Quranda savaşın nə zaman və necə edildiyi açıq-aydındır:

Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir. (Bəqərə surəsi, 190)

Müharibə ancaq müsəlmanlara qarşı savaşanlarla aparılmalıdır, yəni müdafiə məqsədli olmalıdır. Müsəlmanların qarşı tərəfə səbəbsiz yerə hücum etməsi  Quranda qəti qadağan edilmişdir. Allahın Qurandakı əmrlərindən biri də odur ki, müsəlmanlar hər hansı bir haqsızlıqdan dolayı bir topluluğa qəzəblənsələr belə, onlara qarşı ədalətli davranmalıdır. Bir ayədə belə xəbər verilir:

Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Maidə surəsi, 8)

Məsələn, Allah bir ayədə müsəlmanların Kəbəyə girişini əngəlləyən topluluqlara qarşı yaxşılıq etməyi nəsihət etmişdir:

Sizi Məscidül-harama daxil olmağa qoymayan camaata qarşı olan kin-küdurət sizi təcavüz etməyə sövq etməsin. Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. (Maidə surəsi, 2)

Həcc ibadətləri əngəllənən və haqsızlıq görən müsəlmanlar həddi aşmaq mövzusunda uca Rəbbimiz tərəfindən xəbərdar edilirlər. Allah müsəlmanlara bu şərtlərdə belə ədalətlə davranmağı, yaxşılıq etməyi əmr edir. Müsəlman bütün şərtlər daxilində Qurandakı hökmə tabe olmalıdır.

Quranda savaşdan bəhs edilən ayədə başqa şərt də vardır: həddi aşmamaq. Bunun mənası hücum zamanı müsəlmanın yalnız özünü qoruması, həddi aşmaması və müdafiənin xaricində hər hansı bir hərəkətə yol verməməsidir. Yəni Quranda hücum, vəhşilik, şiddət və həddi aşmaq qadağan edilmişdir. Yalnız və yalnız hücum edənlərə qarşı müdafiə məcburiyyəti başqa ayələrdə belə bildirilmişdir:

Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir. Allah sizə ancaq sizinlə din uğrunda vuruşan, sizi diyarınızdan qovub çıxardan və çıxarılmanıza kömək edən kimsələrlə dostluq etmənizi qadağan edir. (Mümtəhinə surəsi, 8-9)

Burda diqqətli olmaq lazımdır. Müsəlmanlara fikrən qarşı olduğu halda onlara hücum edib həddi aşmayanlarla vuruşmaq haramdır. Müsəlman onlara qarşı hörmətcil və ədalətli davranmalıdır. Yuxarıdakı ayəyə görə, müsəlmanlara inancları üzündən zülm edən və onlara feili olaraq hücum edən, yəni savaşa qalxan tərəfin hücumuna qarşı müdafiə izni verilmişdir. Əlbəttə, hər insan hücum edilərsə, özünü qoruyar. Bu, hər kəsin, hər millətin və hər dövlətin haqqıdır.

Peyğəmbərimizin savaş izni verilən ayə nazil olana qədər heç bir şəkildə müdafiə olunmaması böyük fədakarlıq və dindarlıqdır.  O vaxta qədər “onlarla ən gözəl tərzdə mübahisə et” (Nəhl surəsi, 125) ayəsinin hökmünə əsasən, Peyğəmbərimiz yalnız uzlaşdırıcı üslubdan istifadə edirdi. Bütpərəst qüreyşlilərin məqsədlərinin ancaq qətliam törətmək olduğuna baxmayaraq...

 Bunu açıqladıqdan sonra xurafatçıların və İslam əleyhdarlarının İslamın adından istifadə edib vəhşiliyə dəlil gətirməyə çalışdığı Quran ayələrinin hamısını araşdırıb bu mövzudakı yanlışlıqları bir-bir ortaya çıxaracağıq.

Bu ayələri araşdırmadan öncə Quranda açıqlanan bütün savaşların o bölgədəki müəyyən topluluğa qarşı müəyyən şərtlərdə aparıldığının ayələrdə açıqlandığını hamı bilməlidir. Bu, özləri ilə müqavilə bağlanan müşrik topluluqdur. Dolayısilə, bu savaşların hamısı həmin topluluğun qarşılıqlı sülh və dostluq müqavilələrini pozaraq etdiyi hücumları, hal və hərəkətləri əsasında formalaşmışdır. Nazil olan ayələr tam olaraq o dövrkü durumla əlaqəli olub həmin dövrü təsvir edir. Bu həqiqətin daha yaxşı anlaşılması üçün o dövrün müşrikləri və bağlanan müqavilələr haqqında məlumat verək:

Müqavilə bağlanmış müşriklərin vəziyyəti

Tarixin ilk çoxsaylı və ən demokratik qanunu: Mədinə vəsiqəsi