Bura kimi anlatdığımız həqiqətləri yekunlaşdırsaq, əsas olaraq onu qeyd etməliyik ki, Quranda təsvir edilən İslam sülh, sevgi və mərhəmət dinidir. Bu həqiqət müsəlman olmayan bir çox tarixçi və teoloq tərəfindən də qəbul edilir. Bunlardan biri keçmiş rahibə və Orta Şərq tarixi mövzusunda məşhur tədqiqatçı olan ingilis tarixçisi Karen Armstronqdur. Armstronq üç böyük ilahi dinin tarixini araşdırdığı “Müqəddəs müharibə” (Holy war) əsərində bu mövzuda aşağıdakıları açıqlayır:
““İslam” kəlməsi ərəbcə sülh sözü ilə eyni kökdən gəlir və Quran savaşı Tanrının rizasına zidd olan anormal durum kimi lənətləyir... İslam qarşı tərəfi yox etməyə yönəlmiş təcavüzkar savaşı dəstəkləmir... İslam savaşın qaçılmaz olduğunu qəbul edir və zülmü durdurmaq üçün lazımi vəzifə kimi görür. Lakin Quran savaşın sərhədli olmasını və mümkün qədər insani şəkildə yürüdülməsini öyrədir. Hz. Muhəmməd tək məkkəlilərlə deyil, eyni zamanda, bölgədəki musəvilərlə də müttəfiq olub hücuma keçən suriyalı xristian qəbilələri ilə mübarizə aparmağa məcbur olmuşdur. Amma bu, yenə də onun kitab əhlini lənətləməsi kimi bir nəticə doğurmamışdır. O, müsəlmanları müdafiə etməyə məcbur olmuş, lakin düşmənlərin dininə qarşı savaşmamışdır. Hz. Muhəmməd azad etdiyi köləsi Zeydi müsəlman ordusunun komandiri olaraq xristianlara qarşı savaşa göndərdiyində onlara Tanrı yolunda cəsur, lakin insancasına savaşmağı əmr etmişdir. Rahib, rahibə və keşişlərə qarşı təcavüzkar davranmamalı və savaşa qatılmayan gücsüz insanları hədəf almamalıdırlar. Mülki şəxslərə qarşı heç bir zorakılıq etməməli, tək bir ağac belə kəsilməməli, heç bir şey dağıdılmamalıdır...”4
Peyğəmbərimizdən sonra gələn xəlifələr də fəth edilən ölkələrdə həm yerli xalqın, həm də yeni gələnlərin sülh və güvənlik içində yaşamağını təmin ediblər. İlk xəlifə hz. Əbubəkr Suriya səfəri zamanı təlimat vermişdir. Ələ keçirilən yerlərdə mərhəmətli və tolerant davranmağı istəməsi Quran əxlaqının gözəl nümunəsini təşkil edir. Hz. Əbubəkrin ilk Suriya səfəri öncəsində ordusuna verdiyi təlimat belədir:
“Ey insanlar, ürəkdən tabe olacağınız on şey deyirəm: xəyanət etməyin və haqq yoldan ayrılmayın. Uşaq, qadın və yaşlı insanları öldürməyin. Xurma ağaclarını və heç bir meyvə ağacını kəsməyin. Dəvələrdən və ya sürülərdən heç birini öldürməyin... Həyatını axirətə həsr edən insanlarla qarşılaşacaqsınız; yeyin-için, lakin Allahı anmağı unutmayın”.5
Hz. Əbubəkrdən sonra xilafətə gələn, tolerantlığı və ədaləti ilə məşhur olan hz. Ömər isə ələ keçirilən ölkələrin yerli xalqı ilə ədalət və mərhəmət nümunəsi olan müxtəlif müqavilələr bağladı. Məsələn, hz. Ömər Qüds və Lüd xristianlarına verdiyi amannamədə (təhlükəsizlik sənədində) kilsələrin uçurulmayacağı və oralarda müsəlmanların toplu şəkildə ibadət etməyəcəyi xüsusunda zəmanət təklif etdi. Ləhm xristianlarına təklif edilən şərtlər də eyni idi.
Mədainin fəthi ilə Nəsturi patriarxı II İşuayhebə (650-660) verilən amannamə yenə eyni şəkildə kilsələrin dağıdılmayacağına və heç bir tikilinin məscid və ya evə çevrilməyəcəyinə dair zəmanətlər ehtiva edirdi.6 Hz. Ömər bu müqavilələrin hamısına sadiq qaldı. III Nəsturi patriarxının fəthlərinin ardından dostuna yazdığı bir məktub müsəlman idarəçilərinin kitab əhlinə qarşı mərhəmətini bir xristianın ağzından anlatması baxımından gözəl nümunədir:
“Allahın iradəni özlərinə verdiyi bu ərəblər... Bizə heç zülm etmədilər. Onlar, həqiqətən, dinimizə, din xadimlərimizə, kilsə və monastırlarımıza hörmət göstərdilər...”7
Hz. Ömərin verdiyi bu himayə müqaviləsi bizə bir möminin Quranda təsvir edilən əxlaqı göstərdiyi təqdirdə, hansı mərhəmətə sahib olacağını göstərir:
“Verilən bu amannamə xalqın sağlam-xəstə, yaxşı-pis bütün fərdləri üçün din, can, mal, kilsə və sinaqoqlarının himayəsi üçündür. Kilsələr dağıdılmayacağı kimi, məskən də edilməyəcək və onlardan heç nə əskilməyəcək. Xalqdan heç kim zərrə qədər də zərər görməyəcək. Bu kitabda yazılan xüsuslar Allah və Rəsulunun əhdi, xəlifələrin və möminlərin borcudur”.8
Bütün bunlar Allahın Quranda möminlərə əmr etdiyi ədalət və mərhəmətin təzahürüdür. Bir ayədə Allah belə buyurur:
Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah eşidəndir, görəndir. (Nisa surəsi, 58)
Anqlikan kilsəsinin missioner liderlərindən Kanon Taylor İslam əxlaqının gətirdiyi gözəllikləri bir təbliğində belə ifadə edir:
“... Adil və Rəhim olan Cənabi-Haqqın iradəsinə təslim olmağı, nəfsin məsuliyyətini, Qiyamət və hesab günü ilə dəlalətdə qalmağın şiddətlə cəzalandırılacağı bildirildi. Namaz qılıb oruc tutmaq və xeyirli işlər görmək kimi vəzifələri təyin etdi. Süni fəzilətləri, din adından edilən hilə və yüngüllüyü, əqaid mövzusunda mübahisə edənlərin bir-birinə uyğun olmayan sözlərini bir tərəfə atdı. Əsirlərə hürriyyət ümidi, insanlığa qardaşlıq duyğuları aşıladı və insan təbiətinin əsas həqiqətlərini təsdiq etdi”.9
Müsəlmanların fəth etdiyi ölkələrdə guya İslamın zorla qəbul etdirilməsi inancı qərbli tədqiqatçılar tərəfindən də qəbul edilməmiş, müsəlmanların adil və şəfqətli münasibəti hər kəs tərəfindən təsdiq edilmişdir. Qərbli tədqiqatçı L.Broun (L.Browne) bu vəziyyəti belə ifadə edir:
“... Doğru olduğuna şübhə edilməyən gerçəklər xristian qaynaqlarının müsəlmanların getdikləri yerdə xalqa İslamı guya qılınc gücü ilə qəbul etdirməsi iddialarının tamamilə əsassız olduğunu göstərir... Fəthlərin arxasındakı əsas amil onların xalqları İslam qardaşlığına çağırması idi... Odur ki, bu qardaşlığın miqyası İslamı qəbul edənlərlə sürətlə artırdı”.10
Broun “İslam perspektivləri” (The prospects of İslam) adlı kitabında müsəlmanların fəthlərinin əsl məqsədinin İslam qardaşlığı olduğunu göstərmişdir. Tarix boyu geniş ərazilərə hökm edən bütün müsəlman liderlər digər dinlərin mənsublarına qarşı çox mərhəmətli və hörmətcil davranmışdır. İslam dövlətlərində həm musəvilər, həm də xristianlar güvənli və azad həyat yaşamışlar.
Səlcuqilər və Osmanlı imperiyaları dövründə İslamın ədalət və şəfqəti davam etmişdir. İngilis tədqiqatçı Sir Tomas Arnold “İslamın təbliği” (The Preaching of İslam) adlı kitabında xristianların Səlcuqilərin bu münasibətinə görə onların idarəsi altına girmək istədiklərini belə yazır:
“İslam idarəsi altında dini həyatın əmniyyətdə olduğu haqqındakı bu hisslər yenə o dövrlərdə Anadolu (Kiçik Asiya) xristianlarının Səlcuq türklərini xilaskar kimi qarşılamasına vəsilə olmuşdu... Hətta VIII Mixail (1261-1282) dövründə Anadoludakı kiçik qəsəbə sakinləri Bizans İmperiyasının zülmündən qurtulmaq ümidi ilə türkləri qəsəbənin işğalına çağırmışdılar. Bununla yanaşı, həmin sakinlərdən varlı-kasıb bir çox adam o dövrdəki türk sərhədləri daxilində köç etməyi belə gözə almışdılar”.11
Səlcuqilərin ən parlaq dövründə Məlikşah ələ keçirdiyi torpaqlarda xalqa qarşı ədalətli və mərhəmətli davranmış, bu səbəbdən, fəth etdiyi ölkələrin xalqları tərəfindən sevgi və hörmətlə anılmışdır. Bütün tərəfsiz tarixçilər Məlikşahın bu davranışını səmimi şəkildə dilə gətirirlər. Hətta bu səbəblə, bir çox şəhər tarixdə çox nadir hallarda olan bir şəkildə, yəni öz istəyi ilə Məlikşahın idarəçiliyi altına keçməyi qəbul etmişdi. II səlib yürüşünə VII Luisin şəxsi katibi kimi qatılmış Müqəddəs Denis monastırının nümayəndəsi Odo de Dioqilo adlı rahibin Sir Tomas Arnoldun yenə həmin kitabında yer alan xatirələrində müsəlmanların hansı dinə mənsub olmasından asılı olmayaraq, hər kəsə qarşı necə ədalətli davranması bütün açıqlığı ilə bildirilir:
“Əgər müsəlman türklərin qəlbinə o səfalət və fəlakəti görməklə mərhəmət hissi gəlməsəydi, arxada qalan xaçpərəst dəstələrinin vəziyyəti çox ağır olardı. Türklər bu biçarələrin yaralılarına qulluq etdilər, kasıblarını alicənablıqla yedizdirdilər və onları ehtiyacdan xilas etdilər. Hətta bəzi müsəlmanlar rumluların qorxu və hiylə ilə hacılardan qopardığı fransız pullarını satın alaraq ehtiyacı olan hacılara verdilər. Eyni dindən olmayanların bu himayədarlığı ilə öz dindaşları olan, onlardan ağır işlərdə istifadə edən və onları döyən rumluların hərəkətləri xaçlı hacılar arasında elə bir müqayisəyə səbəb oldu ki, bunlardan bir çoxu onları xilas edən müsəlmanların dinini öz istəkləri ilə qəbul etdilər”.12
Tarixçilər tərəfindən yazılan bu sətirlər İslam əxlaqına sahib olan müsəlman rəhbərlərin hər zaman mehribanlıq, mərhəmət və ədalətlə hökm etdiyini təsdiqləyir. Əsrlər boyu 3 qitəyə hökm edən Osmanlı İmperiyasının tarixi də, eyni şəkildə, mehribanlıq və xeyirxahlıq nümunələri ilə doludur.
İspaniya və Portuqaliyadakı katolik dövlətlər tərəfindən soyqırımına və sürgünlərə məruz qalan yəhudilərin II Sultan Bəyazid dövründə Osmanlı torpaqlarına yerləşməsi İslam əxlaqının gətirdiyi mehribanlığın gözəl nümunəsidir. O dövrdə İspaniya torpaqlarının böyük hissəsinə hakim olan katolik krallar hələ xeyli əvvəldən müsəlman Əndəlus idarəçiliyi altında rahatlıq içində yaşayan yəhudilərə təzyiq göstərmişdilər. Müsəlman, xristian və yəhudilər Əndəlusda sülh şəraitində yaşayarkən katolik krallar bütün ölkəni zorla xristianlaşdırmağa cəhd etmiş, bu məqsədlə, yəhudilərə təzyiq göstərərkən müsəlmanlara qarşı da savaşa girmişdilər. Nəticədə, 1492-ci ildə həm İspaniyanın cənubundakı Qranada bölgəsinə sığınan son müsəlman idarəçiliyinə son qoyulmuş və müsəlmanlara qarşı qorxunc qətliam həyata keçirilmiş, həm də dinini dəyişdirməyi qəbul etməyən yəhudilər ölkədən sürgün edilmişdilər. Yurdsuz qalan yəhudilərin bir qismi Osmanlı İmperiyasına sığınmış və Dövləti-Ali (ali dövlət) bu tələbi qəbul etmişdi. Kamal Rəisin komandanlığı altında olan Osmanlı donanması ölkədən çıxarılan yəhudiləri və soyqırımından qurtula bilən müsəlmanları gəmilərlə daşıyaraq Osmanlı ölkəsinə gətirmişdi. Tarixə son dərəcə dindar bir mömin kimi düşən II Sultan Bəyazid 1492-ci ilin yazında İspaniyadan çıxarılan bu məzlum yəhudiləri Osmanlı ölkəsinin müəyyən yerlərinə, xüsusilə də bu anda Yunanıstanda olan Selanik (Saloniki), Ədirnə, Əyriboza bağlı Livadiya və Tirhala dairəsinə yerləşdirmişdi. Türkiyədə yaşayan 25 min nəfərə qədər Türkiyə yəhudilərinin böyük əksəriyyəti bəhs olunan İspaniya yəhudilərinin törəmələridir.
Musəvilər 500 il öncə özləri ilə gətirdikləri din və ənənələrini Türkiyə qanunlarına uyğunlaşdırıblar. Öz məktəbləri, xəstəxanaları, istirahət evləri, mədəniyyət qurumları və qəzetləri ilə rahat həyat sürürlər. Aralarında tacirlər və iş adamları olduğu kimi, mühəndis, memar və s. texniki mövzulardan ta reklamçılığa qədər müxtəlif sənət növlərinə sahib olanları, bunlarla yanaşı, alimlərdən və sənətçilərdən təşkil olunan və getdikcə inkişaf edən intellektual çevrələri var. Avropanın bir çox ölkəsindəki yəhudi icmaları əsrlərdir irqçi antisemit hücumların həyəcanı ilə yaşadığı halda, Türkiyədəki yəhudi icması rahatlıq içindədir. Yalnız bu nümunə İslamın gətirdiyi mehribanlıq və ədalət anlayışının təsbit edilməsi üçün kifayətdir.
II Sultan Bəyaziddə gördüyümüz şəfqət və mehribanlıq bütün Osmanlı padşahlarına xas idi. Fateh Sultan Mehmet İstanbulu fəth etdiyi zaman bu şəhərdə həm xristianlara, həm də yəhudilərə müstəqil yaşamaq hüququ vermişdi. Müsəlmanların mehriban və ədalətli davranışı mövzusunda İslam dünyası haqqında yazdığı qiymətli əsərləri ilə tanınan Andre Miquel bir əsərində belə deyir:
“Xristian xalqlar Bizans və Latın dövlətləri zamanında da tapa bilmədikləri çox yaxşı idarə olunan quruluşda idilər. Əsla sistemli şəkildə zülm görmədilər. Tam əksinə, imperiya İstanbul başda olmaqla, işgəncə görən İspaniya yəhudilərinə sığınacaq olmuşdu. Heç yerdə zorla islamlaşdırma olmamışdır”.13
Osmanlıdan əvvəl İslam dövlətlərində də qeyri-müsəlmanlara böyük hüquqlar verilmişdi. Corctaun Universitetində (ABŞ) din və beynəlxalq əlaqələr professoru Con Esposito tarixdə müsəlman dövlətlərin idarəçiliyinə keçən yəhudi və xristianların burada böyük şəfqətlə qarşılaşdığını belə ifadə edir:
“Bizans və fars torpaqlarında yaşayan və onsuz da xarici hökmdarlar tərəfindən idarə olunan bir çox müsəlman olmayan cəmiyyət üçün İslam idarəçiliyi idarəetmə dəyişikliyi mənasına gəlirdi, amma bu yeni rəhbərlər daha mülayim və tolerant idi. Bu icmaların çoxu daha çox muxtariyyətə sahib idi və əksər hallarda daha az vergi ödəyirdilər... İslamın dini münasibətlər baxımından yəhudilərin və yerli xristianların dini azadlığını daha çox tanıyan, daha şəfqətli din olduğu ortaya çıxdı”.14
İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır. (Ənam surəsi, 82)
- Mənbə