Peyğəmbərimiz yazılı olaraq Mədinə dövlətinin ilk qanunlarını təşkil edən Mədinə vəsiqəsi ilə fərqli irq, din və qəbilələrdən ibarət bir şəhər topluluğuna Ərəbistan yarımadasında daha əvvəl heç görülməmiş demokratik və sülhsevər quruluşu gətirmişdir.

Həmin qanuna görə, Mədinədəki bütün topluluqlar sülh içində bir yerdə yaşayacaqlar. Həm yaşayışlarını öz din və inancları əsasında quracaqlar, həm də qanunlarını tətbiq edəcək gücə malik olacaqlar.

Mədinə vəsiqəsi bundan təxminən 1400 il əvvəl, 622-ci ildə fərqli inanclara sahib xalqların tələblərinə cavab vermək üzrə hz. Muhəmmədin öndərliyində qələmə alındı və yazılı hüquqi müqavilə kimi həyata keçdi. Bunun nəticəsində də 120 il boyu bir-birinə qarşı düşmən olan fərqli din və irqlərə malik topluluqlar bu anlaşma əsasında yaşadılar. Hz.  Muhəmməd bu müqavilə ilə hər fürsətdə bir-birinə hücum edən və heç cür uzlaşmayan topluluqların bir arada rahat yaşaya biləcəyini göstərdi.

Mədinə müqaviləsinə görə, hər kəs heç bir təzyiq olmadan  istədiyi dini, inancı, siyasi və ya fəlsəfi seçimi etməkdə sərbəstdir. Öz düşüncələrinə malik insanlarla topluluq qura bilər. Öz hüququnu tətbiq etməkdə azaddır. Lakin cinayətə yol verən şəxs heç kim tərəfindən qorunmayacaq. Müqaviləyə tabe olan qruplar bir-birinə yardım edib hz. Muhəmmədin himayəsində olacaqlar. Qarşılıqlı tərəflər arasındakı anlaşılmazlıqlar Allahın Rəsuluna çatdırılacaq. Necə ki, müşriklər də ən ədalətli şəxs kimi Peyğəmbərimizin hakimliyini daima tərcih etmişlər.

Peyğəmbərimizin hazırlatdığı bu müqavilə mərhələli şəkildə 622-ci ildən 632-ci ilə qədər tətbiq olunmuşdur. Bu vəsiqə ilə qan və qohumluq əlaqələrinə əsaslanan qəbilə quruluşu ortadan qalxmış, coğrafi, mədəni və etnik  mənşəyi tamamilə fərqli insanlar bir araya gəlib birlik qurmuşlar. Mədinə vəsiqəsində çox geniş din və inanc azadlığı təmin edilmişdir. Bu azadlığı ifadə edən maddələrdən biri belədir:

 “Bəni-Əvf musəviləri möminlərlə bərabər eyni ümmətdirlər. Musəvilərin dini özlərinə, müsəlmanların dini də özlərinə aiddir”. (türkcə mənbə: M.Həmidullah, İslam müəssisələrinə giriş, səh. 128)

Mədinə vəsiqəsi 47 maddədən ibarətdir. Maddələrin 1-23 arası müsəlmanlarla, 24-47 arası isə Mədinədəki musəvi qəbilələri ilə əlaqədardır. Say etibarilə az da olsa, xristian ünsüründən bəhs edilməsi fərqli din mənsublarının marağı yönündən əhəmiyyətlidir. Pr. Leonard Suidlerin “Plüralizm perspektivində Mədinə vəsiqəsinin yenidən qiymətləndirilməsi” adlı hesabatında həmin müqavilə ilə əlaqədar diqqət çəkən şərhlər bu şəkildədir:

“Vəsiqə hz. Peyğəmbərin şəhəri birləşdirmə və xalqa açıq elan edilən hüquq ətrafında toplama cəhdlərini göstərməyi baxımından önəmli sənəddir. Bu hüquqa görə, hər bir fərd bərabər haqlara, din seçmə azadlığına və müsəlmanlarla birlikdə savaşa qatılıb-qatılmama sərbəstliyinə sahibdir. Lakin hər bir halda şəhərin düşmənləri ilə müqavilə bağlamaq qadağan idi ki, bu da Mədinə qruplarının bir-birinə olan möhkəm bağlılığını təsis etmə səyini göstərir. Bu siyasi və dini mətn bərabərlik və azadlıq dəyərləri ətrafında yeni topluluq qurmaq məqsədi güdürdü. Vəsiqədə də vurğulandığı kimi, hüququn hər bir fərd üzərindəki üstünlüyü dialoq və bərabər yaşamaq mühitinin qurulması məqsədinə çatmaq üçün atılan təməl addım idi. Vəsiqədəki maddələr ümumi mənada Mədinədəki hər bir fərdin şəhərin qorunmasında məsuliyyətinin bərabərliyini də göstərir. Buna əlavə olaraq, əxlaqi xarakterini ortaya qoyan maddələrdəki paralel ifadələrin də çoxluğunu görürük. Sonda isə şəhərdəki müxtəlif qrupların adlarının maddələrdə tək-tək qeyd olunduğunu düşündüyümüzdə vəsiqənin, dolayısilə, hz. Peyğəmbərin şəhərin bu qruplarını leqal topluluqlar olaraq qəbul etdiyini və onları diqqətə adlığını görə bilərik”. (türkcə mənbə: M.Xoduri, İslamda savaş və sülh, səh. 209-210)

Mədinə vəsiqəsi müsəlmanların və müşriklərin haqq və hüquqlarını qoruduğunu göstərir, Mədinənin müdafiəsində onların da müsəlmanlarla birlikdə hərəkət etməyini istəyir.  Müşriklərə qarşı belə bir münasibət isə heç də təəccüblü deyil. Çünki Qurana görə, müsəlmanlar müqavilə bağladığı müşrikləri öz canları bahasına qorumaqla vəzifəlidirlər. (Bu mövzu haqqında növbəti səhifələrdə məlumat veriləcək)

Nəticə olaraq, həmin vəsiqənin birlik və bərabərliyi, sülh və dostluğu özündə əks etdirən əhəmiyyətli tarixi sənəd kimi qəbul edildiyi bir həqiqətdir. Peyğəmbərimizin sevgi və sülh anlayışı Qurana uyğundur, lakin hazırda belə müsəlman topluluğu görmək çox çətindir. Bu vəziyyət tarixin ilk ən demokratik qanununun Peyğəmbərimiz tərəfindən yazılıb tətbiq edildiyinin dəlillərindəndir.  

Dolayısilə, saytın bundan sonrakı hissələrini bu məlumatlar əsasında dəyərləndirmək lazımdır. Müşrikləri qorumağı əmr edən və kitab əhlinin (musəvi və xristianların) müsəlmanlar üçün xüsusi yeri olduğunu göstərən Qurani-kərimin nəsihətləri və Qurana görə daima sülh və demokratiyanı hədəf alan hz. Muhəmmədin tətbiqləri xurafatçıların əməllərindən tamamilə fərqlidir.  Onlar müntəzəm olaraq Quranda savaşa dəlil tapmağa çalışarkən, Quran daima sülhə çağırır. Dolayısilə, mövzu ilə əlaqədar savaş ayələrinin açıqlandığı zaman bu önəmli gerçək mütləq yadda saxlanmalıdır.