Qurandan öyrəndiyimiz başqa bir önəmli həqiqət odur ki, müsəlmanlar kitab əhlinin ibadət məkanlarına son dərəcə hörmətlə yanaşmalıdırlar. Quranda kitab əhlinin ibadət məkanları olan monastır, kilsə və sinaqoqlardan Allahın qoruduğu yerlər kimi bəhs edilir:

Əgər Allah insanların bəzilərini, digərləri ilə dəf etməsəydi, içərisində Allahın adı çox zikr olunan monastırlar, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir. (Həcc surəsi, 40)

Bu ayə hər müsəlmana kitab əhlinin məbədlərinə hörmət göstərməyin və o yerləri qorumağın əhəmiyyətini göstərir. Həqiqətdə Allah Quranda müsəlmanlara heç bir qövmə qarşı düşmənlik bəsləməməyi əmr edir. Bir çox ayədə hətta müşriklərə qarşı da ədalətli olmağı buyurur. Necə ki, Peyğəmbərimiz (səv) kitab əhli ilə yanaşı, müşriklərlə də sosial sistemi təmin etmək üçün bəzi müqavilələr bağlamışdır. Müşriklərə qarşı hər zaman ədalətli davranılmış, onların qorunub himayə olunması tələbi Peyğəmbərimiz tərəfindən qəbul edilmişdir.

Bu himayə hər hansı bir haqsızlıq və ya hücum ehtimalına qarşı Peyğəmbərin qorumasını tələb etmək, ona sığınmaq anlamını da daşımışdır. Həyatı boyu Peyğəmbərimizdən bir çox qeyri-müsəlman və müşrik himayə istəmiş, beləliklə, onların təhlükəsizliyi Peyğəmbər tərəfindən təmin edilmişdir. Çünki Allah “Tövbə” surəsində müşriklərin sığınacaq tələblərinin qəbul edilməsini əmr etmişdir. Həmin ayə bu şəkildədir:

Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. (Tövbə surəsi, 6)

Musəvi və xristianlar kitab əhlidir, yəni Allahın endirdiyi kitaba tabe olublar. Doğru-yanlış, halal-haram anlayışlarına sahibdirlər. Hamısı axirətə iman edir, etdiklərinin hesabını verəcəyini bilir, Allahın elçilərini qəbul edirlər.  Bunlar müsəlmanların kitab əhli ilə birləşəcəyi ortaq inanc əsasının olduğunu göstərir.

 

Ortaq kəlmədə birləşmək

Allah Quranda müsəlmanlara kitab əhli ilə ortaq kəlmədə birləşmək üçün əmr edir:

De: “Ey kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. (Ali-İmran surəsi, 64)

Xristian və musəvilərə səslənirik: gəlin, Allaha inanan və vəhyinə itaət edən insanlar olaraq ortaq iman kəlməsində birləşək. Hamımız yaradıcımız Allahı sevib əmrlərinə tabe olaq. Allahın bizi daha da doğruya çatdırması üçün dua edək. Kitab əhli və müsəlmanlar bu şəkildə ortaq kəlmədə birləşsələr və bir-birinin düşməni deyil, dostu olduqlarını anlasalar, dünya fərqli məkana dönər. Şəfqət və sevgi ilə, elmin nuru ilə xurafat və dinsizliyə səbəb olan düşüncələrə qarşı fikri mübarizə aparılsa, əsrlərlə davam edən ədavət, münaqişə və terror hadisələri sona çatar; ortaq kəlmə üzərində hüzur içində mədəniyyət qurular.

Müsəlmanların diqqət etməli olduğu əhəmiyyətli məsələlər vardır. Unutmaq olmaz ki, Allahın bizə fərqli millət və inanclar haqqında açıqladığı meyarlar açıq şəkildədir: Quran əxlaqı hər cür irqçiliyi ortadan qaldırır.

Quranda keçmişdə yaşayan bəzi musəvilərin xətalarından dolayı tənqid olunduğu doğrudur.  Lakin bunlar müsəlmanların musəvilərə qarşı ədavət aparmasına qətiyyən səbəb olmamalıdır. Bir qisim musəvilərin işlədiyi günahlar əsla musəvi dininə və millətinə aid edilə bilməz. Yenə Quranda bizə  insanlar haqqında müəyyən irq, xalq və ya dindən olduqları üçün ümumi hökm verməmək əmr olunur.  Fərqli insan cəmiyyətlərində həm yaxşı, həm də pis insanlar mövcuddur. Quranda buna diqqət çəkilir. Məsələn, kitab əhlinin bir qisminin Allaha və dinə qarşı üsyankar davrandığı söyləndikdən sonra bunun istisnası da xəbər verilir:

Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar. Belələri Allaha, axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır. (Ali-İmran surəsi, 113-115)

Allah hər elçiyə Allahın tək olduğunu, bütün ibadət və itaətin yalnız Ona yönəlməli olduğunu vəhy etmişdir. Lakin elçilərin təbliğ etdiyi insanların bir qismi doğru yola yönələr, bir qismi isə inkar edər. Bəziləri yaxşıların tərəfində olub, bəziləri də pis yola düşərlər. Bu, Allahın qanunudur. İman edənlər bunu bilməli, hər dindən gözəl əxlaqlı və səmimi dindarların olduğu kimi, əxlaqsız insanların da olacağını unutmamalıdırlar.

Arzumuz budur ki, insanlar irqçi düşüncələrdən uzaqlaşıb millətindən və inancından asılı olmayaraq, bir arada sülh içində yaşasınlar və hər kəsə hörmət göstərilən bir dünya qursunlar.  Şübhəsiz ki, iman edənlərin birləşib xurafat və dinsiz ideologiyalara qarşı aparacağı fikri mübarizə sülh və hüzuru təmin edəcək. Allah ayələrdə belə buyurur:

Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz, yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)

Heç olmasa, sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. (Hud surəsi, 116)