Əvvəlki hissələrdə də ifadə etdiyimiz kimi, Əfqanıstandan Liviyaya, Nigeriyadan İraqa kimi 13 illik hərbi əməliyyatlardan sonra ortaya çıxan qəti bir həqiqət var: radikal terrorçu qruplaşmalar hərbi güc, şiddət və təzyiqlə ortadan qalxmamış, əksinə, daha da güclənmişdir. Bundan başqa, hava hücumları və quru əməliyyatları da daxil olmaqla, hər növ hərbi əməliyyat daha çox sivil insanların ölümünə, şəhər və infrastrukturların dağılmasına səbəb olub həmin ölkələrdə qəzəbə yol açmış və bu da radikal təşkilatların işinə yaramışdır. İnsanları yetişdirmək üçün milyardlarla pul xərclənməsi, lakin bu əziyyətin terror təşkilatları üçün insan qaynağına çevrilməsi isə olduqca düşündürücüdür.
Bəzi hərbi analitiklərə görə, terror təşkilatlarının liderlərinin öldürülməsi ən təsirli metod kimi göstərilsə də, daha geniş perspektivdən baxdıqda bunun heç bir nəticəsinin olmadığı görünür. Məsələn, Üsamə Bin Ladenin öldürülməsi Əl-Qaidənin sonunu gətirməmişdir. Bununla yanaşı, terror təşkilatları bu silahlı hücumları mahirliklə təbliğat vasitəsinə çevirirlər. Onlar bu hücumları öz məqsədlərinin haqlı olduğuna dəlil kimi göstərirlər. Buna görə də bu təşkilatlar həm daha da güclənir, həm də fəaliyyətlərini yeraltı sığınacaqlarda davam etdirirlər ki, bu da onlara qarşı hərbi müdaxiləni təsirsiz edir. Terroru ortadan qaldırmaq üçün sosial-iqtisadi inkişafa təkan vermək və şiddətli terror fəaliyyətlərinin gerçəkləşdiyi bölgələrdə demokratik prosesləri açıq şəkildə sürətləndirmək lazımdır. Bunları həyata keçirmək üçün radikal düşüncənin kökündə yatan cəhalətin ortadan qaldırılması şərtdir. Bunun gerçəkləşməsini isə ancaq təlim və mədəni fəaliyyətlər yolu ilə həyata keçirmək olar. Bu üsul silahlara və sonra da maddi yardımlara milyardlarla pul xərcləməkdən daha sərfəlidir və daha yaxşı nəticələr verər. Terror təşkilatlarının intellektual təməlinə qarşı tədbir almaqla təşkilat üzvləri qatilə çevrilmədən öncə onları durdurmaq, həmçinin həmin təşkilata qoşulanların artmasını önləmək mümkündür. Kütləvi informasiya vasitələri ilə aparılan təlim işlərinə heç bir terror təşkilatı qarşı çıxa bilməz. İntellektual bünövrəsini itirən bir hərəkat həyatda qala bilməz. Ölkələr ya bu vəzifəni öz boyunlarına götürməli, ya da bunu yerinə yetirməyə könüllü olan ictimai təşkilatları dəstəkləməlidirlər. İdeoloji əsası nə olursa-olsun, bütün terror təşkilatlarına qarşı təlim səfərbərliyi dünya miqyasında üz-üzə qaldığımız amansız terroru önləmək üçün vacibdir. Məsələn, NATO ekstremizmə qarşı silahlı mübarizəyə böyük məbləğdə maliyyə ayırır, lakin bir tərəfdən də təhlükə böyüməyə davam edir. Bu problemin həlli maliyyə qaynaqlarının düzgün idarə olunmasındadır. Ekstremist ideologiyaya qarşı yalnız fiziki mübarizə aparmaq çox az nəticə gətirir, hətta bu ideologiyanı dəstəkləyənlərin sayını artırır. Bölgədəki hərbi əməliyyatlar həm daha çox insanın həyatı bahasına başa gəlir, həm də bu əməliyyatlarda ölən insanların yaxınlarının Qərbə qarşı qəzəbdən dolayı ekstremistlərə qoşulmasına səbəb olur. Son dərəcə təhlükəli olan radikal cərəyanların sona çatması üçün onların ideoloji əsasları dünya miqyasında yox edilməlidir. Bunun öhdəsindən isə ancaq qərbli müttəfiqlərin də yardımı ilə Orta Şərq ölkələri gələ bilər. Radikalizmi və dünyadakı təsirlərini ortadan qaldırmaq, demokratiya və insan haqlarını ön plana çəkmək üçün təlim ən əhəmiyyətli addımdır. Dünyanın təhlükəsizliyini təhdid edən radikalizmin inkişafının qarşısını almaq üçün dünya liderləri təlimə önəm verməli və fikri mübarizənin təcili olduğunu görüb cəhalətin ortadan qaldırılması yollarını axtarmalıdırlar.