Allah insanlara asanlıq, rahatlıq və xoşbəxtlik diləyir. Allah qullarına zülm etməz. Allahın əmri olan din insanlara keyfiyyətli, güvənli, həmçinin hüzur və xoşbəxtlik dolu həyatın necə yaşandığını göstərir. Dində məcburiyyət yoxdur. Bir insan Allahın varlığını və birliyini ağıl və vicdanla görüb iman edər. Din könüldən qəbul edilər.

Allah Quranda azadlığı, sevgini, ədaləti və fikirlərin sərbəst deyildiyi mühiti təsvir edir.  Bütün bunlar demokratiyanın xülasəsidir və bunun əsl qaynağı Qurandır. Sosial ədalət və bərabərlik axtaran bunun ən gözəlini İslamda tapar.

1-SOSİAL ƏDALƏT: uca Allah sosial ədaləti və paylaşmağı əmr edir

Gerçək demokratiyada sosial ədalət təməl özəllikdir. İnsanlar sosial ədaləti hz. İbrahimdən və hz. Nuhdan öyrənmişdir. Dini qaynaqlara görə, hz. Nuh tufandan sonra gəmi quruya çatanda çox az qalan noxud, mərcimək, üzüm və əncir kimi   yeməli şeylərin hamısını qarışdırıb bişirmişdir. Sonra gəmidə olan hər kəslə birlikdə hazırladığı yeməyi yemişdir. Bu, ən gözəl sosial ədalət nümunələrindən biridir. Çünki hər kəsə bərabərliyi və yardımlaşmağı öyrədir, insanlara yemək paylamağın əhəmiyyətini xatırladır.

“Elçilərimiz  İbrahimə  müjdə gətirdilər və: “Salam!”– dedilər. O da: “Salam!”– dedi və dərhal  qızardılmış bir buzov gətirdi” (Hud surəsi, 69) ayəsində də xəbər verildiyi kimi, hz. İbrahim qonaqlar gələndə tez  buzovu kəsib bişirmiş və onların önünə qoymuşdur. Uca Allah hz. İbrahimin heç tanımadığı şəxsləri qonaq etməsini gözəl davranış kimi göstərmişdir. Bundan başqa, mümkün qədər kasıblara da yemək verməyin əhəmiyyətini hikmətli nümunə ilə bildirməklə sosial ədalətə diqqət çəkmişdir.

2-BƏRABƏRLİK: uca Allah Quranda irqlərin üstünlük təşkil etmədiyini bildirir

Uca Allah bir Quran ayəsində üstünlüyün təqva ilə olduğunu bildirmişdir. Ayədə belə buyurulur:

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hücurat surəsi, 13)

Bu həqiqəti Peyğəmbərimiz (səv) belə açıqlamışdır:

Ey insanlar Hamınız Adəmin övladlarısınız. Adəm isə torpaqdan yaradılmışdır. İnsanlar irqi ilə öyünməyi mütləq tərk etməlidir. (Sünəni-Əbu Davud, 4/331)

Peyğəmbərimiz (səv) vida xütbəsində də müsəlmanlara belə səslənmişdir:

“Soylarla öyünmək olmaz. Ərəblər ərəb olduqlarına görə əcəmlərdən, əcəmlər də əcəm olduqlarına görə ərəblərdən üstün deyil. Çünki Allah qatında ən uca olanınız Ona qarşı çıxmaqdan ən çox qorxanınızdır (ən təqvalı olanınızdır).

3-ƏDALƏT: uca Allah ədaləti əmr edir

Allah Quranda möminlərə belə buyurur:

Allah şahidləri kimi ədaləti qoruyun. Varlı və ya kasıb olmasından asılı olmayaraq, Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! (Nisa surəsi, 135)

Peyğəmbərimiz hz. Muhəmmədin həm müsəlmanlar arasında verdiyi hökmləri, həm digər din, dil və irqdən olanlara qarşı ədalətli və şəfqətli davranışı və həm də Allahın ayəsində bildirdiyi kimi varlı-kasıb fərqi qoymadan hamıya bərabər şəkildə davranmağı demokratiya anlayışına gözəl nümunə təşkil edir.

 

Demokratiya Allahın əmr etdiyi əxlaq anlayışının yaşanması ilə olur

Göründüyü kimi, İslamda düşüncə, inanc və ifadə azadlığı vardır. Bəzi insanlar demokratiyanın insanlıq tarixinə qədim Yunanıstanla girdiyini düşünürlər. Halbuki insanlara demokratiyanı öyrədən Allahdır. Hz. Adəmdən bu yana bütün peyğəmbərlər azadlığın və fikirlərə hörmətin gerçək təmsilçiləri olmuşlar. Demokratiya deyildikdə insanların ağlına gələn ədalət, hörmət, fikir azadlığı kimi anlayışların hamısı din əxlaqında mövcuddur. İnsanlar bunları tarix boyu Allahın endirdiyi haqq dinlər vasitəsilə öyrənmişlər və ən gözəl nümunələrinə haqq dinlərin yaşandığı zamanlarda şahid olmuşlar. İnsanlara düşüncələrindən dolayı zülm edildiyi, fərqli ideologiyalara sahib olanların əzildiyi, fərqli din mənsublarının alçaldığı, elm və incəsənətin öldüyü və s. kimi dövrlərə baxdığımızda isə ya dinsiz və ateist ideologiyaların, ya da dini dəyişdirib radikal düşüncə ilə açıqlayanların təsirlərini görürük. Haqq din Allahın əmr etdiyi formada yaşanarsa, insanların arzuladığı gerçək ədalət və sevgi hər yerə hakim olar. Allahın izni ilə yaxın zamanda demokratiya,  sevgi, dostluq və sülh tarixdə bərabəri görünməmiş şəkildə bütün dünyaya hakim olacaq; insanlar imanın sevincini doyunca yaşayacaqlar.  Ayələrin verdiyi işarələrdən, Peyğəmbərimizin (səv) hədislərindən və böyük İslam alimlərinin sözlərindən açıq şəkildə göründüyü kimi, yaşadığımız dövr axırzamandır.

Axırzamanın əziyyətli və çətin günləri hz. İsa və hz. Mehdinin vasitəsilə bu əsrdə sona çatacaq, dünya yeni aydınlıq dövrünə girəcək. Allahın varlığını və birliyini ən gözəl və hikmətli şəkildə anlatmaq və insanlara Qurandakı və Əsri-səadət dövründəki İslamı anlatmaq isə yaxın gələcəkdə qovuşacağımız aydınlıq dolu günlər üçün çox önəmli zəmin hazırlayacaq.

Onlar cahiliyyə  hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər? (Maidə surəsi, 50)