İslam insanların həyat və düşüncə azadlığını təmin edir və buna zəmanət verir. İslam insanlar arasındakı gərginliyi, anlaşılmazlığı, bir-biri haqqında zənni belə yasaqlayan əmrlər gətirmişdir. İslam terrora qarşı çıxdığı kimi, insanlara fikri yöndən də təzyiq göstərməyi qadağan edir və bunu yolverilməz sayır.
Dində məcburiyyət yoxdur. Şübhəsiz, doğruluq azğınlıqdan aydın fərqlənir. (Bəqərə, 256)
Öyüd-nəsihət ver. Sən ancaq öyüd verənsən! Sən onların üzərində hakim deyilsən! (Ğaşiyə, 21-22)
İnsanların hər hansı dinə inanmağa və ya o dinin ibadətlərini yerinə yetirməyə məcbur edilməsi İslama ziddir. Çünki İslamda səmimi iman etmək azad iradə yolu ilə mümkündür. Əlbəttə, müsəlmanlar bir-birini Quran əxlaqına təşviq edə bilərlər. Quran əxlaqının insanlara ən gözəl tərzdə təbliğ olunması bütün iman gətirənlərin üzərinə düşən məsuliyyətdir. İman gətirənlər “İnsanları hikmətlə, gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət et. (Nəhl, 125)” ayəsinə əsasən dinin gözəlliklərini izah edər və “İnsanları doğru yola yönəltmək sənin borcun deyildir. Allah kimi istərsə, onu doğru yola istiqamətləndirər. (Bəqərə, 272)” ayəsinə uyğun davranarlar. Onlar əsla məcbur etməz və insanlara maddi-mənəvi təzyiq göstərməzlər. Həmçinin dünyəvi imtiyazlardan istifadə edib insanları dini yaşamağa yönləndirməzlər. Təbliğ etdiyi insanlar inkar etdikdə: “Sizin öz dininiz var, mənim də öz dinim! (Kafirun, 6)” -deyə cavab verərlər.
Müsəlmanlar qarşıdakı şəxsin inancından asılı olmayaraq, ədalətli və insanpərvər davranmağa borcludurlar. İman edənlərin vəzifəsi insanları Allahın dininə gözəllik və xeyirxahlıqla dəvət etməkdir. İman gətirib-gətirməmək qarşı tərəfə aiddir. Bir adamı iman gətirməyə məcbur etmək, bəzi şeyləri zorla qəbul etdirməyə çalışmaq Quran əxlaqına uyğun deyil. Necə ki, Allah Quranda iman gətirənlərə belə xatırladır:
Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?! (Yunis, 99)
İnsanları ibadət etməyə məcbur etmək İslama tamamilə ziddir. Çünki inanc və ibadət yalnız Allaha yönəldikdə və insanın öz seçimi ilə olduqda dəyərli olur. Əgər bir sistem insanları inanc və ibadətə məcbur edirsə, bu halda, insanlar o sistemdən qorxduqları üçün dindar olurlar. İslam əxlaqına uyğun olan insanların dini sərbəst şəkildə yaşamağıdır.
İslam tarixi bütün dinlərə hörmətlə yanaşan və fikir azadlığını təmin edən müsəlman liderlərin nəcib əməlləri ilə zəngindir. Məsələn, Hindistan hökumətində işləyən ingilis missioneri Tomas Arnold İslamın azadlıqsevər xüsusiyyətini belə etiraf edir:
“... Nə qeyri-müsəlmanları qanunsuz olaraq müsəlman olmağa məcbur etməyə, nə də xristianlığı aradan qaldırmaq üçün zülm edilməyinə dair bir şey eşidilmişdir. Əgər xəlifələr bu ikisindən birinə izn vermiş olsaydılar, Ferdinand və İzabellanın İslamı İspaniyadan silib atdığı, XIV Luisin Fransada protestantlığı bir cinayət səbəbi saydırdığı və yəhudilərin 350 il ərzində İngiltərəyə ayaq basmağa imkan verilmədiyi kimi asanlıqla xristianlığı ölkələrindən çıxarıb ata bilərdilər. Asiyadakı Şərq kilsəsi xristian dünyasının digər bütün bölgələri ilə müştərək dini fəaliyyətdən üz çevirdiyindən özünü dinsiz cəmiyyətlərdən sayan xristian dünyasının adıçəkilən qisimlərinə kömək üçün heç bir təşəbbüs də edilə bilməzdi. Beləcə, Şərq kilsələrinin günümüzə qədər varlığını davam etdirməsi Muhəmmədi (səv) təqib edən hakimiyyətlərin xristianlar qarşısında üstün idarəetmə sərgilədiyinin güclü dəlillərindən biridir”.