Dövrümüzdəki terror problemi ilə paralel şəkildə əsas mövzuya çevrilən başqa bir əhəmiyyətli məsələ Qərb və İslam dünyası arasındakı münasibətlərdir. Bilindiyi kimi, 90-cı illərdən etibarən bəzi müşahidəçilər yanlış inancla Qərb və İslam dünyası arasında münaqişə olacağını irəli sürmüşdülər. S.Hanqintonun (Samuel  Hunginton) məşhur “Mədəniyyətlər qarşıdurması” tezisinin əsas mövzusu da budur. Halbuki E.Seid tərəfindən daha doğru ifadə edilən “Cəhalətlər qarşıdurması” tezisi hər iki mədəniyyətlərin daxilindəki bəzi radikal və bilgisiz ünsürlərin mübaliğəsindən qaynaqlanan  xəyali ssenariyə əsaslanır. Hanqintonun “mədəniyyətlər qarşıdurması” fikri elmi və vicdani heç bir dəlili olmayan nəzəriyyədir.

Tarix boyu yer üzünün hər bölgəsində müxtəlif mədəniyyətlər mövcud olmuşdur və bunlar qarşılıqlı sosial-mədəni münasibətlər qurmaqla bir növ mədəniyyət alış-verişi etmişlər. Hər irq və hər millət fərqli mədəniyyətə malikdir və hər birinin ayrı xüsusiyyətləri olur. İnsanlar qarşılıqlı şəkildə həmin mədəniyyətlərdən yeni şeylər öyrənirlər.

Bu qarşıdurma iddiası yaxın keçmişdə  kommunizm vasitəsilə sınanmış və ortalığa 20-ci əsrin qanlı nəticəsi çıxmışdır. Halbuki hazırda dünyanın münaqişəyə deyil, ümumbəşəri sülhə ehtiyacı var. Bundan başqa, münaqişə yönlü siyasət heç bir fayda verməz. İslam və Qərb mədəniyyətləri arasında heç bir qarşıdurma ola bilməz. Çünki Qərb mədəniyyətinin əsasını təşkil edən musəvi-xristian inancı İslama qarşı deyil, əksinə, tam ittifaq halındadır.

Quranda musəvi və xristianlar kitab əhli adlandırılır. Bunun səbəbi hər iki din mənsublarının Allahın vəhy etdiyi ilahi kitablara tabe olmasıdır. İslamın kitab əhlinə baxışı çox ədalətli və mərhəmətlidir. Bu ədalət hələ İslamın zühur etdiyi illərdə Quranın əsaslarına görə formalaşmışdır. Bilindiyi kimi, o dövrdə Məkkədəki bütpərəstlərin təzyiq və işgəncəsi altında inanclarını qorumağa çalışan müsəlmanların sayı az idi. Təzyiqin artması ilə müsəlmanlar Məkkəni tərk edib ədalətli rejimə sığınmağa qərar verdilər. Peyğəmbərimiz hz. Muhəmməd onlara Efiopiyadakı xristian kral Nəcaşiyə sığınmağı nəsihət etdi. Müsəlmanlar orada onları sevgi və hörmətlə qarşılayan çox ədalətli  rejimlə qarşılaşdılar. Kral Nəcaşi müsəlmanların geri təslim edilməsini istəyən elçiləri rədd etdi və onların ölkədə azad yaşaya biləcəyini açıqladı. Xristianların şəfqət və mərhəmət anlayışına əsaslanan bu davranışları Quran ayələrində belə açıqlanır:

... “Biz xaçpərəstik!”– deyənləri isə dostluq baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcəksən. Çünki onların arasında keşişlər və rahiblər vardır və onlar təkəbbürlük göstərmirlər. (Maidə surəsi, 82)

 

Kitab əhlinin müsəlmanlarla ortaq inanc və dəyərləri

Xristian və müsəlmanların inancı bir çox yöndən müştərəkdir. Eyni şəkildə, musəvilik də İslamla ortaq inancları paylaşır. Allah Quranda müsəlmanların kitab əhli ilə imanda birləşdiyini “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız Ona itaət edirik” (Ənkəbut surəsi, 46) ayəsi ilə bildirir.

Hər üç dinin mənsubları:

  • Allahın bütün dünyanı yoxdan yaratdığına və bütün maddəyə sonsuz qüdrəti ilə hakim olduğuna inanır.
  • Allahın canlıları və insanı möcüzəvi şəkildə yaratdığına və insanın Allahın verdiyi ruha malik olduğuna inanır.
  • Ölümdən sonra dirilməyə, cənnət və cəhənnəmin, həmçinin mələklərin varlığına iman edir, Allahın həyatımızı qədər (tale) üzrə yaratdığına inanır.
  • Tarix boyu Allahın insanlara hz. Nuh, hz. İbrahim, hz. İshaq, hz. Yusif və hz. Musa kimi bir çox peyğəmbər göndərdiyinə inanır və bütün peyğəmbərləri sevir.

Bir ayədə müsəlmanların peyğəmbərlər arasında heç bir fərq qoymadığı belə deyilir:

Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə  inanmış və möminlər də iman gətirmişlər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və  peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. Eşitdik  və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla,  Sənin dərgahına  qayıdacağıq!” (Bəqərə surəsi, 285)

Yalnız imani mövzularda deyil, əxlaqi dəyərlər mövzusunda da kitab əhlinin inancı müsəlmanlarla uyğunluq təşkil edir. Dövrümüzdə fahişəlik, narkotik asılılığı kimi əxlaqsızlıqların, eqoist və amansız insan modelinin sürətlə yayıldığı bir dünyada kitab əhli və müsəlmanlar eyni dəyərlərə inanırlar: namus, iffət, təvazökarlıq, fədakarlıq, dürüstlük, şəfqət və mərhəmət...

90-cı illərdən bəri əsas mövzuya çevrilən “tarixin sonu” və “mədəniyyətlər qarşıdurması” kimi düşüncələrin ardından hər ölkənin çox çətin günlər yaşadığı son zamanlarda əsl həqiqət odur ki, bu fikirlərin heç bir əsası yoxdur və bunlarla problemi həll etmək mümkün deyil. Təcrübələr digərinin bədbəxtliyi üzərinə xoşbəxtlik qurmağın mümkün olmadığı göstərir. İndi problemi həll etməyin yolunu tapmaq zamanı gəlmişdir. Bunun yollarından biri Quranın kitab əhlinə verdiyi dəyərin doğru anlaşılmasıdır.

 

Quranda kitab əhlinə verilən dəyər

Bu gün pak nemətlər sizə halal edildi. Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. İsmətli mömin qadınlar da, sizdən əvvəl Kitab verilənlərin ismətli qadınları da, namuslu olub zinakarlıq etməmək və aşna saxlamamaq şərti ilə mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. İmanı inkar edənin əməlləri boşa çıxar və o, axirətdə ziyana uğrayanlardan olar. (Maidə surəsi, 5)

Bu ayə müxtəlif təfərrüatı ilə kitab əhlinin müsəlmanlar üçün dəyərindən bəhs edir. Ayənin hökmünə görə, müsəlman kişi kitab əhlinin qadınları ilə evlənə bilər. Bu, çox önəmli məsələdir. Çünki Quranın “Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər” (Nur surəsi, 26) hökmünə əsasən, müsəlmanlar təmiz və yaxşı insanlarla evlənməlidirlər. Bu hökm musəvi və xristianların təmiz və yaxşı insanlar olduğunu göstərir.

Bununla yanaşı, bu ayə əhəmiyyətli ölçünü müəyyənləşdirir. Bir müsəlman musəvi və ya xristian xanımla evlənir, ona: “canım, sevgilim”, -deyə xitab edir, bütün ömrünü və hətta axirət həyatını belə onunla birlikdə keçirməyə niyyət edir. Bu insan dünya həyatı boyu bütün çətinlik və gözəllikləri paylaşdığı yeganə insan olur. Xəstələndikdə qulluğunda durur və bir-birinə güvənirlər. Xurafatçılara görə, bir insan həyatını birgə keçirdiyi, canını əmanət etdiyi və uşaqlarının anası olan sevgilisinə xristian və ya musəvi olduğu üçün anidən düşmən kəsilib ona lənət edərmi?  “Bu ağac mənə xəbər verdi ki, zövcəm musəvidir və onun arxasında gizlənib”, -deyərək onu öldürməyə qərar verərmi? Bunu ancaq ruhi xəstə edə bilər.   Qurana tabe olan ağlı başında müsəlman üçün musəvi və xristiana sevgi ölçüsü bu ayədədir. Ayədə bundan başqa, kitab əhlinin yeməyinin halal olduğu da bildirilir. Bu, əhəmiyyətli mövzudur, çünki müsəlmanlar yemək zamanı haramlara diqqət etməlidir. Donuz əti, Allah adına kəsilməmiş heyvan əti müsəlmanlara haramdır. Kitab əhlinin yeməklərinin müsəlmanlara halal edilməsi onların etibarlı olduğunun zəmanətidir. Eyni şey kitab əhlinə də aiddir və ayənin hökmünə görə, müsəlmanların da yeməyi onlara halal edilmişdir.

Burda başqa dostluq ifadəsinə də diqqət yetirmək lazımdır. Kitab əhli və müsəlmanlar eyni süfrədə otura bilər və bir-birinə qonaq gedə bilərlər. Burada dostluq əlaqələrindən bəhs edilir. Kin və nifrət mühiti deyil, dostluq və qardaşlıq mühiti təsvir edilir.

Kitab əhlinin mövqeyindən təkcə bu ayə bəhs etmir.  Allah Quranda kitab əhlinin bir qismini tərifləyir. Həmin ayələr aşağıdakılardır:

Musanın qövmündən elə bir camaat vardır ki, haqq ilə  doğru yola yönəldir və onun sayəsində ədalətlə hökm verirlər. (Əraf surəsi, 159)

Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allahın ayələrini oxuyurlar. Belələri Allaha, axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır. (Ali-İmran surəsi, 113-115)

Həqiqətən, kitab əhlindən elələri də var ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Ali-İmran surəsi, 199)

Ayələrdən də anlaşıldığı kimi, Quranda səmimi olan musəvi və xristianlar təriflənir və mükafatla müjdələnirlər. Allah onların cənnətə girəcəyini buyurur. Bu, Allahın sevgi ifadəsidir. Allahın razı olduğu və sevdiyi  insana müsəlman düşmən ola bilərmi? Qurana görə, ola bilməz və bu cür düşmənlik günahdır.  Dolayısilə, xurafatçılar Quran ayələrinə baxmayaraq, saxta hədisləri əsas alıb kitab əhli düşmənliyini yaymaqla günaha girirlər. Ən doğru olan kitab əhlini gözəl üslubla İslama dəvət etmək, qərarı isə onların öhdəsinə buraxmaqdır.