Quran Rəbbimizin ayədə də açıq bildirdiyi kimi qorunan kitabdır:
Şübhəsiz ki, Quranı Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq. (Hicr surəsi, 9)
Qorunan bir kitabda hökmləri bütün müsəlmanlara şərt olan ayələrin bir qisminin əsaslı görülüb, bir qisminin isə yox sayılması mümkün deyil. Quranın mükəmməlliyi, elmi möcüzələri, yol göstərici xüsusiyyəti və Quranın qorunduğuna dair ayələr xurafatçıların və bəzi İslam əleyhdarlarının bu iddiasını ortadan qaldırır:
Şübhə yox ki, zikr (Quran) onlara gəldiyi zaman onu yalan saydılar. Həqiqətən, bu, əzəmətli bir kitabdır. Nə önündən, nə də arxasından batil ona girişə bilər. O, müdrik, tərifəlayiq (Allah) tərəfindən nazil edilmişdir. (Füssilət surəsi, 41-42)
Söz mövzusu şəxslərin harada yanıldığının aydın olması üçün bu iddiaları araşdıraq:
“Məkkə dövrü və Mədinə dövrü müsəlmanları” yanlışlığı:
Bir çox İslam əleyhdarı elmli müsəlmanları Məkkə dövrü müsəlmanları adlandırırlar. Onlara görə, Peyğəmbərimizin (səv) Məkkədə olduğu dövr savaşların yaşanmadığı sülh dövrüdür. Peyğəmbərimizin Mədinəyə hicrətinin ardınca savaşlar başlamışdır. Bir çoxları bunu əsas alıb İslamda savaşı müdafiə edənlərin yalnız Mədinə dövründə vəhy olunan ayələri qəbul etdiyini, sülh tərəfdarlarının isə Məkkə dövrü ayələrini qəbul etdiyini iddia edirlər. Bu, cahillikdir və məntiqsiz iddiadır.
Daha öncə də vurğuladığımız kimi, bir insanın müsəlman xüsusiyyəti qazanması üçün ən əsas şərt Quran ayələrinin heç birini digərindən ayırd etmədən hamısına inanmasıdır. Əgər tək bir ayənin hökmünü qəbul etməzsə, Quranda bildirilən mənada müsəlman xüsusiyyətini itirər. Dolayısilə, müsəlman olduğunu deyən şəxs Qurana əsasən, bir ayəni qəbul edib digərini qəbul etməyə bilməz.
Peyğəmbərimizin zamanında müharibənin Məkkə dövründə deyil, Mədinə dövründə edildiyi və buna aid ayələrin endirildiyi doğrudur. Bunun səbəbini anlamaq üçün Peyğəmbərimizin yaşadığı dövrün çətin mühitini qavramaq lazımdır.
Məkkə dövründə müsəlmanların çətin imtahanı
Quranın Peyğəmbərimizə vəhyi tam 23 il sürdü. Bunun ilk 13 ilində müsəlmanlar Məkkədə bütpərəstlərin arasında azlıq kimi yaşadılar və müxtəlif təzyiqlərlə qarşılaşdılar. Bir çox müsəlmana fiziki işgəncələr verildi, bəziləri şəhid edildi, bir çoxunun evi və malı qarət edildi və davamlı təhqir və təhdidlə üzləşdilər. Buna baxmayaraq, müsəlmanlar şiddətə baş vurmadan yaşamağa davam etdilər. Sadəcə bütpərəstlərdən uzaqlaşıb onları sülhə dəvət etdilər.
Lakin bütpərəstlərin hücumu bitmədi. Qüreyşlilər əvvəlcə hz. Muhəmmədin peyğəmbərliyinə əhəmiyyət vermirmiş kimi göründülər. İman etməməklə yanaşı, bütlərə qarşı bir söz demədikcə hz. Muhəmmədin dəvətinə səs çıxarmadılar. Yalnız hər dəfə Peyğəmbərimizi görəndə ona söz atırdılar. Müsəlman görəndə lağ edib məsxərəyə qoyurdular. Beləliklə, qüreyşilərin sözlü hücum dövrü başlamış oldu.
Quranda həmin mövzu bizə bu şəkildə bildirilir:
Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər. Onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər. Öz ailələrinin yanına fərəhlə qayıdırdılar. Möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!” (Mütəffifin surəsi, 29-32)
Məkkə bütpərəstlərin mərkəzi idi. Məkkə hər gün Kəbə və ətrafındakı bütləri ziyarətə gələnlərlə dolub-daşır, bu səbəbdən, Qüreyş əhli həm pul, həm də etibar qazanırdılar. Qüreyşlilər Məkkədə müsəlmanlığın yayılmasını təhlükə olaraq görürdülər. Çünki düşünürdülər ki, bu, gerçəkləşərsə, mənfəətlərinə zərər gələr və digər qəbilələr onlara düşmən kəsilər. Həmçinin bilirdilər ki, müsəlmanlıq hər kəsi bərabər sayır, insanları soy və zənginliyinə görə ayırmır. Buna görə də Qüreyşin irəli gələnləri müsəlmanlığın yayılmasını durdurmaq üçün tədbir görmək qərarına gəldilər. Buna müsəlmanlara qarşı işgəncələr və hətta cinayətlər də daxil idi. (İbn Hişam, 1/287)
Dövrün müşrikləri hz. Əbubəkr və hz. Osman kimi güclü və etibarlı ailələrə mənsub müsəlmanlara toxuna bilmirdilər. Fəqət kimsəsiz və fəqir müsəlmanlara tarixdə bənzəri görünməmiş vəhşiliklə işgəncələr verirdilər. Əbu Füheyqə, Həbbab, Bilal, Süheyb, Əmmar, Yasir və Süməyya bu ağır işgəncələrə məruz qalan müsəlmanlardan idi.
Bütün işgəncələr müsəlmanlara yalnız iman etdikləri üçün və insanlara İslamı anlatdıqları üçün verilirdi. Müsəlmanlar bu təzyiq və işgəncələrə İslamın şərti gərəyi heç bir şəkildə qarşılıq vermədilər və ən insani haqları olaraq özlərini müdafiə belə etmədilər. Müsəlmanların qarşılıq vermədiyini görən Qüreyş müşrikləri bu işgəncələri daha da artırdılar. Daha sonra həmin qüreyşilər artıq rastlaşdığı müsəlmanı şəhid etməyə başladılar.
Verilən əziyyətlərə heç bir şəkildə qarşılıq verməyən və Quranda qan tökməyə izin verilmədiyi üçün müdafiə belə olunmayan müsəlmanlar bu işgəncələr şiddətlənincə artıq Məkkədə qala bilmədilər. Bu durum Mədinəyə köçü labüd hala gətirdi.
Mədinə dövrü və savaşlar
Məkkədə bütpərəstlərin təzyiqinin artması ilə yanaşı, müsəlmanlar daha azad və dostanə bir mühitin olduğu Yəsrib (sonrakı adı Mədinə) şəhərinə hicrət edərək öz idarəçiliklərini qurdular. Siyasi quruluşlarını bu şəkildə formalaşdırdıqdan sonra da məkkəli bütpərəstlərin hücumu sona yetmədi. Qüreyşlilər müsəlmanları getdikləri yerə qədər təqib edib şiddətdən vaz keçmədilər. Peyğəmbərimiz və ətrafındakı müsəlmanlar Məkkənin təcavüzkar bütpərəstlərinə əsla savaşla qarşılıq vermədilər.
Dünyada heç bir şəxs, topluluq və ya ölkə hücum qarşısında cavabsız qalmaz. Mütləq özünə hücum edənlərə cavab verər və ya ən azından özünü müdafiə edər. Nəfsi müdafiə qarşısında insanları məhkəmələr və ölkələri isə beynəlxalq hüquq həmişə haqlı görür. Çünki qarşı tərəfdən haqsız hücum var və şəxsin canı, ailəsi və sevdikləri, həmçinin ölkənin milləti, namusu və torpağı təhlükədədir. Peyğəmbərimizə özünü və topluluğu müdafiə izni Mədinəyə köç etdikdən sonra bu ayələrlə verilmişdir:
Zülmə məruz qaldıqlarına görə vuruşanlara izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir! O kəslər ki, haqsız yerə, ancaq: “Rəbbimiz Allahdır”, -dediklərinə görə yurdlarından çıxarıldılar... (Həcc surəsi, 39-40)
Bu ayələrə əsasən, yalnız: “Rəbbimiz Allahdır”, -dediklərinə görə haqsız yerə yurdlarından sürgün edilən müsəlman topluluq müdafiə hazırlıqlarına başlamışdır. Ayədə açıq şəkildə bildirildiyi kimi, özlərinə savaş elan edilən və hücuma məruz qalan müsəlman topluluğa müdafiə izni verilmişdir, hücum əmri deyil. Bu ayədən sonra müsəlmanlar özlərini qorumağa başlamış, hücum edən azğın qruplara qarşı müdafiə məqsədli savaşlar həyata keçirmişdilər. Bundan sonra savaş və müdafiə mövzusunda endirilən ayələr davam edən müharibələrdə tətbiqata dair mövzuları ehtiva edir. Başqa sözlə, yalnız o savaşdakı duruma aid açıqlama verilir. Dolayısilə, Qurandakı savaş ayələrinin hamısı dövrün çətin şərtlərini və Peyğəmbərimizin ədalətini anlaya bilməyimiz üçün yalnız o dövrdəki hücumlara aid endirilən xüsusi ayələrdir.