrorçular mütləq mühafizəçi, polis, yaxud da əsgərlərlə döyüşə girib ölümə vəsilə axtarırlar. Ələ keçiriləcəyini anladıqda isə intihar edirlər. İndiyədək bu nümunələrə dəfələrlə rast gəlinmişdir. Lakin ABŞ-ın ələ keçirdiyi şəxslər araşdırıldıqda çoxunun müqavimət göstərmədən həbs edildiyini görürük. Həmin şəxslər özlərinə, yaxud çevrəsinə zərər vermədiyi halda həbs edilmişdir və əldə edilən məlumatlar işgəncənin tez bitməsi üçün uydurma sözlər olduğu etiraf edilmişdir. Dolayısilə, bu tarixi dərslə bir daha məlum olur ki, heç bir dövlət işgəncə ilə əldə etməyi düşündüyü mühüm bilgilərə sahib terrorçuları canlı ələ keçirə bilməz.
ABŞ öz xalqının azad yaşadığı, hər hansı bir hücumdan qorxmadığı və adət-ənənələrini qoruduğu bir ölkə qurmaq istəyir. Buna görə trilyonlarla dollar xərcləyir və minlərlə gənc müharibədə həyatını itirir. Tək məqsədi isə öz dəyərlərini qorumaq və bunları təhdid edənlərə göz dağı vermək. Hamıya məlumdur ki, ABŞ hər nə qədər dünyəvi qanunlarla idarə olunsa da, özünü xristian cəmiyyət kimi qələmə verir və Avropa ilə müqayisədə daha mühafizəkar quruluşa malikdir. Bəs yaxşı, bu mühafizəkar cəmiyyətin müqəddəs kitabı İncil sevgini, şəfqəti, bağışlayıcı və birləşdirici olmağı əmr etmirmi? Hansı xristian cinayət törətməkdə şübhəli bilinən bir insana işgəncə verilməklə öldürülməsinə razı olar? Əgər ABŞ öz dəyərlərini qorumaq istəyirsə, çətin şərtlərdə belə bunlara sadiq olmalıdır. Necə ki, senator Dayan Faynşteyn senatda çıxışı zamanı işgəncələrin Amerika dəyərlərinə ləkə gətirdiyini qəbul etmişdir.
İşgəncə mübarizə üsulu deyil, qəddarlıq nümunəsidir. 12 illik müharibədə işgəncə ilə toplanan məlumatlar Əl-Qaidə və Taliban kimi terror təşkilatlarının nəinki ortadan qalxmasına, heç zəifləməsinə də yardımçı olmamışdır. Əksinə, həmin terror təşkilatları daha da güclənmiş, dünyanın fərqli bölgələrinə yayılmış və yeni qruplaşmalar yaratmaqla daha təhlükəli hal almışdır. ABŞ-ın müharibələrdə çoxlu sayda mülki şəxslərin həyatı bahasına başa gələn hücumları və Əl-Qaidəni ortaya çıxaran səbəblərlə fikri mübarizə aparmaq yerinə həmin səbəblərdən təsirlənən fərdləri silahla ortadan qaldırmağa çalışması bəzi alt qruplaşmaların terror təşkilatlarına qoşulub təsir sahəsini genişləndirməsinə yol açmışdır.
Dağıdıcı qüvvəyə qarşı dağıdıcı üslubda qarşılıq vermək onun təsirini azaltmaz. Şiddət hər zaman daha çox şiddətə, qan hər zaman daha çox qana səbəb olur. Dolayısilə, radikal terrorla mübarizə zamanı daha radikal taktikalardan istifadə etmək həmin terror qruplaşmalarının iddialarını təsdiq edən və bünövrəsini möhkəmlədən mexanizmə çevrilir. Beləcə, əsla bitməyən müharibələrə yeni qapılar açılar.
De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də batil puçluğa məhkumdur!” (İsra surəsi, 81)