Amerika filmlərində həmişə Amerika əsgərləri qazanır. Bu filmlərdə ən çətin əməliyyatlar həyata keçirilir, müvəffəqiyyət qazanılır və əsirlər xilas edilir. Daima Amerikanın üstünlüyü vurğulanır. Bəs  gerçək dünyada da belədirmi?

Tarixi araşdırsaq, həqiqətlərin filmlərdə göstərilənlərlə çox da uyğunluq təşkil etmədiyini görərik. Məsələn, “Qartal caynağı” adlı əməliyyat bunlardan biridir. 1980-ci ilin aprel ayında ABŞ ordusunun İran səfirliyində əsir tutulan 52 vətəndaşını qurtarmaq üçün keçirdiyi əməliyyat anidən çıxan qum fırtınası ucbatından pozulmuşdur. Əməliyyat aparılan təyyarə gəmisi “USS Nimitz”ə geri dönməyə hazırlaşarkən yanacaq doldurma əsnasında baş verən qəzada bir C-130 Hercules təyyarəsi və bir Amerika vertolyotu partlamışdır. Nəticədə, Amerika ordusu 2 hərbi və 1 nəqliyyat təyyarəsini, 8 əsgərini itirmişdir. Bununla da əməliyyatı başa çatdırmadan geri çəkilməyə məcbur olmuşdur.  Başqa bir nümunə isə Somalidə yaşanmışdır. 1994-cü ildə ABŞ əsgərlərinin general Uilyam Qarrisonun komandanlığında keçirdiyi əməliyyat tam fiaskoya uğramış və Moqadişuda baş verən toqquşmada 24 Pakistan və 19 ABŞ əsgəri ölmüşdür. Amerikanın hərbi tarixi bu ikisi qədər məşhur olmasa da, bir çox müvəffəqiyyətsiz xilasetmə əməliyyatı ilə doludur. Bunlardan biri də dekabr ayında Yəməndə Abva bölgəsində yaşandı. Amerikan komandolarının Yəməndə xilasetmə əməliyyatında 2 əsir, həmçinin 33 yaşlı fotomüxbir L.Somers (Luke Somers) və cənubi afrikalı müəllim P.Korki (Pierre Korkie) militanlar tərəfindən vurularaq öldürüldü. Bununla yanaşı, əməliyyatda bir Əl-Qaidə lideri, bir qadın və uşaq, həmçinin bir neçə militan həyatını itirdi. Əməliyyatla bağlı açıqlamada ABŞ müdafiə naziri Çak Hegel hadisənin xilasetmə əməliyyatı zamanı baş verdiyini təsdiqlədi. Somers və Korki bir ildən çox idi ki, Yəməndə əsir saxlanılırdı.

ABŞ Yəməndə 2002-ci ildən bəri insansız hava yolları ilə əməliyyatlar həyata keçirirdi. Həmin bu əməliyyatlarda bor çox mülki şəxslərin ölümü ilə nəticələnən müvəffəqiyyətsizlik yaşanmışdı.  Son olaraq Yəmənin Rada şəhərində Əl-Qaidəyə məxsus hədəflərə qarşı hava hücumlarında 13 mülki şəxs həyatını itirmiş, 20 nəfər isə yaralanmışdı.  Bəs həmin ölkələrin terror fəaliyyətlərini durdura bilmədiyi və xarici qüvvələrin müdaxiləsinin günahsız insanların ölümünə yol açdığı durumda nə edilməlidir?

Təkrar qeyd etmək lazımdır ki, öncəliklə, İslam adından istifadə edib şiddət tətbiq edən terror təşkilatlarına qarşı fikri metodlarla mübarizə aparılmalı və təşkilat mənsublarının yanlış düşüncələri açığa çıxarılmalıdır.  Bütün fikir öndərləri və siyasətçilər Qurana görə müsəlmanların insanları İslam əxlaqına təzyiq və şiddətlə deyil, yalnız gözəl sözlə dəvət etməsinin fərz olduğunu tez-tez dilə gətirməlidirlər. Bu şəxslərin doğru yola çağırılması ancaq İslam əxlaqında inanc azadlığının olduğunu anlatmaqla mümkündür. İstər şiə, istərsə də sünni olsun, bütün müsəlmanlara şiddətin haqqa dəvət etmək üsulu olmadığı və bunun İslama tamamilə zidd olduğu anladılmalıdır. Həmçinin İslam əxlaqının terror əməlləri ilə müdafiə olunmadığı, əksinə, bunun İslam düşmənlərinin sayını artırdığı və müsəlmanlara daha çox zərər verdiyi izah olunmalıdır. Bununla yanaşı, məktəblərdə terror təşkilatlarının ideologiyasını hədəf alan dərslər keçirilməli, kitab və yazılar oxudulmalı, konfrans və  toplantılar təşkil olunmalıdır.  Ancaq bu şəkildə terrorizm yer üzündən yox edilə bilər. Belə bir üsul terror bataqlığının tam qurudulmasına vasitə olar.

Bu gün Orta Asiyadan Qafqaza, Afrikadan Balkan yarımadasına və Avropadan ta ABŞ-a qədər geniş bir coğrafiyada radikal təşkilatlara rast gəlmək mümkündür.  Radikalizmin bu qədər fərqli mədəniyyət və coğrafiyada yerləşib tərəfdar toplamasının tək səbəbi isə din mövzusunda məlumatı olmayan və hadisələrə ağıllı deyil, emosional yanaşan insanlara verilən təlim  və təlqin metodlarıdır. İnternet və sosial media kimi əlaqə vasitələri radikal təşkilatların ən çox istifadə etdiyi təbliğat yollarıdır. Dolayısilə, radikalizmə qarşı hərbi müdaxilələrdən fərqli üsul düşünməyin vacib olduğu artıq göz qabağındadır. Qərbin ən populyar düşüncə və strategiya quruluşları, siyasi müşavirləri fərqli hərbi strategiyalardan başqa vasitəyə əl atmadılar. Daha doğrusu, kütləvi qətliamlardan başqa hər hansı  həll yolu ağıllarına belə gəlmədi. Radikalizm kimi sosial olayların inkişafındakı inanc və ideologiya faktorunu görməzlikdən gəldilər.

Qurana tamamilə zidd olan ənənəvi qaynaqlardakı saxta hədis və hökmlərə, şərh və ictihadlara, həmçinin xürafələrə əsaslanan yanlış İslam anlayışından törəyən terror, şiddət və cinayətlərin sona çatdırılmasının tək yolu Qurana əsaslanan gerçək İslamın bütün İslam aləminə ən gözəl üslubda anladılması, yanlış inancların Quran işığında düzəldilməsidir. Bütün müsəlmanlar Qurana uyğun olmayan sərt və mübahisəçi üslubdan tamamilə uzaq durmalı, bunun əvəzinə, Allahın Quranda təsvir etdiyi yumşaq və sakit üslubu mənimsəməlidir. Müsəlmanlar təvazökarlığı ilə bütün dünyaya örnək olmalı, insanları özlərinə, dolayısilə, İslam əxlaqına heyran etməlidirlər. Yalnızca bunda deyil, elm, mədəniyyət, sənət, estetika kimi sahələrdə də İslamı həm gözəl şəkli ilə yaşamalı, həm də dünyaya İslam əxlaqını tanıtmalıdırlar.