Tarixi araşdırdığımız zaman Quranın rəhbərliyini qəbul edən müsəlman idarəçilərin hakim olduğu bölgələrdə sülh və sevginin hakim olduğunu görürük. Peyğəmbərimizin (səv) yaşadığı müddət boyu fəth etdiyi torpaqlarda gördüyü işlər bunun əhəmiyyətli nümunəsidir. Lakin Peyğəmbərimiz hz. Muhəmməddən sonra da Quran əxlaqından vaz keçməyən və elçilərin yolunu izləyən adil idarəçilər sülh və hüzur dolu mühit qurmağı bacarmışlar. Quranda təsvir edilən gerçək ədalət və dürüstlük bu idarəçilər dövründə də hökm sürmüş və onlar özlərindən sonra gələnlərə nümunə təşkil etmişlər.
Üç dinin bir arada yaşadığı Fələstin və Qüds torpaqları müsəlmanların hakim olduğu yerlərə necə hüzur gətirdiyi baxımından çox önəmlidir. Necə ki, son 1400 ildə müsəlmanlar Fələstin və Qüdsə daim sülh gətirmişlər.
Hz. Ömərin Fələstinə gətirdiyi sülh və ədalət
Miladi təqvimin 71-ci ilinə qədər Qüds musəvilərin paytaxt şəhəri idi. Ancaq həmin il Roma ordusu musəvilərə qarşı hücum təşkil edib onları bölgədən vəhşicəsinə sürgün etdilər. Musəvilərin diaspor dövrü başladığı vaxt Qüds və çevrəsi tərk edilmiş torpaqlara çevrilirdi. Roma İmperiyasının Konstantin dövründə xristianlığı qəbul etməsindən sonra Qüds yenidən maraq dairəsinə çevrildi. Xristian romalılar Qüdsdə kilsələr inşa etdilər və musəvilərin orada yerləşməsinə razılıq verdilər. Fələstin 7-ci əsrə kimi Roma (Bizans) ərazisi olaraq qaldı. Farslar qısa müddət bölgəni əllərində saxladı, lakin sonra Bizans yenidən Fələstinə hakim oldu.
Fələstin tarixində ən böyük dönüş nöqtəsi isə 637-ci ildə bölgənin İslam orduları tərəfindən fəth edilməsi oldu. Bu fəth əsrlərlə müharibə və sürgünlərə səhnə olan, həmçinin yeni inancların gəlməsi ilə hər dəfə faciə yaşayan Fələstinə sülh və hüzurun hakim olması mənasına gəlirdi. İslam hakimiyyəti Fələstində fərqli inancların bir arada yaşandığı çağın başlanğıcı oldu. Fələstin Peyğəmbərimizdən sonra ikinci xəlifə hz. Ömər tərəfindən fəth edilmişdir. Hz. Ömərin Qüdsə daxil olması, oradakı fərqli inanclara mərhəmət və nəzakət göstərməsi başlayan gözəl dövrün xəbərçisi idi. İngilis tarixçi və Orta Şərq üzrə tədqiqatçı Karen Armstronq “Müqəddəs müharibə” adlı kitabında hz. Ömərin Qüdsü fəth etməsindən belə bəhs edir:
“Xəlifə Ömər Qüdsdə ağ dəvəyə mindi. Şəhərin yunan hakimi rahib Sofroni də onunla idi. Xəlifə özünün ilk öncə Məbəd təpəsinə (dağılmış Süleyman məbədinin yerinə) aparılmasını xahiş etdi və ora çatdıqda dostu hz. Muhəmmədin gecə səfərinə (meraca) çıxdığı o yerdə əyilib dua etdi. Rahib bu səhnəni çox təəccüblə izləyirdi. “Son gün”lərin artıq yaxınlaşdığını zənn etmişdi. Daha sonra Xəlifə Ömər xristian məbədlərini görmək istədi və Müqəddəs Məzara (Holy Sepulchre) çatanda namaz vaxtı girdi. Rahib onu hörmətlə bu kilsədə namaz qılmağa dəvət etdi. Lakin Ömər bu təklifi qəbul etmədi və dedi ki, əgər bu kilsədə namaz qılsa, sonra bəzi müsəlmanlar bu hadisəni əbədiləşdirmək üçün Müqəddəs Məzar kilsəsini uçurub yerində məscid tikə bilərlər. Buna görə də xəlifə kilsədən çıxıb bir az irəlidə namaz qıldı. Necə ki, bu gün həmin yerdə- Müqəddəs Məzar kilsəsinin düz qarşısında Xəlifə Ömərin adına inşa edilən kiçik bir məscid mövcuddur. Xəlifə Ömərin adına başqa bir məscid isə Mədəd təpəsində tikildi. Xristianlar uçurulmuş Musəvi məbədinin yerləşdiyi bu yeri uzun illər idi ki, zibillik kimi istifadə edirdi. Xəlifə müsəlmanlara bu zibillərin təmizlənməsinə öz əlləri ilə kömək etdi və burda müsəlmanlar iki məbəd inşa etməklə İslamı dinimizin dünyadakı üçüncü müqəddəs şəhərinə yerləşdirmiş oldular”.22
Müsəlmanların Qüdsü fəth etməsi ilə şəhər üç dinin sülh içində yaşadığı güvənli bölgə oldu. Con L. Esposito bu mövzu ilə əlaqədar bunları yazır:
“Ərəb orduları 638-ci ildə Qüdsü işğal edəndə xristian aləminin məbəd baxımından önəmli həcc ziyarəti mərkəzini ələ keçirmiş oldular. Kilsələri və xristian nüfuzu heç narahat etmədilər. Xristian idarəçilərin uzun müddət izin vermədiyi musəvilərə Süleyman və Davudun şəhərinə geri dönmələrinə və ibadət etmələrinə şərait yaratdılar”.21
Hz. Ömər Qüdsə gəldikdə müsəlman ədalətinin göstəricisi olaraq Qüds patriarxı ilə aşağıdakı müqaviləni imzaladı:
“Bu, Allahın qulu və möminlərin əmiri Ömər tərəfindən İlya (Qüds) xalqına verilən amannamədir. Əmirəl-möminin xəstə və ya sağlam olsun, bütün xalqın mal və canlarının qorunacağına zəmanət verir. Eyni zamanda, ibadət yerlərinə, xaç və dinlərinə toxunulmazlığı təmin edir. Xalqa məxsus kilsələr dağıdılmayacaq və şəxsi evlərə də çevrilməyəcək. Əvvəlki haqları eynilə mühafizə ediləcək. Nə sahib olduğu şeylərə zərər veriləcək, nə də məzhəblərinə görə onlara təzyiq göstəriləcək. Onlardan heç kim heç bir şəkildə zərər görməyəcək. Allah, Peyğəmbəri, səhabələri və möminlər bu müqaviləyə şahidlik edirlər. İmza: Ömər bin Xəttab”.23
Qısası, müsəlmanlarla yanaşı, Qüdsə və bütün Fələstinə mədəniyyət gəldi. Bir-birinin müqəddəs dəyərlərinə hörmət etməyən və bir-birini ancaq fərqli inanclarından dolayı öldürən vəhşi və barbar inancların yerinə İslamın adil və tolerant mədəniyyəti hakim oldu. Hz. Ömərin fəthindən sonra Fələstində müsəlman, xristian və musəvilər əsrlər boyu sülh və hüzur içində yaşadılar. Müsəlmanlar heç kimi məcburən islamlaşdırmağa çalışmadılar. Lakin İslamın haqq din olduğunu görən bəzi qeyri-müsəlmanlar öz istəkləri ilə İslamı seçdilər. Fələstindəki sülh və hüzur müsəlmanların hakimiyyəti boyu davam etdi. Lakin 11-ci əsrin sonlarında bölgəyə xarici işğalçı qüvvələr girdi və Qüdsün mədəni torpaqlarını görünməmiş vəhşiliklə yağmaladı: Səlib ordusu...
Səlibçilərin Fələstindəki vəhşilikləri
Fələstində hər üç dinin mənsubları sülh və hüzur içində yaşadığı halda, Avropadakı xristianlar xaç yürüşü təşkil etməyə qərar verdilər. Papa II Urbanın 27 noyabr, 1095-ci ildə Klermont toplantısındakı çağırışı ilə “Müqəddəs torpaqları müsəlmanlardan xilas etmək” və əslində, Şərqin əfsanəvi zənginliyini ələ keçirmək adı altında yüz mindən çox adam Avropanın dörd tərəfindən Fələstinə doğru yola çıxdı. Uzun və yorucu səfərdə müsəlmanları yağmalayıb qətllər törətdilər və 1099-cu ildə Qüdsə çatdılar. Təxminən 5 həftə sürən uzun mühasirədən sonra şəhər gücünü itirdi və səlibçilər şəhərə girdi. Dünya tarixində bənzəri az görünən vəhşilik nümayiş etdirdilər. Daha əvvəl də vurğuladığımız kimi, şəhərdəki bütün müsəlman və musəviləri qılıncdan keçirib qətlə yetirdilər.
Fələstinin hz. Ömərdən bu yana davam edən sülh və hüzuru səlibçi vəhşiliyi ilə sona çatdı. Səlibçilər sevgi və mərhəmət dini olan xristianlığın bütün əxlaqi dəyərlərini çeynəyib terror törətdilər.
Səlahəddin Əyyubinin ədaləti
Barbar səlibçilər Qüdsü özlərinin paytaxt şəhərinə çevirdilər və sərhədləri Fələstindən Antakyaya qədər uzanan Latın krallığı qurdular. Lakin bu krallığın ömrü uzun sürmədi. Orta Şərqdəki bütün müsəlman əmirlikləri birləşdirən Səlahəddin Əyyubi 1187-ci ildə Hittin müharibəsində bütün səlibçi ordusunu darmadağın etdi. Savaşdan sonra səlibçi ordusunun iki komandiri Reynold Şatilon və Kral Qay, Səlahəddin Əyyubinin hüzuruna çıxarıldı. Səlahəddin Əyyubi müsəlmanlara qarşı qorxunc vəhşilikləri ilə məşhurlaşan Reynold Şatilonu edam etdi, lakin eyni cinayətləri törətməyən Kral Qayı sərbəst buraxdı. Bununla Fələstin torpaqları ədalətin nə olduğunu bir daha gördü.
Səlahəddin Əyyubi Hittin savaşından dərhal sonra (tam olaraq merac günü) Qüdsə girib 88 il səlibçilərin işğalı altında olan şəhəri qurtardı. Səlibçilər Qüdsü işğal edəndə bütün müsəlmanları qətl etmişdilər və buna görə də eyni şeyi Səlahəddin Əyyubinin onlara edəcəyini qorxu ilə gözləyirdilər. Halbuki Əyyubi şəhərdəki xristianların heç birinə toxunmadı. Bundan başqa, yalnız Latın (katolik) xristianların şəhəri tərk etmələrini əmr etdi; “səlibçi” kimliyinə sahib olmayan ortodokslar isə şəhərdə yaşayıb istədikləri kimi ibadət etməyə davam etdilər.
İngilis tarixçi Karen Armstronq müsəlmanların bu ikinci Qüds fəthindən bunları yazır:
“2 oktyabr, 1187-ci ildə Səlahəddin və ordusu Qüdsə fatehlər kimi girdi. Gələcək 800 il boyu şəhər müsəlman bölgəsi olacaqdı... Səlahəddin (qətliam törətməmək barədə) öncədən xristianlara verdiyi sözün üstündə durdu və şəhəri islami prinsiplər əsasında aldı. Quranda əmr edildiyi kimi, şiddətdən uzaq durdu və 1099-cu ildəki qətliamın qisasını almadı. Tək bir xristian öldürülmədi və heç bir qarətçilik olmadı. Əsirləri buraxmaq üçün istənilən fidyələr isə cüzilik təşkil etdi.
Quranda əmr edildiyi kimi, əsirlərin çoxunu isə fidyə almadan azad etdi... Səlahəddinin qardaşı Əl-Adil minə qədər əsirin özünün xidmətinə verilməsini istədi və sonra hamısını (acınacaqlı durumda olduqlarını gördüyü üçün) qarşılıqsız sərbəst buraxdı... Şəhərdəki zəngin xristianlar dəyərli əşyalarını yükləyib şəhərdən getdilər. Halbuki əllərindəki pullar şəhərdəki bütün əsirlərin fidyəsini artığı ilə ödəməyə bəs edirdi. Rahib Heraklius hər kəs kimi 10 dinarlıq fidyəsini ödədi və sonra şəhəri xəzinələrlə dolu arabalarla tərk etdi”.24
Qısası, Səlahəddin Əyyubi və tabeliyindəki müsəlmanlar xristianlara qarşı son dərəcə ədalətli və mərhəmətli davranmış, hətta onlara öz başçılarından çox mərhəmət göstərmişdilər. Təkcə xristianlar deyil, musəvilər də müsəlmanların Qüdsü fəth etməsi ilə hüzur və güvənliyə qovuşmuşdular. Qüdsün fəthindən sonra şəhəri ziyarət edən məşhur ispan musəvi şairi Yuda Əl-Xarizi bir əsərində duyğularını belə qələmə alır:
“Tanrı müqəddəs məkanın Esavın oğullarının əlində qalmamasına qərar verdi və İsmayıl oğullarının şahzadəsi, təmkinli və cəsur Səlahəddinin ruhunu xəbərdar etdi. O da ordusu ilə Yerusəlimi zəbt etdi və bütün Əfraim oğullarını qəbul edəcəyini bildirdi. İndi sülhün hüzurunda yaşayırıq...”25
Qüdsdən sonra Fələstinin digər şəhərlərində də səlibçilərin vəhşiliyi və müsəlmanların ədaləti davam etdi. İngilis tarixində böyük qəhrəman kimi tanınan Aslanürəkli Riçard (Richard the Lionheart) 1191-ci ildə Aqra qalasında aralarında çoxlu qadın və uşağın olduğu 3000 müsəlmanın boyunlarını vurub alçaqcasına qətl etmişdi. Müsəlmanlar bu vəhşiliyə şahid olsalar da, heç bir zaman eyni üsula əl atmadılar. Allahın “Ey iman gətirənlər, bir camaata qarşı olan kin-küdurət sizi təcavüz etməyə sövq etməsin” (Maidə surəsi, 2) hökmü gərəyi heç bir zaman məsum camaata qarşı şiddət tətbiq etmədilər. Məğlub etdikləri səlibçi ordularına qarşı belə gərəksiz şiddət göstərmədilər.
Səlibçilərin vəhşiliyi və sonra gələn müsəlman ədaləti tarixi həqiqəti bir daha göstərirdi: islami prinsiplər əsasında qurulan hakimiyyət fərqli inancların bir arada və sülh içində yaşamasına imkan verirdi. Bu həqiqət Səlahəddin Əyyubidən sonra 7 əsr boyu, xüsusilə Osmanlı dövründə də sübut edildi.
Allah qullarına şəfqətlidir. (Ali-İmran surəsi, 30)