Bura qədər araşdırdığımız həqiqətlər göstərir ki, günahsız insanlara qarşı terror törətmək din əxlaqına tamamilə ziddir. Heç bir müsəlman belə günah işi görməz. Əksinə, müsəlman bu günah işi görən insanları durdurmaqla yer üzündəki fitnə-fəsadı aradan qaldırmağa və bütün insanlara təhlükəsizlik və dinclik gətirməyə borcludur və buna görə məsuliyyət daşıyır. Müsəlmanlıq terrorla bir yerdə təsəvvür oluna bilməz, əksinə, İslam terror qarşısındakı ən böyük maneə və onun çarəsidir.

Xristian, yəhudi və ya İslam terroru ola bilməz. Necə ki, bəhs edilən terroru həyata keçirən adamların quruluşuna baxarkən bu terrorun dini deyil, sosial məsələ olduğu ortaya çıxır.

 

Səlibçilər - öz dinlərini ayaqlayan barbarlar

Bir dinin və ya başqa bir fikir sisteminin həqiqi mesajı bəzən onun sözdə tərəfdarları tərəfindən tamamilə “oğurlana” bilər. Xristian tarixinin qaranlıq  dövrünü təşkil edən səlibçilər bunun yaxşı nümunəsidir.

Səlibçilər XI əsrin sonunda müqəddəs torpaqları (Fələstin ətrafını) fəth etmək məqsədi ilə Avropadan yola düşən avropalı xristianlar idi. Sözdə dini  məqsədlə yola çıxmışdılar, amma getdikləri hər yerə vəhşilik və qorxu aparmışdılar. Saytın irəlidəki hissələrində ətraflı şəkildə görəcəyimiz kimi, mülki əhalini kütləvi halda qətliama məruz qoydular, həddindən artıq kənd və şəhəri talan etdilər. Səlibçilər müsəlman, yəhudi və ortodoksal xristianların İslam idarəçiliyi altında rahatlıq və əmin-amanlıq içində yaşadığı Qüdsü fəth etdikləri zaman isə böyük qətliam həyata keçirdilər. Bütün müsəlman və yəhudiləri vəhşicəsinə öldürdülər. Bir tarixçinin ifadəsi ilə desək, ələ keçirdikləri bütün ərəb və türkləri öldürdülər..., kişi və ya qadın bilmədən hamısını qətlə yetirdilər.15 Səlib yürüşlərinin iştirakçılarından biri olan Raymund of Aquiles bu vəhşiliyi “fəxrlə” belə qeyd edirdi:

“Görməyə dəyən maraqlı səhnələr baş verdi. Adamlarımızın bəziləri -hələ bunlar ən mərhəmətliləri idi- düşmənlərinin başlarını kəsirdilər. Digərləri onları oxla vurub yerə sərirdilər. Bəziləri isə onları diri-diri odun içinə ataraq daha uzun müddət davam edən işgəncələrə məruz qoyurdular. Şəhərin küçələri kəsilmiş başlarla, əllər və ayaqlarla dolu idi. Elə bir vəziyyət yaranmışdı ki, küçədə bunlara dəyib yıxılmadan yerimək çox çətin idi. Ancaq bütün bunlar Süleyman məbədindəkilərin yanında heç nə sayılırdı. Orada nə olduğu ilə maraqlanırsınız? Əgər sizə həqiqəti desəm, inanmağa çətinlik çəkərsiniz. Heç olmasa, bunu deyim ki, Süleyman məbədində axan qanın hündürlüyü adamlarımızın dizindən yuxarı idi”.16

Səlibçilərin ordusu Qüdsdə iki gün içində təxminən 40 min müsəlmanı yuxarıda bildirilən üsullarla vəhşicəsinə öldürdü.17

Xaçlılar o qədər barbar idi ki, IV səlib yürüşü zamanı onlar öz dindaşlarının şəhəri olan İstanbulu talan etdilər, kilsələrdəki qızılları söküb yağmalamaqdan belə çəkinmədilər. Əlbəttə ki, bütün bu barbarlıq xristianlığın siyasi doktrinasına zidd idi. Çünki xristianlıq İncildə bildirilən ifadə ilə desək, əslində,  sevgi mesajıdır. Matta İncilində hz. İsanın öz tələbələrinə: “Düşmənlərinizi sevin, sizə zülm edənlər üçün dua edin”, - dediyi yazılmışdır (“Matta”, 5/44). Luka İncilində isə hz. İsanın: “Bir üzünə şillə vurana digər üzünü çevir”, - dediyi bildirilir (“Luka”, 6/29). Əhdi-cədidin heç bir yerində qarşıdurmanı qanuniləşdirən hökm yoxdur, günahsız insanların qətlə yetirilməsi isə güman belə edilə bilməz. “Məsumların qətliamı” anlayışı İncildə zalım yəhudi şahı Herodun körpə yaşdakı hz. İsanı məhv etmək cəhdi olaraq təqdim edilir.

Yaxşı, bəs xristianlıq qarşıdurmaya və gərginliyə əsla yer verməyən bir sevgi dini ikən xristian xaçlılar necə olub ki, tarixin ən böyük vəhşiliklərini törətmişdir? Bunun ən böyük səbəbi xaçlıların cahil insanlardan təşkil olunmasıdır. Öz dinləri haqqında heç bir şey bilməyən, İncili heç oxumamış, hətta bəlkə, görməmiş, xristianlığın əxlaqi normalarından xəbərsiz olan kütlələr səhv  yola sürüklənmişdilər. Din adı ilə ortaya çıxan bir qrup “Allah bunu istəyir”  şüarı ilə iftira atıb cahil kütlələri barbarlığa sürükləmişdi. Onlar dinin qəti olaraq yasaqladığı əməlləri bu cür saxtakar üsulla geniş xalq kütlələrinə tətbiq etmişdilər.

O dövrdə mədəni cəhətdən daha irəlidə və yüksək səviyyədə olan şərq xristianlarının, məsələn, bizanslıların səlibçilərdən daha çox insanpərvər olduğuna diqqət etmək lazım gəlir. Səlibçilər gəlməmişdən əvvəl də, onlar getdikdən sonra da ortodoks xristianları müsəlmanlarla sakit şəraitdə ortaq  həyat sürmüşdülər. BBC televiziyasının şərhçisi Terri Consun sözlərinə görə, səlibçilərin Orta Şərqdən çıxması ilə mədəni həyat təkrar başlamış və üç dinin mənsubları yenə Qüdsdə birlikdə yaşamağa başlamışdılar.18 

Səlib yürüşləri nümunəsi ümumi bir qanunauyğunluğu göstərir: bir fikrin ardıcılları əgər mədəniyyətdən uzaq, ideya baxımından az inkişaf etmiş cahil insanlardırsa, o zaman onların təcavüzkarlığa meyli çox yüksək olur. Bu, dindən kənar ideologiyalara da aiddir. Dünyadakı bütün kommunistlərin ən vəhşisi və qana susayanı Kambocada ortaya çıxan qırmızı kxmerlər olmuşdur. Çünki onlar kommunistlərin ən cahilləridir. Cahil insanlar qarşıdurma tərəfdarı olan bir fikri dəlilik dərəcəsinə gətirdikləri kimi, düşmənçiliyə qarşı olan fikrə, məsələn, dinə də düşmənçilik qata bilər. İslam dünyasında da bunun nümunələri yaşanmışdır və hələ də yaşanmağa davam edir.

Din adından terror törədənlərin içi üzünü tam anlamaq üçün Peyğəmbərimizin dövründəki bədəvi xarakterinə də mütləq baxmaq lazımdır.

 

Qurana görə bədəvi xarakteri

Peyğəmbərimizin (səv) dövründə Ərəbistanda iki əsas sosial zümrə var idi: şəhər əhalisi və bədəvilər. O dövrün şərtlərinə görə, Ərəbistan şəhərlərində olduqca inkişaf etmiş mədəniyyət hakim idi. Ticarət əlaqələri bu şəhərləri xarici dünyaya bağlayır və bu, şəhərli ərəblərin təcrübəsini artırırdı. Onlar geyim mədəniyyətinə sahib idilər, ədəbiyyatdan, xüsusilə də şeirlərdən xoşları gəlirdi. Bədəvilər isə çöldə yaşayan köçəri qəbilələr olaraq çox geridə qalmışdılar. Sənət və ədəbiyyatdan tamamilə xəbərsiz olan bədəvilər səhranın sərt şərtləri daxilində kobud xarakterə sahib olmuşdular.

İslam Ərəbistan yarımadasının ən əhəmiyyətli şəhəri olan Məkkədə doğuldu və inkişaf etdi. Amma İslam yayıldıqca Ərəbistanın bütün qəbilələri onu mərhələli şəkildə qəbul etdilər. Onların arasında bədəvilər də var idi. Amma bədəvilərlə əlaqəli olan bir problem də var idi: onların intellektual və mədəni səviyyəsi İslamın dərinliyini anlamaq üçün çox aşağı idi. Bir Quran ayəsində onların vəziyyəti belə açıqlanır:

Bədəvilər küfr və nifaq baxımından daha pis və Allahın öz Peyğəmbərinə nazil etdiyi hökmləri bilməməyə daha layiqdirlər. Allah biləndir və hikmət sahibidir! (Tövbə, 97)

Bədəvilər, yəni inkar və nifaq baxımından daha pis olub sərhəd tanımağa uyğun olan sosial qruplar Peyğəmbərimizin (səv) dövründə İslam dünyasına daxil oldular. Ancaq sonrakı dövrlərdə İslam dünyasında problem çıxarmağa başladılar. Bədəvilər arasında inkişaf edən “xaricilər” adlı məzhəb bunun bir nümunəsi idi. İslamın özü və Quran əxlaqının genişliyi mövzusunda heç bir anlayışa sahib olmayan xaricilər bir neçə Quran ayəsini öz həqiqi mənasından tamamilə sapındıraraq özlərindən olmayan bütün müsəlmanlara qarşı savaşa qalxdılar. Daha sonra terror əməlləri törətdilər. Peyğəmbərimizin (səv) ən yaxın səhabələrindən biri olan və Peyğəmbərimiz (səv) tərəfindən “elm şəhərinin qapısı” olaraq təsvir edilən hz. Əli bir xarici tərəfindən hazırlanan sui-qəsd nəticəsində bıçaqla şəhid edildi. Başqa sözlə, səlibçilər xristianlığı öz həqiqi mənasından tamamilə sapındıraraq onu vəhşilik təlimi kimi qələmə verdikləri kimi, İslam dünyasında ortaya çıxan bir sıra azğın qruplar da İslamı səhv izah edərək qarşıdurma yaratdılar. Onların hər ikisinin ortaq cəhəti Qurandakı ifadə ilə desək, bədəvi, yəni cahil, mədəniyyətsiz, öz içinə qapanıb qalmış, sərt və kobud təbiətli insanlar olmaları idi. Onların törətdikləri vəhşilik mənsub olduqlarını iddia etdikləri dinin deyil, cahilliyin nəticəsi idi. Öz dinlərinin əsl qaynağını belə bilmir, xürafə inanclar əsasında hərəkət edirlər.

Bədəvi xüsusiyyətinin yalnız o dövrə xas olduğunu düşünmək çox xətalıdır. Dövrümüzdə də belə insanlar vardır.  Özlərindən, yaxud çevrələrindən başqasını bəyənməyən, hətta başqa dindən olanlara qarşı vəhşilik etməyi öz dininin gərəyi kimi göstərməyə çalışan bu insanların çoxlu yanlış məntiqi vardır. Təkfir etmək və qisas almaq buna nümunədir.

    Mənbə
  • 15 Geste Francorum, or the Deeds of the Franks and the Other Pilgrims to Jerusalem, trans. Rosalind Hill, London, 1962, s. 91
  • 16 August C. Krey, The First Crusade: The Accounts of Eye-Witnesses and Participants, Pinceton & London, 1921, s. 261
  • 17 August C. Krey, The First Crusade: The Accounts of Eye-Witnesses and Participants, Pinceton & London, 1921, s. 262
  • 18 Alan Ereira, David Wallace, Crusades: Terry Johns Tell the Dramatic Story of Battle for Holy Land, BBC World Wide Ltd., 1995.
  •