İslam dininə və müsəlmanlara qarşı ön mühakimədən qaynaqlanan islamofobiya anlayışı 11 sentyabr hücumlarından sonra dünya gündəliyini zəbt etsə də, bunun kökü xaç yürüşlərinə, hətta daha da əvvələ- müsəlmanların ilk dövrlərdəki yayılmasına qədər uzanır. Hazırda isə bütün İslam dünyasına yayılmışdır. Müsəlmanlar 45 milyonu ötən nüfuzla Avropanın 6 faizini təşkil edir. Hər il 1 milyon müsəlman Avropaya köçür. Avropada müsəlmanların doğumu qeyri-müsəlmanlara nisbətən 3 dəfə çoxdur. 2050-ci illərdə müsəlmanların nüfuzunun 20 faizə çatacağı və Avropanın beşdə birini təşkil edəcəyi təxmin edilir. Şübhəsiz ki, bu, Avropada islamofobiyanın güclənməsinin başlıca səbəblərindən biridir. Lakin islamofobiyanın bütün dünyada güclənməsinin əsl səbəbi son dövrlərdə İslam adından ortaya çıxan radikal terror təşkilatlarının insanlığa sığmayan əməlləridir. İslamın əslindən çox uzaq və sapqın anlayışa malik bu radikal qruplar bütün dünyada İslama qarşı böyük qorxu və nifrətin oyanmasına səbəb oldu. Həqiqətdə İslamla heç bir əlaqəsi olmadığı halda özlərini İslam təmsilçiləri kimi tanıdan bu qruplaşmaların vəhşi əməllərindən qaynaqlanan qorxu bütün dünyada islamofobiya olaraq yayıldı. Bunun beyinlərə təsirinin ən böyük rolunu öncədən də İslam əleyhdarları olan bəzi çevrələr üzərilərinə götürdü. Bu çevrələrin fəaliyyəti haradasa sektor deyiləcək dövriyyənin meydana gəlməsinə və trilyonlarla dollarlıq beynəlxalq güvənliklərin, kəşfiyyat və sənayelərin ortaya çıxmasına şərait yaratdı. Bu dövriyyə iqtisadi zonaları, maliyyə mərkəzlərini, əhəmiyyətli enerji qaynaqlarını və yeraltı sərvətləri əlində saxlayan İslam dünyasının yüksəlişini durdurmaq məqsədinə xidmət edirdi.
Qərbli hökumətlərin xüsusilə 11 sentyabrdan sonra müsəlmanları hədəf alan siyasəti və buna uyğun çıxardığı qanunlar islamofobiyanın yaranmasını sürətləndirdi. Həmçinin ifrat sağçı partiyalar da İslam əleyhdarlığının qızışmasında böyük rol oynadılar. Bu partiyalar tez-tez islamofobiya ifadəsini işlədib səs toplayır, beləcə, müsəlman əsilli mühacirləri hədəf almaqla yüksəlirdilər. Avropadakı müsəlman əsilli miqrantlar islamofobiya ilə yanaşı, həm də ksenofobiya (əcnəbi qorxusu) ilə də mübarizə aparmaq məcburiyyətindədirlər. Özlərindən görmədiyi üçün mədəni və sosial həyatlarını təhdid etdikləri əsası ilə onları yad qəbul edib alçaldan və maddi-mənəvi hücumlara məruz qoyan irqçi zehniyyət Avropanın bir çox ölkəsində yüksəlməyə davam edir. Ən çox zərər görənlər yenə müsəlmanlardır. Məscid və iş yerlərinin daşlanması, molotov kokteyli atılıb divarlarına təhqirli sözlər yazılması, işçilərin döyülməsi, məzarlıqların dağıdılması, evlərə girməklə ailə üzvlərinin təhdid edilməsi və s. kimi bənzəri hücumlar Avropada müsəlmanların tez-tez qarşılaşdığı hadisədir.
Bütün bunlar müsəlmanların qərb ölkələrində məruz qaldığı təzyiqləri gözlər önünə sərir. Halbuki başqa mühacirlər kimi, müsəlman miqrantlar da öz ölkələrindən ayrılıb gəldiyi yerlərin ictimai həyatına inteqrasiya olunmağa çalışan və cəmiyyətə iqtisadi yöndən fayda verə insanlardır. Şübhəsiz, bu insanlara təşəkkür etmək əvəzinə yad davranmaq ədalətsizlik olmaqla yanaşı, insan haqlarına və müasir demokratiyaya da uyğun deyil.
Qərbdə yaranan İslam və müsəlman əleyhdarlığını bir kateqoriyada vurğulamaq doğru olmaz. Müsəlmanların qərb cəmiyyətində iş və qida imkanlarını azaltdığını düşünənlər, xalqın bu qorxusundan istifadə edib qəsdən İslam düşmənliyi meydana gətirənlər, müsəlmanların sayının artıb xristianlığı ortadan qaldıracağını zənn edənlər və ya İslamı tanımadıqları üçün onu terrorla eyniləşdirib təbii olaraq qorxuya düşənlər və s. kimi qruplaşdırıb ayırmaq lazımdır. Bütün bu problemlərin həlli üçün yeganə yol var: gerçək müsəlmanların dini səbir və təvazökarlıqla anlatması və həmçinin İslamın xürafələrdən uzaq, modern, elm və məntiqə uyğun olduğunu, terroru qadağan edib sülh və sevgini təşviq etdiyini həm sözlərində, həm də hərəkətlərində göstərməsi. Digər yandan, müsəlmanlar məqsədlərinin xristianlığı ortadan qaldırmaq olmadığını, çünki İslamın qaynağı Quranın xristianları təsdiqləyib təriflədiyini dilə gətirməlidirlər. Bununla yanaşı, terror, intihar hücumu, qətliam kimi terminlərlə anılan, həmçinin elmə, sənətə və gözəl olan hər şeyə qarşı çıxan və digər dinlərə düşmənlik edən zehniyyətin İslamdan deyil, xurafatdan qaynaqlandığını anlatmalıdırlar. Unutmaq olmaz ki, qərblilər radikal xurafatçıların təsiri ilə İslamın ağılsız, mərhəmətsiz və geridə qalmış din olduğunu və terroru, radikalizmi müdafiə etdiyini, həmçinin islami dəyərlərin demokratiya və insan haqları ilə uyğunluq təşkil etmədiyini zənn edirlər. Bir çoxları İslamı elm və mədəniyyət kimi arqumentlərlə deyil, terror, şiddət və xurafatla bir tutur. Buna görə də müsəlmanlar islamofobiyanı gücləndirən səbəblər arasında, bəlkə də, ən önəmlisinin bu yanlış bilgilər olduğunu, dinimizdən qorxan bir çox insanın İslam haqqında çox az şey bildiyini və bildiklərinin çoxunun da doğru olmadığını əsas almaqla təbliğat aparmalıdırlar.
Təbii ki, bu yerdə demokratiyaya və insan haqlarına verdiyi dəyərlə və bütün inanclara tolerant yanaşmaqla öyünən Qərbin üzərinə böyük məsuliyyət düşür. Öncəliklə, islamofobik və irqçi olaylara qarşı qanunlar çıxarılmalıdır. Başda musəvi düşmənliyi kimi, islamofobiya da tezliklə nifrət cinayəti qəbul edilməlidir. Özlərindən olmayanları alçaltmadan onlarla sevgi və dostluq mühitində mədəni həyat qurmaq Qərbin birinci vəzifəsi olmalıdır. Qərb ölkələri, beynəlxalq və qeyri-hökumət təşkilatları bu mövzuda lazımi diqqəti ön plana çəkməlidir. Gələcək nəsillərin bu ön mühakimədən uzaq yetişməsi üçün tez bir zamanda yeni qanunların çıxarılması və ictimaiyyətə təlim verilməsi dünya sülhü baxımından çox zəruridir.