Dünya tarix boyu zalımlıqdan öz payını aldı...
Məsələn, Hülaku xan bir həftə davam edən Bağdad hücumu zamanı təxminən 200 000 müsəlmanı qətl etdi və Bağdadda yüz illik tarixi miras tamamilə yox oldu. Vikinqlər isə zalımlıqları ilə tarixə istədiklərini zor və şiddət gücünə alan qövm kimi keçdilər. Dövrümüzdə də oxşar nümunələr davam edir. Məsələn, Suriyada rejim öz xalqını hədəf alıb, Şərqi Türkistanda, Kəşmirdə və İraqda tam mənası ilə qırğın yaşanır. Qısası, dünya sözlə deyilməsi çətin olan şiddət hadisələrinə şahidlik etdi və bu, hələ də davam edir.
Tarix boyu başqalarına görə daha çox hədəf alınan cəmiyyətlər də vardır. Məsələn, musəvilər kimi. Əziyyətləri oğlan uşaqlarını öldürüb qızlarını sağ buraxan Firon dövründə başladı. Musəvilərə qarşı təzyiqlər qədimdə assurilərin və babillilərin zamanında və musəviləri öldürüb məbədlərini, şəhərlərini dağıdan romalılar dövründə də davam etdi. Musəviləri orta əsrlərdə də hədəf aldılar. Onlara qarşı ayrı-seçkilik edildi və getdikləri hər yerdə təqib olundular. Bu zülm altı milyon musəvinin nasistlər tərəfindən qətl edildiyi yaxın dövrlərə kimi davam etdi. Bu işgəncə hələ də davam edir.
Avropada antisemitizm ictimaiyyətdə xoş olmayan ifadələr və daha da pisi qəddar hücumlar şəklində davam edir. İş yerlərinin və avtomobillərinin yandırılması, “yəhudilər qaz otaqlarına”, “yəhudilərə ölüm” kimi şüarlarla yüzlərlə insanın etiraz yürüşləri, sinaqoqlara atəş açılması və molotov kokteyli atılması bunlardan yalnız bir neçəsidir. Yaxın vaxtlarda Fransada bir yəhudi cütlüyün evlərində vəhşi hücuma məruz qaldığı Kretey olayı hələ də yaddaşlardadır. 2006-cı ildə Fransada bir gəncin qaçırılıb həftələrlə işgəncə edildikdən sonra çılpaq halda atıldığı və yaraları səbəbindən öldüyü də hələ unudulmayıb.
Antisemitizmə şahidlik edən tək ölkə Fransa deyil. Argentinadan Tunisə, İrlandiyadan İspaniyaya qədər bir çox ölkə musəvi topluluqlarını hədəf almış durumdadırlar. Musəvilər İsrailə böyük dəstəyi ilə tanınan ABŞ-da belə kimliyini və dini ibadətlərini gizlətmək məcburiyyətindədirlər. Nyu-Yorkda musəvi təkkəsi qoyduğu üçün səbəbsiz yerə dörd nəfərin hücumuna məruz qalan bir gənc, bir neçə qızın şüşə atdığı və pis yəhudi dediyi 12 yaşlı musəvi qız, Kaliforniyada hücumdan qabaq: “Hayl Hitler”, -deyə qışqıran beş nəfərin hücumuna məruz qalan bir musəvi də ABŞ-dakı hadisələrə nümunədir.
Orta Şərq isə antisemitizmin ən pis nümunələrinə başçılıq edir. Xüsusilə Qəzza-İsrail savaşından sonra musəvilərə qarşı nifrət yaş və cinsə baxmadan artmağa davam etdi. Bəs yaxşı, bəzi adamlar yəhudilərə nifrət etməyi niyə haqlı görür?
Keçmişdə bəziləri “Sion müdriklərinin protokolları” (The Protocols of the Elders of Zion) kimi məşhur antisemit təbliğat səbəbindən onları yaşadıqları cəmiyyətdən təcrid etdiyini düşündüyü yəhudilərdən nifrət etdilər. Bu həssaslıq daha sonra qan iftirası və musəvilərin şeytanın vücud halı olduğu qorxunc yalanlarla qızışdı. Bu gün İsrail və Fələstin arasındakı münaqişə gücünü həmin bu musəvi nifrətindən alır və bundan çox vaxt küçələrdəki müsəvilərə qarşı şiddəti məşrulaşdırmaq üçün istifadə olunur. Əlbəttə, cəmiyyətdəki siyasi rəhbərlər və fərdlər xəta edə bilərlər. Lakin bir neçə nəfərin hərəkətinə əsaslanıb bütün topluluğu günahlandırmaq Quran əxlaqına uyğun deyil. Musəvilər sakitliyi və təvazökarlığı ilə tanınırlar. Gündəlik ibadətləri ilə məşğul olan sakit təbiətli insanlardır. Belə sakit və çəkingən insanların tarix boyu əzablara düçar olması çox təəccüblüdür.
İsrailin yürütdüyü siyasətə etiraz etdikdə bütün cəmiyyətə qarşı gəlmədən mülki mövqedən çıxış etmək lazımdır. Allah müsəlmanları belə hərəkətlərdən çəkindirir. Quranda belə buyurulur:
Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 5)
Hər topluluqdan və hər millətdən pis insanların çıxması adi haldır. Müsəlman cəmiyyətlərinin içində saysız qatil, yalançı, günahkar və əxlaqsız insanlar olduğu kimi, musəvilərin də içində uyğunsuz hərəkətlərə yol verənlərin mövcudluğu normal haldır. Bununla yanaşı, bir şəxsin əməllərindən dolayı bütün topluluğa antipatiya bəsləmək çox məntiqsiz və mənasız işdir. Ən əhəmiyyətlisi isə bu, Qurana tamam ziddir.
Qurana əsasən, musəvilər kitab əhlidir. Onlar qorunmalı, hörmət və sevgi ilə qarşılanmalıdır. Allah bir çox ayədə musəviləri sədaqət və dindar olduqlarına görə tərifləyir. Doğrusu, musəvilər Musa peyğəmbərə sədaqətlərindən ötrü müsəlmanlara gözəl örnək təşkil edirlər.
Bu həqiqətlər onu göstərir ki, İslamiyyətdə və musəvilikdə belə bir anlaşılmazlığa səbəb olacaq heç bir əsas yoxdur. Hər kəs Allahın dünyanı sevgi üçün yaratdığını və düşmənlik bəsləməyin Allahın diləyinə zidd olduğunu anlayarsa, dünyaya qardaşlıq və sülh hakim olar.