İslamda necə düşmən ola bilər? İslam dini bütün insanların bərabər və qardaş olmasının tərəfdarıdır. İslama görə, insan rəngi, dili, dini, irqi, vətəni və sosial durumu nə olursa-olsun, öncəliklə, sırf ruha sahib olduğu üçün hörmətə layiqdir. Bütün haqq dinlərin bildirdiyi şəkildə, insanlar hz. Adəmin övladları olaraq qardaşdırlar. Bu qardaşlıq dindar olmağın zərurətidir.
İslam irq üstünlüyünə əsaslanan, insanları inkişaf etmiş və ibtidai olaraq siniflərə ayıran bütün faşist ideologiyalara, materialist və darvinist düşüncələrə qarşıdır. Dolayısilə, bu azğın ideologiyaların bərabərində gətirdiyi münaqişə və savaş anlayışları İslamda yoxdur, tam əksinə, İslam bunlara qarşı elmi mübarizə aparır. İslamın hər kəsin hörmətə layiq olduğunu göstərən qanunları, eyni zamanda, insanlar arasındakı hər cür əlaqənin də əsasını təşkil edir. Yanlış əxlaqlı şəxs də İslama görə daima potensial yaxşılığa yönələcək insandır. Dolayısilə, həqiqi müsəlmanın özünə kimi isə düşmən etməsi mümkün deyil. Hər müsəlman başqalarına qarşı şəfqətlə davranmalı və gözəl əxlaqı yaymağa çalışmalıdır.
Quran ayələrində insanlara xitabən heç bir ayrı seçkilik edilmədən “Adəm oğulları” ifadəsindən istifadə olunması insanların bərabər yaradıldığını göstərir:
Biz, Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün elədik. (İsra surəsi, 70)
Yuxarıda xülasə şəkildə qeyd etdiyimiz kimi, heç bir əsas olmadığı halda İslamın savaş dini adlandırılması yalnız xurafatçıların yanlış əməllərindən qaynaqlanır. Bir qisim insanlar İslamla əlaqədar həqiqətləri bilmədiklərinə və yalnız radikalların hərəkətlərinə şahid olduqlarına görə İslam haqqında yanlış fikrə düşürlər. Halbuki İslam dini və İslam şəriəti Quran ayələri üzərinə qurulmuşdur. Uydurma hədis və xürafələrə əsaslanan başqa qaynaqların həqiqi müsəlman üçün əhəmiyyəti yoxdur. Bəs elə isə müsəlmanlar savaşmaq istəyərlərmi?