Terrorun səbəblərindən biri də fərqliliklərə gözəllik kimi baxılmamasıdır. Yaşadığımız dövrdə dünyanın hər tərəfində insanlar öz irqlərinə və ya dərilərinin rənginə görə ədalətsiz rəftar görürlər. Lakin Quranda fərqli xalq və qəbilələrin yaradılmasının hikmətlərindən biri insanların bir-birini tanımasının vacibliyi şəklində izah olunur. Fərqli millətlər və ya qəbilələr bir-birini tanımalı, yəni bir-birinin mədəniyyətini, dilini və adətlərini öyrənməlidir. Müxtəlif irq və millətlərin mövcudluğunun məqsədi münaqişə və savaşlar deyil, mənəvi  zənginlikdir. Bu müxtəliflik Allahın yaratmasındakı gözəllikdir. Bir insanın uzun, digərinin qısa boylu olması, birinin dərisinin ağ, digərinin sarı olması insana hər hansı bir üstünlük gətirmədiyi kimi, əskiklik kimi də xarakterizə edilə bilməz. Bunların hər biri Allahın təqdiri ilə və  böyük hikmətlə yaradılmışdır. Ancaq bu müxtəlifliyin Allah üçün heç bir əhəmiyyəti yoxdur. İman gətirən şəxs yaxşı bilir ki, yeganə üstünlük təqva ilə, yəni Allah qorxusu və Allaha olan iman ilədir. Allah “Hücurat” surəsində bu həqiqəti belə bildirir:

Ey iman gətirənlər! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınız, pis əməllərdən ən çox çəkinəninizdir. (Hücurat, 13)

            Allahın tövsiyə etdiyi ədalət anlayışı heç bir ayrı-seçkiliyə yol vermədən bütün insanlara qarşı xoş davranmağı labüd edir. Misal olaraq bir insanın ədalətli qərar verməsinə və ağıllı davranmasına mane olan ünsürlərdən biri başqa şəxsə və ya cəmiyyətə olan kinidir.

Kin və qəzəbin hakim olduğu cəmiyyətlərdə hər kəs qarşısındakı insandan tezliklə pislik görəcəyini düşünür. Bir-birinə güvənməməyin nəticəsində yardımlaşmaq və mərhəmət göstərmək kimi insani xüsusiyyətləri itirir və digərlərindən nifrət etməyə başlayırlar. Lakin iman gətirən şəxsin bir cəmiyyətə və ya insana qarşı duyğuları onun verdiyi qərarlara qətiyyən təsir etmir. Möminlər qarşıdakı adam əxlaqsız olub düşmənçilik etsə də, qərar vermək lazım gəldikdə duyğularını kənara qoyub ədalətli davranar və ədaləti tövsiyə edərlər. O adama olan hissləri ağıllarının və vicdanlarının önünə keçməz. Vicdanı ona hər zaman Allahın əmr və tövsiyələrinə tabe olmağı, gözəl əxlaqdan əsla vaz keçməməyi bildirər. Çünki bu, Allahın iman gətirənlərə Quranda göndərdiyi əmrdir. “Maidə” surəsində bu şəkildə bildirilir:

Ey iman gətirənlər! Allah qarşısında sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (Maidə, 8)

Ayədə də bildirildiyi kimi, Quran əxlaqı müsəlmandan ədalətli olmağı tələb edir. İman gətirən şəxs bilir ki, ancaq Allahın rizasını axtararsa, Allah ondan razı olar. Bundan başqa, onun gözəl əxlaqına şahid olan hər insan bu adama güvənər, onun yanında rahat olar və hər cür vəzifəni arxayınlıqla ona verər. Allahdan qorxan, mənəvi dəyərlərə əhəmiyyət verən və millətinə, vətəninə xidmətdə şövqlü olan şəxs cəmiyyətə faydalı olar. Bu səbəbdən, insanların gerçək dini öyrənib Quran  əxlaqını yaşamağı çox önəmlidir.