Belə başlıq seçilməsinin səbəbi İslama əlavələr etməyə çalışan xurafatçıların və onlardan bəhrələnən bəzi İslam əleyhdarlarının yanlışlarını ortaya çıxarmaqdır. Bu insanlar bəzi Quran ayələrinin başqa ayələri nəsh etdiyini (Quranı tənzih edirik), yəni hökmünü qaldırdığını iddia edirlər. Dəlil olaraq isə aşağıdakı ayəni misal gətirirlər:
Biz bir ayəni dəyişdirir və ya onu unutdururuqsa, ondan daha yaxşısını və ya ona bənzərini gətiririk. Məgər bilmirsən ki, Allah hər şeyə qadirdir? (Bəqərə surəsi, 106)
Qurana dil uzadanlar öz xürafələrini yaymaq üçün bu ayənin yanlış şərhindən dəlil kimi istifadə edirlər. Bu minvalla, bir qisim ayələrin hökmünü qaldıracaqlarını və hətta yerinə uydurma hədisləri daxil edəcəklərini düşünürlər. Bir qisim İslam əleyhdarı da sərxoşedici içkilərlə bağlı və ya savaşla əlaqəli nəsh edilmiş ayələrin mövcudluğunu iddia edirlər. Beləliklə, müsəlmanları hökmü qaldırmağa tabe olanlar və olmayanlar olaraq iki yerə ayırmağa çalışırlar. Həqiqətdə isə ayənin açıqlaması belədir:
“Bir ayəni dəyişdirir” ifadəsindəki “ayə” sözü tək halda işlənmişdir və “dəlil”, “möcüzə” kimi mənalar ifadə edir. Necə ki, Quranda tək halda işlənən “ayə” sözü həmişə dəlil mənasında işlənmiş və digər bütün ayələrdə bu mənada tərcümə edilmişdir. Quran ayələrini ifadə edən “ayə” sözü isə Quranda heç bir yerdə tək halda işlənməmişdir.
Buradakı məna “Quran ayələri” deyil, daha öncə gəlmiş dəlil, qanun və şəriətlərdir. Ayəyə əsasən, haqq kitab verilmiş öncəki cəmiyyətlərin, yəni musəvi və xristianların məsuliyyət daşıdığı, lakin zamanla unudulan bir qisim hökm və tətbiqatlar Quranla xatırladılmış və ya ortadan qaldırılmışdır. Əvəzində isə bənzəri və ya daha xeyirlisi ilə- Quranla gətirilmişdir.
Burda ayədə işlənən “unutdurmaq” sözünün də üzərində durmaq lazımdır. Bir hökmün digərini nəsh etməsi üçün digər hökm unudulmalıdır. Quranda ayələrin hamısı 1400 il boyunca dəyişmədiyinə görə bir ayənin digərini nəsh etməsi mümkün deyil. Xurafatçıların iddia etdiyi nəsh edilən hökmlər unudulmamışdır, Quranda hələ də mövcuddur. Açıq şəkildə başa düşülür ki, burada bəhs edilən nəsh mövzusu keçmiş cəmiyyətlərə və zamanla unudulmuş hökmlərə aiddir. Keçmiş cəmiyyətlərə endirilən, fəqət unutdurulan hökmlər bunların bənzəri şəklində və daha xeyirlisi ilə Quranda söz mövzusu topluluqlara hökm kimi göndərilmişdir.