Allah insanlara pislikdən çəkinməyi əmr etmiş, zülmü, əzab-əziyyəti, qəddarlığı, öldürməyi, qan tökməyi qadağan etmişdir. Quranın bu mövzudakı ayələrindən bəziləri belədir:
Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri qırıb dağıdanlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti gözləyir. (Rəd, 25)
Allahın verdiyi ruzidən yeyin-için, amma yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin. (Bəqərə, 60)
Yer üzü düzəldikdən sonra orada fəsad törətməyin. Allaha həm qorxu, həm də istəklə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır. (Əraf, 56)
Fitnə-fəsadla, günahsız insanları öldürməklə müvəffəqiyyət qazanacaqlarını zənn edənlər yanılırlar. Çünki Allah həm də terror və amansızlıq anlamına gələn hər cür fitnə-fəsadı yasaqlamış, bunlara yol verənləri lənətləmişdir.
Ancaq bu gün də dünyanın hər tərəfində terror hadisələri yaşanır, günahsız insanlar vəhşicəsinə öldürülürlər. Bir-birindən fərqli keçmişə, mədəniyyətə və ictimai quruluşa malik olan ölkələrdə meydana gələn qanlı hadisələrin özünəməxsus səbəbləri ola bilər. Lakin əsl səbəbin Qurandan uzaqlaşmağın olduğu açıq-aydındır.
Dinsizliyin nəticəsi olaraq Allah qorxusu olmayan, axirətdə hesab verməyə inanmayıb: “heç kimə hesab verməyəcəm ki”, -deyə düşünən, hər cür əxlaqsızlığı və vicdansızlığı edən kütlələr yaranır. Allah və din adından ortaya çıxan və günah işlər görən ikiüzlü insanların varlığına Quranda da işarə edilmişdir. Bəzi insanların Allah adına ortaya çıxması və Allaha and içib onları dindar göstərəcək kəlmələrdən istifadə etməsi o insanların heç də dindar olduğunu göstərmir. Əksinə, belələri Allah rizasına və din əxlaqına tamamilə zidd işlər görə bilərlər. Bu məsələdə əsas meyar onların əməllərinin mahiyyətidir. Əgər onların gördüyü işlər ayədə də bildirildiyi kimi, yer üzündə fitnə-fəsad törətmək və əsla yaxşı iş görməməkdirsə, bilin ki, o adamlar həqiqi dindar ola bilməz və onların məqsədi də dinə xidmət etmək deyil. Qəlbində Allah qorxusu olan və həqiqi İslam əxlaqını anlayan şəxs qətiyyən fitnəkar ola bilməz. Buna görə də terror probleminin həqiqi həll yolu real İslamdır. Quran əxlaqı xürafələrdən təmizlənmiş şəkildə təbliğ olunarsa, insanlar savaşı və fitnə-fəsadı hədəf alan qruplara dəstək verməzlər. Allah Quranda fitnə-fəsadı qadağan etmişdir:
(O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli məhv etməyə çalışar. Halbuki Allah fitnə-fəsadı sevməz! Ona: “Allahdan qorx!” - deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir! (Bəqərə, 205-206)
Allahdan qorxan adam dövlət və millətinə, ümumiyyətlə, bütün bəşəriyyətə ən kiçik zərərin belə toxunmasına göz yummaz. Allaha və axirət gününə inanmayan şəxs isə kimsəyə hesab verməyəcəyini zənn edərək hər cür pisliyi asanlıqla edə bilir. Bu gün də davam edən terror bəlasından qurtulmaq üçün ilk atılmalı addım dinsizliyin və din adı altında ortaya atılmış səhv anlayışların təlim vasitəsilə aradan qaldırılması və insanlara Allah qorxusunun və həqiqi Quran əxlaqının aşılanmasıdır.