Terrorun başlıca mənası qeyri-hərbi, yəni mülki hədəflərə qarşı siyasi məqsədlə güc tətbiq etməkdir. Başqa sözlə desək, terrorun hədəfləri tamamilə günahsız dinc insanlardır. Bu insanların yeganə “günahı” onun terrorçunun gözündə qarşı tərəf, onlardan olmayan tərəf olmasıdır. Bu səbəblə də terror günahsız insanlara qarşı zor tətbiq edilməsi mənasına gəlir ki, bunun da heç bir əxlaqi anlamı və üzrlü səbəbi yoxdur. Bu, Hitlerin və ya Stalinin cinayətləri kimi, insanlığa qarşı işlənmiş günahdır. İman edənlər üçün isə bu, Allahın qəti əmrinə qarşı çıxmaqdır. İslamı terrorla uyğunlaşdırmağa çalışanlar birinci bu həqiqəti anlamalıdırlar.
Quran Allahın insanlara yolgöstərən olaraq endirdiyi kitabdır və Allah Quranda insanlara gözəl əxlaqı əmr edir. Bu əxlaqın əsasında isə sevgi, şəfqət, xeyirxahlıq, ədalət və mərhəmət kimi anlayışlar dayanır. Ərəb dilində “İslam” kəlməsi “sülh” sözü ilə eyni mənanı daşıyır. İslam özündə Allahın sonsuz mərhəmət və şəfqətini əks etdirən və insanlara sülh dolu həyat bəxş etmək üçün yer üzünə endirilən dindir. Quran ayələrində insanlar İslam əxlaqına çağırılır. “Bəqərə” surəsinin 208-ci ayəsində belə buyurulur:
Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (İslama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düşməninizdir!
Ayədən də göründüyü kimi, Allah insanların əmin-amanlığının onların Quran əxlaqına uyğun yaşaması ilə əldə olunacağını bildirir. Quran əxlaqına görə, bir müsəlman bütün digər insanlarla mehriban və ədalətli davranmağa, zəif və günahsızları qorumağa və yer üzündə fitnə-fəsadın qarşısını almağa məsuliyyət daşıyır. Fitnə-fəsad insanların əmin-amanlığını, rahatlığını və sülhü pozan hər cür anarxiya və terror halıdır. Bir ayədə buyurulur ki, Allah fitnə-fəsadı sevməz! (Bəqərə, 205) Bir insanın günahsız yerə öldürülməsi isə ən böyük fitnə-fəsadlardan biridir. Allah öncədən Tövratda musəvilərə vəhy etdiyi bu əmri Quranda belə bildirir:
Kim bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. (Maidə, 32)
Göründüyü kimi, bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir insanı öldürən şəxs bütün insanları öldürmüş qədər günah qazanır. Bu halda terrorçuların törətdiyi cinayətin, soyqırımın və aktual ifadə ilə desək, intihar hücumlarının nə qədər böyük günah olduğu açıq-aydındır. Allah terrorun axirətdəki “mükafatı”nın nə olacağını belə bildirir:
Cəza ancaq insanlara zülm edənlərə, yer üzündə fitnə-fəsad törədənlərə verilər. Məhz belələrini şiddətli əzab gözləyir! (Şura, 42)
Bütün bunlar onu göstərir ki, günahsız insanlara qarşı terror planı qurub həyata keçirmək İslama tamamilə ziddir və heç bir müsəlman belə günahı edə bilməz. Əksinə, müsəlmanlar bu gün belə günah iş tutan insanların qarşısını almağa, yer üzündəki fitnə-fəsadı aradan qaldırmağa və bütün insanlara rahatlıq və əmin-amanlıq gətirməyə görə məsuliyyət daşıyırlar. İslam terrorla birgə təsəvvür edilə bilməz. İslam terrorun qarşısındakı ən böyük maneə və terrorizm probleminin çözülməsi yoludur. Bu, İslamın təməlidir. Sülh İslamın ruhudur, lakin İslamı Qurana deyil, xürafələrə əsaslandıran xurafatçı məntiqdə isə bunun tam əksi tətbiq edilir.
Xurafatçıların problemi xürafələri din olaraq qəbul etmələridir. Çox qəribədir ki, xurafatçıların saxta dinini tənqid edənlər bəzən xürafələri onlar qədər doğru zənn edib radikal olurlar. Qurandan dəlil gətirildikdə onlar da xürafələrdən dəlil gətirməyə çalışırlar. Elə ən böyük xətanı da burda edirlər. Əgər gerçək İslamı tanıyıb xurafatın həll yolunu tapmaq istəyirlərsə, Quranda bildirilən həqiqi dinə yönəlməlidirlər. Xurafat və İslam arasındakı fərq ortaya çıxarılmadıqca radikalizm və dolayısilə, islamofibiya böyük bəla olaraq dünyanı bürüməyə davam edəcək. Bu səbəbdən, bütün dünyada Qurandakı gözəl əxlaq, yəni gerçək İslam hər fürsətdə anladılmalı və insanlara tanıdılmalıdır. Beləliklə, xurafatla İslam arasındakı fərq ortaya çıxarılmalıdır. Allahın fitnə-fəsadı qadağan etdiyi, gözəl əxlaqı təşviq etdiyi və düşüncə azadlığının, demokratiyanın ən gözəlinin Quranda olduğu açıqlanmalıdır.