İslamda savaşa əsas yoxdur

İslamın müharibə ilə yayıldığını və savaşçı din olduğunu iddia edənlər (dinimizi tənzih edirik) bu düşüncənin İslam doktrinasına tamamilə zidd olduğunu başa düşməlidirlər. İslam haqqındakı bütün yanlış düşüncələr Quranın vəhyindən və Peyğəmbərimizdən sonra ortaya çıxarılan uydurma hədis və xürafələrdən qaynaqlanır. Bəzi radikal qruplaşmalar bu uydurma hədislərə əsaslanıb İslam dinini öz bilgilərinə uyğun şərh etməklə savaşı qanuniləşdiriblər. Müsəlman olmayan, hətta özləri kimi düşünməyən müsəlmanlara qarşı hücumları da buna əsaslandırıblar.

Əvvəlki hissələrdə də ətraflı açıqladığımız kimi, Quranda qarşı tərəfə hücum etmək üçün heç bir əsas yoxdur. Quran demokratiya və azadlığı ən mükəmməl şəkildə təsvir edir.  Azadlığın mövcud olduğu yerdə kimi isə düşmən elan edib onu susdurmağa çalışmaq söz mövzusu ola bilməz. Çünki belə bir azad mühitdə hamıya hörmət edilir və hər kəs rahat danışır. İslam şəriəti həmin mühiti təsvir edir. Dolayısilə, Quranda müharibəyə əsas yoxdur. Lakin xurafatçıların uydurduğu şəriətdə savaşmaq, hücum etmək, öldürmək   üçün saysız-hesabsız  əsas vardır. Bu həqiqətləri Quran ayələri işığında izah edək:


İslamı zorla qəbul etdirmək üçün müharibə edilməz

İslamı insanlara savaş və təzyiq yolu ilə qəbul etdirməyə çalışanlar Qurana xəyanət edirlər. Quranda ən açıq hökmlərdən biri dində əsla məcburiyyətin olmamasıdır:

 Dində məcburiyyət yoxdur. (Bəqərə surəsi, 256)

Bu açıq ayə Quranın hökmüdür. Heç bir müsəlman bu hökmdən kənara çıxıb başqasına dindar olmaq üçün təzyiq göstərə bilməz. Bu, Quranda qadağan edilmişdir.

Peyğəmbərimiz yalnız nəsihət edəndir. Təbliğ etməklə və son gələn haqq din İslamı cəmiyyətlərə tanıtmaqla vəzifəlidir. O dövrdə İslam dinini Peyğəmbərimizdən və müsəlmanlardan dinləyənlərin bəzisi iman gətirmiş, bəzisi isə gətirməmişdir. Quranın açıq hökmlərinə əsasən, Peyğəmbərimiz və yanındakı müsəlmanlar qəti şəkildə təzyiqə əl atmamışlar.

Quranda Peyğəmbərimizə “(Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üzərində hakim deyilsən!” (Ğaşiyə surəsi, 21-22) ayələri ilə xitab edilməklə təzyiq qəti olaraq qadağan edilmişdir. Qurana əsasən, digər bütün müsəlmanlar da İslam əxlaqını yaymaqla vəzifəlidirlər. Lakin heç kimə “sən müsəlman olmalısan”, “ibadət etməlisən” kimi sözlərlə təzyiq göstərə bilməzlər. Quranın məqsədi dünyaya sevgi və hüzur gətirməkdir. Dolayısilə, təzyiq mühitinin Qurana uyğun olmadığı açıq-aşkardır. 

Quranda təzyiqin açıq şəkildə qadağan edildiyi digər bəzi ayələr belədir:

De: “Haqq Rəbbiniz tərəfindəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın”. (Kəhf surəsi, 29)

Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən? (Yunis surəsi, 99)

Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver! (Qaf surəsi, 45)

(Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən. Sən onların üzərində hakim deyilsən! (Ğaşiyə surəsi, 21-22)

De: “Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm. Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin dininiz sizə, mənim dinim də mənədir!” (Kafirun surəsi, 1-6)

Zor və təzyiq Quranda qadağan olunduğuna görə savaş, hücum, düşmənçilik və qəzəb üçün heç bir əsas qalmır.  Əgər təzyiq yolu ilə dini qəbul etdirmək haramdırsa, müsəlmanlar müşrik topluluqlarını nəyə məcbur edəcəklər? Dolayısilə, Qurandakı İslama görə, İslamı qəbul etdirmək əsla savaşa əsas deyildir.