-Peyğəmbərimizin kitab əhlinin toy süfrələrinə qatılıb xəstələrini ziyarət etdiyinə dair rəvayətlər mövcuddur.
-Nəcran xristianları yanına gəldikdə hz. Muhəmməd əbasını onlar üçün çıxarıb yerə sərmişdir.
-Peyğəmbərimizin xanımlarından biri Misirdən gəlmiş xristian Mariya binti Şəmun idi.
-Peyğəmbərimizin xanımlarından biri hz. Səfiyyə anamız isə Mədinədəki musəvilərdən Madıroğulları qəbiləsinin başçısı Hüyəy bin Əhtabın qızı idi.
-Hz. Muhəmməd Əvs və Xəzrəc qəbilələri ilə bağlanan Mədinə müqaviləsinə musəvilərin də qatılmasına izin vermiş və beləliklə, onların müsəlmanların arasında ayrı dini qrup olaraq varlığını davam etdirməsini təmin etmişdir.
-Mədinə müqaviləsinin “Bəni-Əvf musəviləri inananlarla birlikdə cəmiyyət qurdular. Musəvilərin dini özlərinə, müsəlmanların da dini özlərinədir” hökmü ilə müsəlmanların musəvilərin ənənə və inanclarına göstərdiyi anlayışın təməli Peyğəmbərimizin dövründə atılmışdır. Yenə eyni mətnin 26-33-cü maddələrində kitab əhlinə mənsub vətəndaşların müsəlmanlarla eyni haqlara sahib olduğu, 16-cı maddədə isə onlara qarşı haqsızlıq edilməyəcəyi göstərilir.
-Peyğəmbərimiz 630-cu ildə müsəlman olduqlarını bildirmək üçün Mədinəyə gələn Ximyər hökmdarının elçilərinə bu təlimatı vermişdir: “Bir musəvi və ya xristian müsəlman olduğu təqdirdə möminlərdən olur (onlarla hüquqi baxımdan bərabərdir). Kim musəvi və ya xristianlıqda qalmaq istəyirsə, ona müdaxilə edilməz”. (İbn Hişam, “əs-Sirə” II, 586)
-Nəcran xristianları Mədinəyə altmış nəfərlik heyət göndərdilər. Mədinəyə çatan Nəcran heyəti məsciddə Peyğəmbərimizin hüzuruna çıxmış, ibadət vaxtı gəldikdə orda ibadət etmək istəmişdirlər. Səhabələr buna etiraz etsə də, Allah Rəsulu məscidi onlara verdi. Onlar da Şərqə dönüb ibadət etdilər. (İbn Hişam, “əs-Sirə”, 573-574; Həmidullah, “İslam Peyğəmbəri”, I, 619-620)
-Peyğəmbərimizin dövründə musəvi və xristianlara verilən amannamələrlə kitab əhlinin hüquqları qorunmuşdur. Sonrakı dövrlərdə hər hansı bir anlaşılmazlıq olanda kitab əhli bu amannamələri göstərmişdir. Məsələn, dəməşqli xristianların onlara verilən amannaməni dövrün xəlifəsi hz. Ömərə göstərib problemlərinin həll edilməsini istədikləri tarix kitablarında mövcuddur.
- Peyğəmbərimiz xristian İbn Harris bin Kab və qövmünə yazdırdığı razılaşma mətnində bu maddələri yazdırmışdır: "Şərqdə və qərbdə yaşayan bütün xristianların dinləri, kilsələri, can və malları Allahın, Peyğəmbərin və bütün möminlərin himayəsindədir. Xristianlardan heç kim istəmədən İslamı qəbul etməyə məcbur edilməyəcək. Xristianlardan biri hər hansı bir cinayət və ya haqsızlığa məruz qalsa, müsəlmanlar ona kömək etmək məcburiyyətindədirlər".
-Peyğəmbərimizin Ədruh, Məkna, Xeybər, Nəcran və Aqabədən olan kitab əhlinə verdiyi sənədlər müsəlmanların kitab əhlinin can və mal güvənliyini zəmanətə aldığını və onlara inanc və ibadət azadlığı verdiyini göstərir.
-Peyğəmbərimiz təbliğə başlayanda ilk dəfə Məkkədə bəzi xristianlarla qarşılaşmışdı. Hətta özünə vəhyin gəldiyi ilk günlərdə onunla və hz. Xədicə ilə ilk dəfə danışanlardan biri Varaqa bin Nofəl İncilin ilk əl yazmalarına sahib xristian idi. (Buxari, Bədül-vəhy, 3)
-Xəlifələr dövründə dağıdılan kilsələr müsəlmanlar tərəfindən təmir edilir, yeni sinaqoq və monastırların inşa edilməsinə icazə verilirdi. Məsələn, Mədain xaricindəki və patriarx Mar Ammə tərəfindən daha öncə yandırılan Əziz Sergey monastırı hz. Osman dövründə yenidən inşa edilmişdir.
-Suriyanın fəthindən sonra müsəlmanlar Şamdakı Əziz Con kilsəsində namaz qılırdı, xristianlar da bazar günləri öz ibadətlərini sərbəst şəkildə yerinə yetirirdilər. İlk dinin mənsubları eyni məsciddə sülh içində ibadət edirdilər.
Peyğəmbərimizin Tövrat və İncillə bağlı tətbiqatı
Müslim belə nəql edir: “Əbu Hüreyrənin şahidliyi ilə hz. Peyğəmbərdən belə nəql olunur ki, Peyğəmbərimiz buyurmuşdur ki, kitab əhli Tövratı ibranicə oxuyur, müsəlmanlar üçün ərəbcəyə tərcümə edirdilər”. (Mişkətül-Məsabih, I kitab, 6-cı hissə, səh. 42)
“Əl-Hafiz əl-Zəhəbi qeyd edir ki, yəhudilikdən İslama dönən Abdullah ibn Salam Peyğəmbərin yanına gəldi və ona: “(Dünən gecə) Quranı və Tövratı oxudum”, -dedi. O da cavab verdi: “Bunu bir gecə, o birini də başqa gecə oxu”. (Al-Thalabi, Al-İman; al-Thalabi, Tathkarar al-Huffadh, I cild, səh. 27)
“Hz. Muhəmmədin yaxın çevrəsindən Abdullah ibn Əmr müntəzəm Tövrat oxuyurdu. Bir gün gecə yuxusunda bir əlində bal, digərində yağ tutduğunu, bəzən o biri, bəzən də bu biri əlindən yediyini görür. Sonra o, yuxusunu Peyğəmbərə danışır. Peyğəmbərimiz Abdullahın yuxusunu iki kitabı, yəni bəzən Tövratı, bəzən də Quranı oxuması ilə açıqlayır”. (Səhih Buxari, 6-cı cild, 987-ci hədis, səh. 439)
“Əbu Səid Hudridən: Peyğəmbərimizdən belə soruşduq: “Ey Allahın Rəsulu, İsrail oğullarından bir şey nəql edə bilərikmi?” Belə buyurdu: “Bəli, edə bilərsiniz. Onlardan bir şey yazsanız, bilin ki, onlarda daha maraqlı məlumatlar vardır”. (Hənbəl, Müsnəd, 111-12, hədis nömrə: 11034)
Peyğəmbərimiz hər zaman sülh tərəfdarı olmuşdur
Peyğəmbərimiz heç vaxt müharibə arzulamamış, İslam əxlaqını insanlara dinc yolla çatdırmağa çalışmışdır. Buna görə də hücum və təzyiqlərə illərlə səbir göstərmiş, lakin bunlara cavab vermək zəruri olduqda Allahdan gələn vəhylə savaşa izin vermişdir. O, təzyiq və hücumlar həyati təhlükəyə çevrilmədikcə və sülh yolu mümkünsüz olmadıqca heç bir ölkəyə müharibə elan etməmişdir.
Mutə savaşı müsəlmanların Peyğəmbərimiz həyatda ikən ən qanlı və ən çətin müharibəsi olmuşdur. Peyğəmbərimiz bu orduya Zeyd bin Harisəni başçı təyin etmiş və orduya aşağıdakı məsləhətləri vermişdir:
“Allahın adı ilə və Allah yolunda Onu inkar edənlərlə savaşın. Xəyanət etməyin. Qulaq və burun kimi bədən üzvlərini kəsməyin. Uşaq, qadın, yaşlı və məbəddəki din adamlarını öldürməyin. Xurma və başqa ağacları kəsməyin, evləri dağıtmayın”. (Buxari)
Savaş əsnasında göstərilməsi gərəkən əxlaqi prinsiplər isə belə sadalanır:
- Yalnız müharibəni təşviq edən və müharibədə iştirak edənlərlə müharibə edilir.
- Kilsələrdəki rahiblərə qətiyyən toxunmaq olmaz.
- Uşaqlara zərər vermək olmaz.
- Qadınlara zərər vermək olmaz.
- Yaşlılara zərər vermək olmaz.
- Əkin yerlərinə zərər vermək olmaz.
- Əhdə vəfa göstərmək və müqavilələrə sadiq qalmaq lazımdır.
- Heyvanlara zərər vermək olmaz.
- Zülmə yol vermək olmaz.
- Şəhərləri dağıtmaq olmaz. (Ahmet Hamdi Akseki, Abdurrahman Azzam Paşa'nın "Allah'ın Peygamberlerine emanet ettiği ebedi risalet", Diyanet İşleri Başkanlığı Neşriyat, Ankara, 1948, ön söz)
Əsri-səadət dövrünün sülh və hüzurla davam etməsinin ən əhəmiyyətli səbəblərindən biri Quran əxlaqını yaşayan Peyğəmbərimizin ədalətli olmasıdır. Əcnəbi yazıçılar da Peyğəmbərimizin bu üstün xüsusiyyətindən təsirlənib onun gözəl əxlaqını əsərlərində təsiredici ifadələrlə tərifləmişlər. Corc Bernard Şou (George Bernard Shaw) “Səmimi İslam” əsərində bu xüsusiyyətləri belə qeyd edir:
“Hz. Muhəmmədin dinini möhtəşəm canlılığı səbəbi ilə daima üstün tutmuşam. Hər dövrə xitab edən, həyatın dəyişən mərhələlərinə uyğunluq təşkil edən tək din kimi gəlir mənə. Onu -o misilsiz insanı- araşdırdım və məncə... İnsanlığın xilaskarı adlandırılmalıdır. Əgər onun kimi bir şəxs modern dünyanın hökmranlığını öhdəsinə götürsəydi, çox ehtiyac duyulan sülh və xoşbəxtliyi gətirib dünyanın problemlərini həll etməkdə müvəffəqiyyətli olardı... (Sir George Bernard Shaw, The Genuine Islam, cilt.1, No.8, 1936)
Dövrümüzdə dünyanın dörd tərəfində meydana gələn münaqişə və qarşıdurmaların tək həlli xurafatdan təmizlənmiş şəkildə Quran əxlaqını mənimsəmək və Peyğəmbərimiz kimi din, dil və irq fərqi qoymadan ədalətdən ayrılmamaqdır.