Din adına ortaya çıxdığını bildirən insanların bir qismi o dini səhv anlamış və səhv tətbiq etmiş ola bilər. Bu səbəblə, həmin insanlara baxaraq o din haqqında fikir söyləmək yanlışdır. Bir dini tanımağın ən doğru yolu onun müqəddəs qaynağını araşdırmaqdır. İslamın müqəddəs mənbəyi Qurandır. Quran əxlaqı sevgi, şəfqət, ədalət, təvazökarlıq, fədakarlıq və sülh anlayışlarına əsaslanır. Bu əxlaqı həqiqi mənada yaşayan müsəlman son dərəcə kübar, dərin düşüncəli, təvazökar, ədalətli və hərtərəfli şəkildə kamil insandır. Ətrafındakılara da rahatlıq və sevinc bəxş edir. Bu həqiqətə baxmayaraq, Quran və İslamiyyət son dövrlərdə qorxu kəlməsi ilə birgə anılmağa başlamış və islamofobiya yayılmışdır. Halbuki qorxunun qaynağı İslam deyil, xurafat dinidir. İslam adına ortaya çıxan radikallar və onlardan qorxan islamofoblar eyni səhvi edirlər. Heç biri gerçək İslamın sevgisiz və nifrət dolu xurafat dini ilə əlaqəsinin olmadığını anlamamışlar. Odur ki, İslamın Qurandakı həqiqi mənasından bəhs etmək və terrorla İslamı birləşdirməyə çalışanların səhv etdiyinin ortaya qoymaq böyük əhəmiyyət kəsb edir.
İslamın sülh dini olduğunu demək kifayətdirmi?
Bir tərəfdən İslamın sevgi dini olduğunu deyib, digər tərəfdən namaz qılmayanın, oruc tutmayanın, hətta saqqalını kəsənin öldürülməsini əmr edən qaynaqların mövcudluğu həm ziddiyyətli və həm də ciddi təhlükədir. İslamın qadınlara dəyər verdiyindən bəhs edənlərin “qadınlar nə desə, tərsini edin”, “qadınlar əskikdir”, “cəhənnəmin çoxu qadınlarla doludur” kimi saxta hədislərin əsassız olduğunu qəbul etməməsi böyük problemdir. İslama sonradan daxil edilən və Quranla ziddiyyət təşkil edən nifrət və şiddət dolu ifadələrin hamısı ortadan qaldırılmadan İslamın sülh dini olduğunu demək kifayət etməz.
Qurana görə, əlbəttə, müsəlmanlar sevgi dolu və mərhəmətli olmalıdır və heç kimin bir başqasına təzyiq göstərməyə haqqı yoxdur. Lakin məsələ İslam aləminin bir qisminin Qurana deyil, bir neçə batil adətlərə və xurafatlara əsasən davranmasıdır. Dolayısilə, yuxarıda yalnız bir-iki nümunəsini verdiyimiz xürafələr tamamilə təmizlənmədikcə və müsəlmanlar Qurana yönəlmədikcə İslam adından şiddət tətbiq edənlərin önünü kəsmək mümkün olmayacaq.
Sənəti, elm və texnologiyanı müsəlmanlara qadağan edən xurafat məntiqini İslam kimi tanıdıb müsəlmanları əzilməyə məhkum edənlərin təsirini ortadan qaldırmağın tək yolu təhsildir.
Müasir Qərb təhsili, şübhəsiz ki, lazımlıdır. Lakin Qərbdə təlim-tərbiyə gördüyü halda Şərqə və Afrikaya gedib terrorçu qruplara qatılan insanların sayı da az deyil. Bu halda, bu sualın cavabı verilməlidir: hər mövzuda yaxşı yetişmiş gəncləri terrora razı salmaq necə mümkün olur?
Diqqətlə araşdırıldığında bu problemin təməlində istər Qərbdə, istərsə də İslam dünyasında çox rast gəlinən və şiddəti məşru edən təlimlərin olduğu görünər. Qərb təhsilinin təməlindəki darvinist düşüncədən qaynaqlanan mənfi ünsürlər hər kəsə məlumdur. Lakin bu kitabda müəyyən şeylərdən növbəti səhifələrdə bəhs edəcəyik.
Burda diqqət edilməsi gərəkən odur ki, bəzi şiə və sünni qaynaqlarının şiddəti təşviq etməsi görməzlikdən gəlinir və gənclərə din öyrədilərkən öncəliklə bu qaynaqlar əsasa alınır. Quranda nə yazıldığını belə bilməyən, bildiklərini isə bu xurafatçı düşüncənin izahları yönündə öyrənən nəsil şiddətə asanlıqla yönəlir. Dolayısilə, terrorun səbəbi ilahi din deyil, xurafat məntiqi ilə qarışdırılmış darvinist təlim-tərbiyədir. Terrorun qəti həlli xurafatdan uzaq və Qurana əsaslanan İslamın anladılmasıdır.